Rəsmi dairələrin Birinci Türkoloji Qurultaya münasibətinin açıq və gizli tərəfləri

 

1926-cı ildə cağırılmış I Beynəlxalq Türkoloji Qurultay türk xalqları tarixində ilkmisli olmayan bir hadisə idi. Qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdə geniş tərkibdə nümayəndə heyətləri iştirak etmişdilər. Burada türkologiyaya ən geniş baxışlar nümayiş etdirilmişdir. Qurultayın latın əlifbasına keçidlə bağlı olan qərarı xüsusi qeyd olunmalıdır.

Azərbaycan dilinin yazısı problemi demək olar ki, bütün savadlı ziyalıları düşündürən elmi-praktik məsələ idi. M.Kaşqaridən üzü bəri özbək Ə.Nəvaidən, azərbaycanlı M.Füzulidən, türk Münif Paşadan başlamış türk dilinin tədrisi ilə məşğul olanların hamısı ərəb əlifbasının türk dilinə yaramadığını göstərmişlər. XIX əsrdə M.F.Axundzadə bu məsələni bütün Qafqaz, İran və Türkiyə miqyasına çıxarıb böyük bir hərəkata çevirmişdı. Bu hərəkat öz ardınca M.Şahtaxtlı, M.Mahmudbəyov, S.Vəlibəyov, N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və onlarca başqa ziyalıları da aparırdı. Lakin yeni əlifba ideyası çoxlarının şüuruna hakim kəsilsə də, bu dövlət səviyyəsinə qaldırılmadığı üçün səmərəsiz qalırdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan cəmi 1 il 8 ay sonra XKS tərəfindən bu məsələnin müzakirəsi edilib dövlət səviyyəsində həll olunmasına qərar verildi. Rəsmi dairələr üzdə bu qurultayı dəstəkləsə də, gizli olaraq ona mane olmaqqurultay iştirakçılarını izləmək yolu tutmuşdular. Bunun isə çox acı nəticələri oldu.

Rəsmi dairələrin açıq münasibəti məlum olsa da, həmişə alqışlarla qarşılansa da, bunun gizli tərəflərinin də olduğu çoxlarına məlum deyildi. Buna görə də bir sıra məsələlərin aydınlaşdırılması və ya bir çox suallara cavab verilməsi çətin idi. Belə ki, nə üçün yeni əlifba ideyasını ilk dəfə olaraq qaldıran, bu yolda uzun mübarizə aparan Azərbaycan yeni-latın əlifbasına demək olar ki, başqa respublikalardan sonra (1930-cu ildə) keçdi? Nə üçün qurultayın qətnaməsinə görə hər iki ildən bir beynəlxalq türkoloji qurultay çağrılmalı idi? Bəs nə üçün çağrılmadı? Nə üçün 2 nəfərdən başqa (çünki onlar 1930-1931-ci illərdə öz əcəlləri ilə ölmüşdülər) qurultayın bütün iştirakçıları repressiya qurbanı oldus.?

Rəsmi dairələrin açıq münasibətinə gəldikdə isə, bu ideya Azərbaycanda meydana gəldiyi üçün N.Nərimanov, S.Ağamalıoğlu, Q.Musabəyov və başqa rəsmi şəxslər yeni əlifba ideyasını və qurultay çağırılması məsələsini alqışlayırdılar. Hələ 1922-ci il avqustun 21-də S.Ağamalıoğlu Leninlə görüşəndə ona xalqımızın yeni əlifbaya keçmək arzusunu bildirmişdi. Lenin bundan sevinmişdi ki, Şərq xalqları Quran əlifbasından uzaqlaşır. Deməli, onlara inqilabi doktrinanı qəbul etdirmək üçün asan yol açılır. Buna görə də həmin işi alqışlamış və “Şərqdə böyük inqilab” adlandırmışdı. Bundan ruhlanan Azərbaycan rəhbərliyi (Azərbaycan XKS) 1921-ci ilin dekabrında yeni əlifbaya keçmək haqqında qərar qəbul etdi. 1922-ci il yanvarın 6-da F.Ağazadənin sədrliyi ilə komissiya yaradıldı. 1922-ci ilin aprelində Yeni Türk Əlifbası Komitəsi təşkil edildi. Sonra bu komitənin sədri S.Ağamalıoğlu oldu.

