Bakı Mühəndislik Universitetinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək
bacarığına malik
mütəxəssislərin hazırlığını həyata
keçirən, müasir
tələblərə uyğun
yeni ali
təhsil müəssisəsinin
təsis edilməsi zərurətini meydana çıxarmışdır.
Azərbaycan Respublikasında mühəndis
texnologiyalarının tədrisinin
təkmilləşdirilməsini və bu sahədə
yüksək ixtisaslı
kadrların hazırlanmasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. Bakı Mühəndislik Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
2.6. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 9 noyabr.- S. 1.