Sərkərdə mətinliyi və qətiyyəti

 

Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş Azərbaycan torpağından düşmənə son xəbərdarlığını etdi

 

Lələtəpə Azərbaycan torpağıdır!

Dörd günlük aprel müharibəsi zamanı işğaldan azad edilib!

Və ilk dəfədir ki, Ali Baş Komandan cənab İlham Əliyev düşməndən geri alınmış ərazilərimizə gedərək qəhrəman Azərbaycan əsgər və zabitləri ilə görüşdü, onları hərbi əməliyyatlarda fərqləndiklərinə görə mükafatlandırdı, komanda məntəqəsindən qarşı tərəfi seyr etdi, müvafiq tapşırıqlarını verdi!

Həm də düşmənə sonuncu xəbərdarlığını etdi!

Hazırkı səfərə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində bir sıra hadisələr və dəyişikliklər baş vermişdir. Azərbaycanın son iyirmi ildə ilk dəfə olaraq ərazilərinin bir qismini düşməndən geri alması ilə nəticələnən dəyişikliklər isə cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkə daxilində və beynəlxalq aləmdə, o cümlədən münaqişənin həlli istiqamətində apardığı uzaqgörən və səmərəli siyasətin birbaşa nəticəsidir.

 

“İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi “müstəqilliyimizin övladıdır” - desək, yəqin ki, səhv etmərik! Çünki hər dəfə Azərbaycan dövlət müstəqilliyinə can atanda və buna nail olanda Azərbaycanın müstəqilliyini istəməyən dövlətlər və qüvvələr bunun qarşısını almaq üçün min bir məkrli planlar qurmuş, müxtəlif üsullarla ölkəmizdən ərazi qopararaq “alət-milləti” olan ermənilərə “pay” vermiş, onların dövlətini yaratmağa, ərazilərini genişləndirməyə nail olmuşlar. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə baş verən hadisələr də buna parlaq misaldır.

Qırmızı imperiyanın çöküşü zamanı baş verənlər isə tarixin yenidən təkrarlandığının sübutudur.

Yenə eyni ssenari, yenə eyni qüvvələr...

Təəssüf ki, həmin dövrdə xalq həqiqi rəhbərindən - ulu öndər Heydər Əliyevdən müvəqqəti olaraq aralı düşmüşdü. Azərbaycana rəhbərlik edənlər isə görünür ya tarixin ibrət dərslərindən lazımi nəticələr çıxarmağı bacarmırdılar, ya da maymaq, qətiyyətsiz və təcrübəsiz olduqlarından mövcud proseslərdən baş çıxarmaq, yaxud mənfi meyillərə müqavimət göstərmək iqtidarında deyildilər. Odur ki, torpaqlarımız yenidən işğala məruz qaldı, 20 min vətən övladı şəhid verilərək bir milyon qaçqın və məcburi köçkün ordusu yarandı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə görülən işləri üç şərti mərhələyə ayırmaq olar. Birinci mərhələyə ulu öndər Heydər Əliyevin gördüyü işlər daxildir. Buna qədər Azərbaycanın həm özünün, həm də o dövrdə ölkəyə rəhbərlik edənlərin bu mürəkkəb məsələnin qarşısının alınmasında və çözümündə siyasi-psixoloji hazırlıq və qabiliyyətlərinin lazımınca olmadığını görürük. Onlar ya başlarını itirir, ya mərkəzin (Moskvanın) itaətindən çıxmağı bacarmır, ya da “demokrat olduqları üçün” kiminsə torpağı onlara qaytaracağına bel bağlayırdılar. Nəticədə nə vaxtında ordu yaradıldı, nə torpaqların müdafiəsi təşkil edildi, nə beynəlxalq aləmdə iş aparıldı, nə də BMT-nin qəbul etdiyi qətnamələrin dərhal icrasına nail olundu. Hətta ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərək Dağlıq Qarabağ məsələsinin kökünün dərinliklərdə olduğunu və onun həllinə xüsusi yanaşma tələb edildiyini söyləyərək səmərəli təkliflərini verəndə ona qulaq asmaq istəmədilər. Sonradan ağrı-acısını isə tək keçmiş rəhbərlik yox, bütün Azərbaycan xalqı çəkəsi oldu!

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən münaqişənin həllinə ciddi diqqət yetirməyə başladı və bir sıra mühüm addımlar atdı. 1994-cü ilin yanvarında onun rəhbərliyi ilə Füzuli rayonunda uğurlu hərbi əməliyyat keçirilərək Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad edildi. Düşmən Heydər Əliyevin qayıdışı ilə müharibənin gedişində mühüm dəyişikliyin baş verdiyini anlayaraq atəşkəs müqaviləsi imzalamalı oldu. Beləliklə, yeni ərazilərin işğalının da qarşısı alındı.