Qurultayın açılışında SSRİ MİK sədri Q.Musabəyov təbrik nitqi söylədi. ÜK(b)P MK-ya Stalinə təbrik teleqramları göndərildi və s. Moskva istisna olmaqla bir sıra təşkilatlar qurultay iştirakçılarını təbrik etdi. Hətta S.Ağamalıoğlu 2 il əvvəl ölmüş Leninin xatirəsini yad etdi, amma vəfatının ili tamam olmamış, yeni əlifba və qurultay ideyasının böyük himayəçisi Nəriman Nərimanovun adını da çəkmədi. Bu fakt haradasa gizli tərəflərdən xəbər verirdi.

Rəsmi dairələrin gizli münasibətinə gəlincə isə, Azərbaycan K(b)P MİK rəyasət heyətinin 1926-cı il 25 yanvar iclasında (protokol ¹ 9) qurultayın çağırılma tarixi ilə yanaşı, onun gedişinin bütün detalları müəyyənləşdirilmişdir. Burada Azərbaycandan qurultayda iştirak edəcək nümayəndələrin siyahısında S.Ağamalıoğlunun adı da yoxdur. Burada göstərilirdi ki, bütün məsələlər MK ilə razılaşdırılsın. Qərarda nümayəndələrin 120 nəfər olması qeyd edilir. Bu iclasdan 2 gün sonra AK(b)P MK katibi Ə.Qarayev Moskvaya Stalinə yazmışdı ki, Bakıda Türkoloji Qurultay çağırılacaqdır. Sizin direktivlərinizi gözləyirik. Ondan üç həftə əvvəl isə türklərin bir araya gəlməsini istəməyən, lakin buna mane olmaq iqtidarında olmayan AK(b)P MK-nın birinci katibi Levon İsayeviç Mirzoyan RK(b)P Rostov vilayət komitəsinin birinci katibi, öz həmməsləki, daşnak qardaşı Anastas İvanoviç Mikoyana məktub göndərərək onunla məsləhətləşir və mümkünsə onu qurultayda iştirak etməyə çağırırdı.

Ə.Qarayevin 1926-cı il 27 yanvar tarixli məktubuna cavab olaraq Tbilisidən 1926-cı il fevralın 19-da yazırdılar.

1. Kommunistlərə tapşırılsın ki, onlar elə xətt aparsınlar ki, “Qurultay yalnız latın əlifbasına keçmək imkanları ilə məhdudlaşdırılsın və latın əlifbasına tezliklə keçmək haqqında qərar qəbul etməsin”.

2. Qurultay özündən sonra daimi fəaliyyət göstərən orqan yaratmamalıdır.

3. Qurultayı keçirmək üçün aşağıdakı tərkibdə komissiya təklif edilir. Sədr: Orconikidze, Üzvlər: Ağamalıoğlu, Pavloviç, Naqoviçin və AK(b)P nümayəndəsi.

4. Zaqkraykomdan (Zaqafqaziya ölkə komitəsindən) xahiş edilsin ki, komissiyanın tərkibinin tamamlanması və dəyişməsi haqqında MK katibi Stalinə məlumat versin.

Artıq bu sənəd Moskvanın türk xalqlarının mədəni inkişafına münasibətini əyani şəkildə göstərir. Qurultaydan bir gün əvvəl - fevralın 21-də ÜİK(b)P MK-nın təklif etdiyi komissiya (S.Ağamalıoğlu, R.Axundov, M.D.Hüseynov, Ə.Qarayev, L.Mirzoyan, Noqoviçin, Pavloviç) təşkil edilmişdir. M.C.Bağırov, H.Cəbiyev, Y.Qasımov, C.Qorxmazov (Dağıstan XKS sədri), Məmmədzadə və Y.Musabəyov tərəfindən isə qurultayın gündəliyi təsdiq olunmuşdu.

I Türkoloji Qurultayda həm ÜİK(b)P MK-nın, həm Zaqafqaziya ölkə komitəsinin birinci katibi A.Nazaretyanın iradəsindən kənarda heç bir qərar qəbul edilməsin deyə özlərinin təklif verdiyi 120 nəfər nümayəndədən 53 nəfərlik kommunist fraksiyası yaradıldı. Onlar qurultayın reqlamentini müəyyənləşdirir və ona ciddi nəzarət edirdilər. Bu fraksiyaya daxil olanlar fevralın 25-də toplaşaraq bütün komissiyaların tərkiblərini, kimin nə deyəcəyini müəyyənləşdirdilər. Kommunist fraksiyası qurultay keçirildiyi günlərdə 3 dəfə iclasa toplaşmışdı. Təbii ki, kommunist olmayanların bundan xəbəri yox idi, Əks təqdirdə ehtiyatlı olardılar. Fraksiyanın iclasında qurultaya heç bir qərar qəbul etməməyə, yuxarı partiya təşkilatlarının iradəsini yerinə yetirməyə söz verən S.Ağamalıoğlu və başqaları qurultaydakı demokratizmsevinc şəraitində möhkəm psixoloji gərginlik keçirməli olurdular.

