“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 9, maddə 685; 2012, N 3, maddə 197, N 4, maddə 289, N 6, maddə 532; 2016, N 1, maddə 76) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bəndə hər iki halda “dövlət ali təhsil müəssisələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri” sözləri əlavə edilsin.

2. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:

“2.10. həmin qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinə münasibətdə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi həyata keçirir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 9 noyabr.- S. 2.