Prezident nəzarətə götürdü

 

Dövlət başçısının sərəncamı ilə yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün işçi qrupu yaradıldı

 

Təbiətin öz qanunları var və hələ indiyəcən həmin qanunları dəyişmək, onlara müdaxilə etmək istəyənlərin heç biri xeyir görməyib. Bu səbəbdən çoxdan sübut olunub ki, belə bir arzuya düşməkdənsə, təbiətin törədə biləcəyi fəsadların qarşısının alınması, yaxud azaldılması üçün tədbirlər görmək daha düzgün addımdır.

Bu ilin yayı, xüsusən avqust ayı ölkəmizdə çox isti keçdi, yağıntı hətta dağlıq ərazilərə belə, düşmədi. Sinoptiklərin, onlardan da əvvəl yaşlı nəslin dəfələrlə təsdiqini tapmış qənaətidir: yayı quraq keçən ilin payız-qış mövsümü yağıntılı olur. Başqa sözlə, təbiət öz qanunlarına sadiq qalaraq, necə deyərlər, balansını qoruyur, yəni hövzələrin, torpağın həddən artıq keçən istilərdə buxarlanan suyu, nəmi yağış, qar şəklində geri qayıdır. Bu, qeyd etdiyimiz kimi, təbiətin pozulmaz qanunuduronun qarşısında hamı acizdir. Odur ki, Azərbaycanda payız girəndən, xüsusən oktyabr ayının ortalarından başlayan intensiv leysan yağışlarını da adi təbiət hadisəsi kimi qarşılamaq lazımdır.

Bununla belə, həmin yağıntılar ölkə ərazisində, o cümlədən paytaxtda bir sıra ciddi problemlər üzə çıxardı. Onların sırasında xüsusən paytaxtın yağış kanalizasiya sisteminin bu cür intensiv yağıntıları lazımi səviyyədə ötürmək gücündə olmaması özünü daha qabarıq göstərdi. Hətta o dərəcədə ki, Bakının bir sıra ərazilərindəki evləri və obyektləri su basdı, Binəqədi yolu deyilən küçədən yağış sularını görülən tədbirlərə baxmayaraq, günlərlə çəkmək mümkün olmadı və s.

Düzdür, bunun bir səbəbi, qeyd etdiyimiz kimi yağıntının aylıq normadan dəfələrlə (rəsmi məlumata görə, 3,7-9,2 dəfə) çox olması idisə, digər səbəbi son illər yeni ev, bina və obyektlərin inşası zamanı paytaxtın müvafiq infrastrukturunun, o cümlədən mühəndis-kommunikasiya sisteminin gücünün nəzərə alınmamasıdır. Həqiqətən, Bakının çox da geniş olmayan mərkəzi, eləcə də ətraf ərazilərini bir anlıq göz önünə gətirmək kifayətdir ki, bu sahədə buraxılan nöqsanların, məsuliyyətsizliyin sözügedən fəsadların yaranmasındakı, necə deyərlər, payı və rolu aydın olsun. Paytaxtda hündürmərtəbəli evlər, biznes mərkəzləri daha haralarda ucaldılmayıb - 5 və 9 mərtəbəli binaların arasında, həyətlərdə, uşaq meydançalarında, piyadalar üçün nəzərdə tutulmuş səkilərin az qala ortasında... Rəsmi icazəsi - filanı olmayan ucsuz-bucaqsız kortəbii yaşayış massivləri hansı torpaqları zəbt etməyib - köhnə neft yataqlarını, magistral qaz, su kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi əraziləri... “Gecəqondu” dediyimiz şəxsi evlər haralarda tikilməyib - abadlaşdırılmaq üçün qurudulan köhnə bataqlıqlarda, heç bir infrastrukturu olmayan ucqar yiyəsiz yerlərdə... Hansını deyəsən, hansını yazasan, birdir-ikidir məgər?! Belə olsaydı nə var idi ki?! Ən azından yerli icra orqanları səviyyəsində belə halların nəticələrini aradan qaldırmaq mümkün olardı. Lakin son yağışlar zamanı yaranan problemlər göstərdi ki, məsələ heç də onlarlıq deyil, o, dövlət səviyyəsində həll edilməlidir. Elə Prezident İlham Əliyevin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 11 noyabr 2016-cı il tarixli sərəncamı da bu zərurətdən irəli gəlir.

İşçi qrupuna Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbər, tərkibinə isə yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin təyin edilməsini Prezident İlham Əliyevin sözügedən məsələyə xüsusi əhəmiyyət verdiyinin göstəricisi kimi qəbul etmək olar. Başqa sözlə desək, bu sənəd dövlət başçısının ölkənin müxtəlif infrastruktur sahələrinin yenilənməsi ilə bağlı imzaladığı növbəti sərəncam olmaqla bərabər, həm də paytaxt əhalisinin çoxdan gözlədiyi qərarın icrasına Prezident tərəfindən yüksək səviyyədə nəzarətin təyin edilməsindən xəbər verir.

Bu da səbəbsiz deyil. Çünki söhbət, sərəncamda deyildiyi kimi, Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qaldığı və onun şəhər təsərrüfatının tələblərinə cavab vermədiyi üçün sistemin təkmilləşdirilməsindən, o cümlədən səth sularının idarə olunmasından, tənzimlənməsindən, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsindən, eləcə də paytaxtın ekolojisanitar vəziyyətinin normada saxlanılması məqsədilə görüləcək işlərdən gedir. Təbii ki, belə vacib tədbirləri hazırlayan və onların icrasına nəzarət edən işçi qrupunun da tərkibi yüksək səviyyədə olmalıdır.

Sərəncama əsasən, işçi qrupu paytaxtın yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil, eləcə də paytaxtın sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım templərini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekolojisanitar təhlükələri, problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətinə Prezidentə təqdim etməlidir. İşçi qrupunun Prezidentə təqdim etməli olduqları işlərin siyahısına, həmçinin paytaxtda yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhərə avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə, eləcə də şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflər hazırlamaq da daxildir.

Göründüyü kimi, bu sərəncam vacib olduğu qədər də konkretdir. Və heç kim şübhə etmir ki, sənəddə işçi qrupuna həvalə olunmuş işlər vaxtında və dəqiqliklə icra olunacaq. Bu isə Bakının yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi, deməli, paytaxt sakinlərinin payız-qış mövsümündə illər boyu qarşılaşdıqları çox ciddi bir problemin həlli deməkdir.

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan.- 2016.- 13 noyabr.- S. 1.