Məsələn, kommunist fraksiyasının 3-cü iclasında (son gün yəni qurultayın 17-ci iclası başlamazdan əvvəl) belə bir mübahisə olmuşdur. Qalimcan İbrahimov (Kazan tatarı) soruşur: “Bəs ikinci qurultay?”

Bu vaxt Azərbaycan KP(b)P MK-nın birinci katibi Levon Mirzoyan işə qarışır: “Belə çıxır ki, biz ÜİK(b)P MK direktivlərini həyata keçirmək istəmirik. Biz bu formulirovkanı ÜİK(b)P MK-ya göndərmişdik. Onlar icazə vermədi”.

Buna görə də qurultayda əvvəlcə çox ehtiyatla davranırdılar. Belə ki, S.Ağamalıoğlu məclisi açarkən belə demişdi: “Bu qurultay türkoloji elmi ədəbiyyata böyük və qiymətli hədiyyə verəcək ki, bu da bəşəriyyətin inkişaf tarixində iz buraxmaya bilməz. Deməli, burada siyasi heçaxtarmaq lazım deyil”.

SSRİ MİK sədri Q.Musabəyov da çox ehtiyatla çıxış etmişdi. O, qurultayı təbrik edərək belə demişdi: “Müstəsna şəkildə türkologiya məsələlərinə həsr edilmiş bu qurultayın açılışı türk-tatar xalqlarının həyatında, şübhəsiz ki, çox böyük əhəmiyyəti olan fakt olacaqdır”. Bu çıxışın da mənasından anlaşılır ki, burada siyasi rəng ola bilməz. Həmin çıxışların belə bir məzmunda olması təsadüfi deyildi. Çünki qurultaya gizli partiya, dövlət və xəfiyyə nəzarəti vardı. Partiya nəzarətini ÜİK(b)P Zaqafqaziya ölkə komitəsinin birinci katibi Amayak Nazaretyan , Azərbaycan K(b)P MK birinci katibi Levon İsayeviç Mirzoyan, xəfiyyə nəzarətini isə Azərbaycan Fövqəladə Komissiyasının sədri M.C.Bağırov həyata keçirirdi. Qurultayın gedişinin siyasi cəhətlərini L.Mirzoyan Tiflisə A.Nazaretyana ötürür, o isə ÜİK NP xüsusi şifrəsi ilə “Türk xalqlarının böyük dostu” ÜİK(b)P MK-nın birinci katibi Stalinə ötürürdü. Qurultayın işindəki “antisovet”, “cinayətkar” cəhətləri isə Azərbaycan FK sədri çoxuğurlaqeyd edirdi.

Siyasi Partiyalarictimai hərəkatlar tarixinin arxivində fond 1, siyahı 88, 3 nömrəli məktub bu cəhətdən çox diqqətçəkəndir. Demə, 1922-ci ildən qurultaya hazırlıq keçirildiyi iclaslardan tutmuş, qurultaya kimlərin çağırılmasına kimi materiallar toplanırmış. Məktub Azərbaycan Fövqəladə Komissiyası sədri tərəfindən 1926-cı il aprelin 26-da “Tamamilə məxfi” şəkildə Orconikidzeyə və Azərbaycan rəhbəri L.Mirzoyana, habelə Ə.Qarayevə ünvanlanmışdır. Burada göstərilir ki, indi bizim ifşa etdiyimiz cinayət faktlarının çoxu ifşa edilmiş xalq düşmənlərinin ifadələri, xüsusilə B.Çobanzadə, Ə.Qubaydullinin və başqalarının ifadələri göstərir ki, cinayətkar fəaliyyət o vaxtdan (qurultaya hazırlıqdan) davam edirmiş. Faktlara keçməzdən əvvəl bir məsələni qeyd etmək maraqlı olardı. Ümumittifaq Birinci Baş Siyasi İdarəsinin təhriki ilə bu sahədə davam etdirilir. On bir ildən sonra, yəni 1937-ci il iyulun 20-də 205 nömrəsi ilə həmin məktubun surəti Azərbaycan SSR XDİK-nın müavini Gerasimova göndərilir və qeyd edilir: “Xahiş edirəm Azərbaycanda əksinqilabi, panislamist, pantürkist üzvlərin tam mənzərəsini müəyyən etmək üçün əvvəlki məktubda göstərilən faktlara xüsusi diqqət yetirəsiniz. Yəni Türkoloji Qurultayla əlaqəsini nəzərə alasınız”. Bunlardan məlum olur ki, dəvət edilən hər bir nümayəndə haqqında ayrıca təhqiqat aparılırmış. Çoxlu faktlardan tək birinə diqqəti cəlb etmək istərdik. Böyük türkoloq M.F.Köprülüzadə haqqında yazılırdı: “O Bakıya gəlmək ərəfəsində Türkiyə hökuməti tərəfindən Ankaraya dəvət edilmiş, Türkoloji Qurultay haqqındakı müşavirədə (daxili işlər naziri, maarif naziri iştirak etmişdir) qərara alınır ki, öz səfərlərində türk nümayəndələri aşağıdakı məsələləri öyrənsinlər.