İkinci vacib məsələ ordu quruculuğuna başlanılması oldu. Ayrı-ayrı partiyaların və insanların maraqlarına xidmət edən qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, əhalidəki qanunsuz silah-sursat toplandı, möhkəm və dönməz sabitlik yaradılaraq milli ordunun formalaşdırılması prosesi sürətləndirildi.

Müstəqilliyin ilk illərində Azərbaycanın beynəlxalq aləmə çıxan informasiya və mətbu orqanları yox idi. SSRİ-nin informasiya resurslarından istifadə edən Ermənistan beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz xeyrinə təhrif olunmuş rəy formalaşdırmış, bizim haqqımızda isə “vəhşı məllət”, “zavallı erməniləri sıxışdıran” xalq imicini yaratmışdı. Ulu öndər yüzlərlə jurnalistin görə bilmədiyi işi təkbaşına həyata keçirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətlərin dünya icttimaiyyətinə, beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə çatdırılmasına nail oldu.

Daha bir həlledici addım isə ATƏT-ə üzv ölkələrin Lissabon şəhərində keçirilən sammitində atıldı. Azərbaycan Prezidenti Heydər Əliyevin təkidi sayəsində “ölkələrin ərazi bütövlüyü prinsipi”nin “millətlərin öz müqəddəratını təyinetmə hüququ”ndan üstün olması fikrini əsaslandıran müddəanın qəbul edilən sənədlərə əlavə edilməsinə nail olundu. Ömür vəfa etmədiyindən ulu öndər başladığı işləri sona çatdıra bilmədi. Gördüyü nəhəng işlərlə yanaşı öz layiqli siyasi varisini də yetişdirərək bizi cismən tərk etdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev özündən əvvəl görülən işləri daha da inkişaf etdirərək yeni mərtəbəyə qaldırdı.

Müasir dövrdə müharibə cəbhəsində qələbə əldə etmək üçün ilk növbədə iqtisadi sahədə və beynəlxalq aləmdə uğur və nüfuz qazanaraq buna təməl yaratmalısan. Cənab İlham Əliyevin gördüyü işlər müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi və digər problemlərin müvəffəqiyyətli həlli ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də ölkəmizin ərazi bütövlüyü əsasında çözümünə xidmət etmişdir.

Onlar hansılardır:

Əvvəla, Azərbaycan sürətli inkişaf yolu keçərək iqtisadiyyatını üç dəfə artırdı, dünya üzrə ən yüksək ÜDM istehsalına nail oldu. Müharibə həm də ölkələrin iqtisadiyyatından asılıdır və onun hər dəqiqəsi pul tələb edir. Odur ki, bu sahədə düşmənlərimizi xeyli üstələdik.

İkincisi, “hücum diplomatiyası” konsepsiyasını elan edən cənab İlham Əliyev Ermənistanın işğalçılıq əməllərinin beynəlxalq qurumlarda və dünya ölkələrində ifşasına start verdi. Artıq bütün dünya əsl həqiqətləri bilir. Və Ermənistanın işğalçı olduğu Avropa İttifaqının, AŞPA-nın, İƏT-in, NATO PA-nın və digər qurumların qəbul etdikləri sənədlərdə öz əksini tapmışdır. Ondan çox ölkənin parlamenti Xocalı faciəsini soyqırımı kimi təsdiq etmişdir.

Üçüncüsü, münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycan müharibə variantını da heç vaxt istisna etməyib. Çünki Ermənistan rəhbərliyi hər vəchlə sülh danışıqlarından yayınır, ATƏT-in Minsk qrupu, habelə həmsədr dövlətlər onun şıltaqlıqlarına “akademik dözümlülük” göstərir, BMT Təhlükəsizlik Şurası isə öz nüfuzunun və qəbul etdiyi dörd qətnamənin icrasının qayğısına qalmır.

Azərbaycan Ordusunu Cənubi Qafqazın (həm də dünyanın) ən güclü və modern ordusuna çevirən cənab İlham Əliyev ordumuzun ən yeni texnologiyalara əsaslanan müasir silahlarla silahlandırılmasını diqqət mərkəzində saxlayır və buna lazım olduğu qədər vəsait ayırır.

Dördüncüsü, artıq Azərbaycanın özünün oturuşmuş Müdafiə Sənayesi vardır və orduya gərək olan silah-sursatın bir qismini özümüz istehsal edirik.

