Tarix İnstitutnun hazırladığı "İrəvan xanlığı kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib

 

Noyabrın 6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Milli Kitabxanada İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru BDU-nun dosenti Gülnur Mahmuddur.

Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. K.Tahirov bu kitabın indiyədək bir sıra dillərə-ingilis, rus, rumın, italyanispan dillərinə tərcümə olunduğunu qeyd etmiş və kitabın italyan dilində tərcüməsinin təqdimatının 2015-ci ilin may ayında İtaliyanın Turin şəhərində beynəlxalq kitab yarmarkasında çox böyük uğurla keçirildiyini qeyd etmişdir.

Mədəniyyət və Turizm Nazirinin müavini professor Ədalət Vəliyev Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair fundamental əsərlərin işıq üzü gördüyünə diqqət çəkərək həyata keçirilən layihələrdən danışmış və İrəvan xanlığı kitabının bu sahədə ən tutarlı və əhəmiyyətli əsərlərdən biri olduğunu qeyd etmişdir.

Çıxış edən millət vəkilləri tarix üzrə fəlsəfə doktoru Fəzail İbrahimli, siyasət elmlər doktoru Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı sabiq səfiri Şahin Abdullayev, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi, ərəbcə nəşrin məsul redaktoru, BDU-nun dosenti Gülnur Mahmud və başqaları İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən bəhs etmişlər.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında nəşrin tarixi əhəmiyyətindən ətraflı söz açaraq demişdir: Fundamental tədqiqat əsərində ermənilərin bu torpaqların guya yerli əhalisi olması iddiası ölkəmizdə və xaricdə saxlanılan çoxsaylı arxiv materialları, rəsmi dövlət sənədləri, o cümlədən erməni mənbələrinin özündən gətirilmiş faktlarla ifşa edilib...

Hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan Kitabi-Dədə Qorqud dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda İrəvan xanlığının ərazisində cərəyan edib. Tarixçi-alim qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər.

Tədbirdə bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. Qeyd edək ki, institutun əsərləri Bakı ilə yanaşı Moskva, İstanbul, Ankara, İslamabad, Budapeşt, Kiyev, London, Nyu York, Roma Los-Anceles şəhərlərində də nəşr olunur.

Qeyd edək ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış İrəvan xanlığı kitabı 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

 

Azərbaycan.- 2016.- 8 noyabr.- S.4.