1. SSRİ müsəlmanlarının müasir Türkiyəyə münasibətləri aydınlaşdırılsın.

2. Türk ziyalılarının yüksək təbəqəsinin fikrini öyrənmək, dəyişmək, ümumtürk dilinin əsasını qoymaq, bununla bütün türkləri birləşdirmək, beləliklə Türkiyənin təsirini gücləndirmək üçün əsaslar yaratmaqs.”

Məktubda Azərbaycanın yuxarı təşkilatlarının isə qeyri-ciddi münasibəti tənqid olunur. Məktubda deyilir: “Keçmişdə olduğu kimi, indi də Azərbaycan ziyalıları məsələsi xüsusilə diqqət çəkir. Tamamilə aydındır ki, belə ziyalıların Azərbaycan xalqının geniş təbəqələrinə güclü təsiri var. Azərbaycan sovetləşənə qədər onun ziyalılarının böyük əksəriyyəti müsavatçıların təsiri altında olub pantürkisttürkçülük istiqamətinə yönəldilmişdi. Son təsir Azərbaycanın sovetləşməsindən sonra daha da güclənmişdir. Xalq Maarif Komissarlığının bütün müəssisələri - ali məktəblərdən başlamış orta məktəblərə qədər, kitabxanalar, oxu zalları, bir sözlə, hər yer müsavatçılarla dolmuşdur. Onların türk gəncliyinə güclü təsiri var. Bu təsirə əhalinin loyal təbəqəsi, hətta kommunistlər çox asanlıqla düşürlər.

Bundan əlavə, ali məktəblərdə müsavat qruplaşmalarının olması haqqında bizdə çoxlu məlumatlar vardır. Mən burada göstərmək istərdim ki, gəncləri sovet məcrasına salmağa böyük ehtiyac vardır... XMK öz məktəblərinə xaricdən, xüsusilə Türkiyədən müəllim və alimləri dəvət edir. Bu ad altında bizə Türkiyədən öz ideyalarını təbliğ edən casuslar gəlir” (Bir neçə alimin adını göstərir - A.B.).

Bunların sırasında professor B.Çobanzadə də vardır ki, onun şəxsiyyəti Türkoloji Qurultayla bağlı əvvəlki təqdim edilmiş qeydlərdə göstərilmişdir. B.Çobanzadə M.Köprülüzadə və Mesaraşla əlaqədardır. Hələ onun yerli müsavatçılarla da əlaqəsini bura əlavə etsək məsələ tam aydınlaşar. Bu qrup təkcə təhsil alan gənclər arasında deyil, habelə yüksək dairələrdə, xüsusilə XMK-da böyük təsir qüvvəsinə malikdir. Bu Türkoloji Qurultaya hazırlığın bütün dövrlərində təşkilat komissiyasının işində, habelə fərdi şəkildə dəvət olunanların siyahısının tərkibinin müəyyənləşməsində özünü bariz şəkildə göstərir. Yəni bu siyahıya SSRİ-nin bütün türk-tatar xalqlarının millətçi şovinistləri və xaricdəki M.Köprülüzadə, Ə.B.Hüseynzadə və b. daxildir.

Sonra məktubda oxuyuruq: “Bütün bunları nəzərə alaraq Azərbaycanda aparılan əksinqilabi, pantürkist, panislamist işin tarixini daha yaxşı işıqlandırmaq üçün gələcək dindirmələrdə bu məktubda qeyd olunanlara xüsusi diqqət verməyinizi xahiş edirəm. (AzK(b)P MK katibi M.C.Bağırov)”

Bu, o demək idi ki, heçsübut edə bilməsəniz deyin ki, Türkoloji Qurultayda iştirak etmisən. Kifayətdir. Bu, qurultayçıların qırğınına yol açdı. Bununla belə, qurultay çox səmimi, türk xalqlarının qardaşlıq birliyi şəraitində keçdi. Hamı bir-birini başa düşür və qarşı tərəfin uğurları ilə sevinirdi.