Bütün bunlar özünün məntiqi sonluğuna çatdı:

Cari ilin aprelində erməni təxribatına cavab verən Azərbaycan Milli Ordusu 2000 hektardan çox ərazini işğaldan azad edərək bir o qədərini də nəzarəti altına aldı! Aprel əməliyyatını yüksək qiymətləndirən Ali Baş Komandan İlham Əliyev demişdir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir”.

 

“Ermənistanın rəhbərliyi başqasının gücünə güvənməsin”

 

Ermənistan marionet və monoetniq ölkəyə çevrilmişdir.

Dünyaya multikulturalizm nümunəsi göstərən Azərbaycanda isə onlarla etnos yaşayır.

Otuz mindən çox erməninin ömür sürdüyü ölkəmizə “erməni qonaqları”nın gəlməsi nadir hadisə deyil!

Biz heç zaman xoş niyyətlə gələnləri qapıdan qovmamışıq!

Bu günlərdə üç Ermənistan vətəndaşının Azərbaycana gəlişi də adi səfərlərdən biri sayıla bilərdi. Hər gah onu qeyri-adi edən müəyyən nüanslar olmasaydı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ulu öndər Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin gördükləri işlər barədə qısaca danışdıq. Bu işlərin yekununda aprel ayında baş verənləri isə təkcə Ermənistan yox, bütün dünya gördü və bildi! Reallıq budur ki, blokada vəziyyətinə salınan Ermənistan iflas həddindədir. Korrupsiyalaşmış kriminal ölkə rəhbərliyi ilə xalq arasında dərin uçurum yaranmış, dövlət müstəqilliyini itirən Ermənistan forposta, özgəsinin quberniyasına çevrilmişdir. Hazırda təkcə Dağlıq Qarabağda yox, Ermənistan ərazisində yaşayan on minlərlə sadə erməni də Ermənistanın cinayətkar rəhbərliyinin girovuna çevrilib. Onlar dilənçi şəraitində, daim səksəkədə, müharibənin yenidən alovlanacağı qorxusu və ölüm təhlükəsi altında əsir həyatı sürməkdədirlər. Rüşvət vermək imkanı olan ermənilər çoxdan ailələrini də götürərək bu dilənçi və perspektivsiz ölkəni atıb xaricə gediblər. Yerdə qalanlar qocalar, əlsiz-ayaqsızlardır. Onlar isə Azərbaycanın nə vaxtsa öz torpaqları ilə bərabər onları da girovluqdan azad edəcəyini, iqtisadi imkanlarımızdan barınaraq insan kimi yaşayacaqları günü gözləyirlər. Biz də Azərbaycan Konstitusiyasını qəbul edərək əvvəlki kimi ərazimizdə dinc fəaliyyət göstərəcək ermənilərlə birgə yaşamağa hazır olduğumuzu dəfələrlə söyləmişik. Sadəcə, problem biz tərəfdə deyil, erməni tərəfindədir!

Ən nəhayət, Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə verdiyi müsahibədə “Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər” deməklə güzəştin son həddini də müəyyən etdi.

Beləliklə, ya sülh, ya müharibə seçimi özünün pik həddinə çatdı!

Əgər dörd günlük aprel müharibəsi və onun Ermənistanı şoka salan nəticələri olmasaydı, heç kəs, xüsusən ermənilər vəziyyətin dalana dirəndiyini və kəskinliyini aydınlığı ilə dərk etməzdi. Artıq Ermənistan cəmiyyəti müharibənin birinci mərhələsinin eyforiyasından ayılıb və növbəti mərhələnin onlar üçün fəlakətlə nəticələnəcəyinin qaçılmazlığını dərk edir! Ermənistanın kriminal rəhbərliyi ilə reallığı dərk edən erməni toplumu arasındakı kəskin fikir ayrılığı və qarşıdurmanın ən yüksək səviyyəyə çatması da məhz bu səbəbdəndir. Artıq erməni xalqı bu qarşıdurmada kriminal ölkə rəhbərliyinə qalib gəlməsə, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında həllini tapmasa, hansı fəlakətlərə düçar olacağını yaxşı anlayır. Hamı başa düşür ki, Azərbaycanla müharibə onlara heç nə qazandırmadı, özgə torpaqlarını işğal etməklə heç nə yiyəsi olmadılar! Əksinə, forpost dövlətə çevrilməklə müstəqilliklərini itirdilər, övladlarını onların olmayacaq torpaqlara görə qurban verdilər və nə qədər ki, ağıllanmayıblar yaxşılığa doğru heç bir dəyişiklik baş verməyəcəkdir!