Türkoloji qurultayın tarixi rolundan və əhəmiyyətindən çox danışmaq olar. Bu barədə Fransa şərqşünası professor Mosinyonun sözləri daha diqqətəlayiqdir: “Avropa artıq Şərqi tanımır, onu anlaya bilmir. Bir neçə ilin ərzində Şərq tamamilə dəyişilmişdir. Şərqin zəifliyi onun donmuş orta əsr ənənələrində idi. Amma indi həmin ənənələr məhv olur. Şərq canlanmaqdadır. O, öz üzərindən keçmişin kabusunu qovur. Köhnə, namünasib ərəb əlifbasını atır. Azərbaycan türkləri artıq neçə ildir ki, yeni latın əlifbası ilə yazır. Anadolu türkləri artıq üç aydır ki, özlərinin bütün rəsmi sənədlərini yeni əlifba ilə yazır. Albanlar bundan artıq 15 ildir ki, istifadə edirlər. Onların dalınca başqa xalqlar da gedir, bütün Şərq gedəcək. Şərq ayağa qalxır. Şərq güclüdür. O, tezliklə bizə deyəcək, bizsiz avropalılar qədər mədəniyik, biz sizdən qədimik, biz sizə qalib gələcəyik”.

Artıq 1928-ci ildə Azərbaycan MİK va XKS yeni türk əlifbasına keçmək haqqında qərar vermişdi ki, bununla da əlifbanın məcburi tətbiqi təsbit edilirdi. Bütün SSRİ miqyasında türkdilli xalqların yeni latın əlifbasına keçməsi haqqında SSRİ MİK sədri Q.Musabəyovun 7 avqust 1929-cu il qərarı həlledici rol oynadı. Bu gün 90 illiyini qeyd etdiyimiz qurultay qarşısına qoyduğu - Azərbaycan xalqının görkəmli oğulları N.Nərimanovun, S.Ağamalıoğlunun, C.Məmmədquluzadənin, C.Məmmədzadənin, R.Axundovun, H.Cəbiyevin, H.Zeynallının, B.Çobanzadənin və onlarca türksevər ziyalının arzusunda olduğu məsələləri uğurla həll etdi. Səməd Ağamalıoğlu dərindən bir rahatlıq nəfəsi alaraq son sözlə qurultayı bağlı elan etdi.

Hamı ayağa qalxıbİnternasionaloxuyur.

Gecə saat 10:15-dir. İsmailiyyə Mədəniyyət Sarayının gur işıqlarının şüaları ilə türk xalqlarının birlik səsinin dalğaları geniş pəncərələrdən şəhərə yayılır. Türk xalqlarının hamısının nümayəndələri 8 gündən bəri özlərini mehriban bir ailədə hiss etmişlər. Hər kəs ana dilində danışmışdır. Şakircan Rəhimi ilə Əhməd Baytursun, Həbibulla Habitovla Qalimcan Şərəf, Qasım Tınıstanovla Məhəmməd Gəldiyev, Əbdül Cabbarovla, Cambəyovla Şövqi Bektora, Mehmet Köprülüzadə ilə Bəkir Çobanzadə bir-birini necə gözəl başa düşürdü. Dilləri ayrı-ayrı yarımqrupa daxil olan türklər isə diqqətlə bir-birinə qulaq asır, öz dilinin şirinliyini o birinin sözündə, ahəngində, morfologiyasında, sintaksisində tapanda qəlbində sevinc, çöhrəsində şadlıq oynayırdı. Elə bu vaxt uzaq Xakasiyadan uzun yol gələrək son anda qurultay sarayına girən Katanov qapıda göründü. Sədr S.Ağamalıoğlu Katanovu alqışlar altında tribunaya dəvət etdi. Sədr Katanovdan məhz xakas dilində danışmasını xahiş etmişdi. Tarixin qədim qatlarından gələn türk xalqları hələ heç vaxt həminki kimi bir araya gəlməmiş, özlərinin qəlblərində əsrlərlə gəzdirdikləri dərdlərini bir-birinə belə açıq mehriban şəraitdə deməmişdilər...

600 nəfərin oxuduğuİnternasionalsanki Türksoyun ilk birlik səsi, ilk himni idi!..

Qurultay 75 bənddən ibarət 10 qətnamə qəbul etdi. Amma onların hamısı həyata keçmədi. Türkcə danışanların nitqi yazılı şəkildə katibliyə verilsə , sonra onlar məhv edildi. Qurultayda iştirak edənlər təqib edildi.

 

Adil BABAYEV,

Azərbaycan Dillər Universitetinin professor

 

Azərbaycan.- 2016.- 8 noyabr.- S. 4.