Bütün bu fikirləri Bakıya gələrək beynəlxalq tədbirdə çıxış edən Ermənistan vətəndaşlarının dillərindən eşitdik. Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Caqinyan əvvəlcə Bakıdakı “Xocalı soyqırımı” abidəsini ziyarət edərək bu günahsız qurbanların xatirəsi önündə baş əydilər. Sonra “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda fikir və düşüncələrini iştirakçılarla bölüşdülər. Onların dediklərindən bəzi sitatlar gətiririk:

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri, hüquq müdafiəçisi Vaan Martirosyan:

* “Ermənistanda hakimiyyəti güc yolu ilə tutan, Xocalı soyqırımını törədən hakimiyyət indi də öz xalqına qarşı soyqırımı törədir. Bu hakimiyyət qaldıqca, tərəflər arasında sülh olmayacaq”.

* “Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Belə desək, onlar bu münaqişədən qidalanırlar. Əgər münaqişə həll olunsa, onların avtoritar rejimi çökəcək”.

* “Hazırda Ermənistan cəmiyyətində açıq şəkildə bildirirlər ki, Qarabağ onlara müsbət heç nə verməyib. Son 2-3 ildə müxalifətin mitinqləri və ya başqa toplantılar zamanı insanlar Qarabağ münaqişəsinin onlara ağrı, acı və nifrətdən başqa heç nə vermədiyini etiraf ediblər”.

* “Referendum olsa, əhalinin 80 faizi Azərbaycanın tərkibində qalmağı seçəcək. Çünki Qarabağda insanlar ehtiyac içində yaşayırlar. Onların içməyə suları belə yoxdur.”

* “Ermənistan ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək.”

* “Ermənistan hakimiyyəti militarist, şovinist, faşıst siyasəti yürüdür.”

* “Dağlıq Qarabağ ətrafında 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır. Erməni xalqı da sülh istəyir. Ancaq Sarkisyan rejimi bu xoş niyyətin reallaşmasına imkan vermir. Azərbaycanda 30 min erməni rahat yaşayır. Bu da onu göstərir ki, ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur.”

Erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan:

* “Mən bura həm yazıçı, həm də vətəndaş kimi gəlmişəm. Bir neçə məcburi köçkünlə görüşmüşəm, Xocalı abidəsini ziyarət etmişəm. Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm”.

* “Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”.

“Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Caqinyan:

* “Ermənistanda Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayan insanlar çoxdur. Əgər Serj Sarkisyan və Robert Köçəryan kimilər mühakimə olunmasa, 20 ildən sonra erməni xalqı qalmayacaq”.

* “Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox, işğalçıdır. Serj Sarkisyan erməni xalqına qarşı soyqırımı həyata keçirib”.

* “Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib, bundan başqa heç nə bəxş etməyib. Yalnız Serj Sarkisyan kimilər bundan istifadə edərək hakimiyyəti ələ keçiriblər”.

* “Mən Azərbaycan xalqına qarşı törədilən münasibətlərə görə Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm”.

Ermənistan vətəndaşlarının söylədiklərinin hamısı həqiqətdir. Hətta müharibənin hər iki xalqa bəxş etdiyi faciə və fəlakətlərin miqyasında bəlkə də azdır!

Şübhə etmirik ki, bu həqiqətləri təkcə Dağlıq Qarabağda yaşayan erməni millətindən olan ermənilər yox, Ermənistan ərazisindəki sadə ermənilər də çoxdan dərk ediblər!

Bu gün onları danışmağa, əsl həqiqətləri ucadan söyləməyə sövq edən təkcə “vicdanları” deyil! Həm də yaranmış situasiyadır! Azərbaycan tərəfinin apardığı uğurlu siyasətdir ki, artıq Ermənistan dilənçi forposta çevrilib. Kriminal rəhbərlik ölkəni qaldıra, dövləti idarə edə bilmir! Əslində rəsmi Yerevan deyilənlərin itaətkar icraçısıdır!

Aprel müharibəsində Azərbaycan Ordusunun gücünü və imkanlarını görəndən sonra torpaqları daha saxlaya bilməyəcəklərini də aydın dərk edirlər!

Müharibə təqdirində Ermənistanın kriminal rejimi təkcə Dağlıq Qarabağı itirəcəklərini deyil, forpost dövlətlərini də məhv edəcəklərini gözəl anlayırlar!

Ermənistanlı gənc Dağlıq Qarabağda, özgə torpağı uğrunda müharibədə ölmək istəmir! Onun valideyni də buna qarşıdır, amma əllərindən heç nə gəlmir!

Su meymunun boğazına çıxanda balasını ayağının altına qoyur - demişlər!

Bu gün erməni vətənpərvərlərini danışdıran vəziyyətin kritikliyini, dramatikliyini başa düşmələridir. Artıq anlayıblar ki, özgə torpağına yiyələnmək iddiası onları öz torpaqlarından, vətənlərindən də məhrum edə bilər! Bu gün Ermənistan özü də daxil olmaqla heç bir dövlət və beynəlxalq qurum Dağlıq Qarabağı nə müstəqil qurum, nə də Ermənistan torpağı kimi tanıyır!

Heç tanımayacaqlar da!

Ağlı başında olanlar Ermənistanın və erməni xalqının xilası qayğısına qalmalıdır!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lələtəpədən verdiyi mesajlar da bunu sübut edir!

“Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır”.

Azərbaycan tərəfi belə hesab edir ki, işğal altındakı torpaqları sülh yolu ilə boşaltmaq üçün Ermənistana verilən müddət başa çatıb!

Ali Baş Komandan cənab İlham Əliyev əbəs yerə əyninə hərbi paltar geyinərək yenicə işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinə getməyib!

Onun bu səfəri Azərbaycan Silahlı Qüvvələrinin indiyədək keçirilən hərbi təlimlərin ən möhtəşəmi ilə təsadüfən eyni vaxta düşməyib!

Ali Baş Komandan komanda-idarəetmə məntəqəsindən düşmən tərəfi elə-belə seyr etmir!

Sözünün sahibi olan Azərbaycan Prezidentinin hər kəlməsini qarşı tərəf ciddiyə almalıdır!

Həm də düşmənlərimiz unutmamalıdırlar:

* Daha Azərbaycandan zorla torpaq qopara bilməyəcəklər!

* Zəbt etdikləri ərazi onların deyil və geriyə qaytarmalıdırlar!

* Müharibənin birinci mərhələsinin yekununa görə özlərini “qalib” hesab etsələr də, əslində miskin vəziyyətə düşənlərdir!

* Bu müharibə təkcə Azərbaycana dağıntı və fəlakət gətirməyib, erməniləri də qaçqın və dilənçi gününə salıb!

* Ermənistan təcrid vəziyyətinə düşərək dövlət müstəqilliyini itirib!

* Ermənilər kütləvi şəkildə təkcə Dağlıq Qarabağı yox, Ermənistanı da tərk etməkdədirlər!

* Tədric vəziyyətinə düşməklə uzun illər fayda götürə biləcəkləri yüksək gəlirli beynəlxalq layihələrdən əlləri çıxıb və belə davam edərsə, heç zaman transmilli layihələrə qoşula bilməyəcəklər!

* Qonşu dövlətlərlə düşmənçilik daha çox onların özünə ziyan vurur!

* Nə qədər ki, Ermənistana indiki kriminal insanlar başçılıq edir, nə Ermənistan müstəqil dövlət olaraq inkişaf edəcək, nə də erməni xalqı bir gün görəcək!

* Xilas yolu Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi variantla razılaşmaq və məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə razılıq verməkdir!

Ali Baş Komandan cənab İlham Əliyevin Lələtəpədə söylədiklərindən bəzi məqamları bir daha xatırladırıq:

- “Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq”.

- “Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var”.

- “İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”.

- “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdi ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”.

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində baş verən dəyişikliklər və gəlişmələr ən əvvəl:

* Ağıllı və uzaqgörən siyasətin nəticəsidir;

* İqtisadi nailiyyətlərin və islahatların bəhrəsidir;

* Həqiqətin və ədalətin qələbəsidir;

* Güclünün zəifi üstələməsidir;

* Azərbaycan xalqı ilə iqtidarın sarsılmaz birliyinin və xalqın dəstəyinin bariz sübutudur.

İnsanlar müharibələrdən, axıdılan qanlardan, inqilablardan və qaçqın həyatı sürməkdən beziblər!

Dönüş və dəyişiklik ən uzun sürən münaqişələrdən sayılan Dağlıq Qarabağdan başlanmalıdır!

Ermənistan qeyd-şərtsiz qoşunlarını işğal etdikləri ərazilərdən çıxarmalıdır!

Bu, ilk növbədə, onun özü üçün, dövlət və millətin xilası naminə gərəkdir!

Əgər yenidən müharibəyə başlasalar, tökdükləri qanın içində boğulacaqlar!

Bunu müzəffər Azərbaycan Ordusu, onun mətin və qətiyyətli Sərkərdəsi edəcəkdir!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2016.- 16 noyabr.- S. 1, 4.