Uğurlu əməkdaşlıq modeli

 

Azərbaycan Cənubi Qafqaz regionunda əhəmiyyətli geostratejigeoiqtisadi üstünlüklərindən maksimum şəkildə yararlanaraq uğurlarını artırmaqdadır. Ölkəmizin zəngin təbii ehtiyatları respublikamızın daha da qüdrətlənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Son 13 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir.

Azərbaycan artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ötən müddətdə xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipi təşviq edilmişdir. Azərbaycanın yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya Federasiyası ilə münasibətlər zəminində əldə edilmiş nəticələr də son dərəcə əhəmiyyətlidir. Ən yeni tarixə qısa ekskurs edərək xatırladaq ki, Sovetlər birliyi dönəmində də Rusiya ilə Azərbaycanın münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə qurulmuşdur.

Sovet dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan İttifaqın iqtisadiyyatında çox mühüm rol oynayırdı. Respublika benzinin yüksək növlərini, sürtkü yağları, neft kimyası, əlvan və qara metallurgiya məhsulları, yüksək keyfiyyətli neft avadanlığı (İttifaqda istehsal olunan bu cür avadanlığın 70 faizindən çoxu), elektrik cihazları və avadanlığı, kondisionerlər, elektronradiotexnika məhsulları, geniş çeşiddə yüngül sənaye malları istehsal edirdi. Azərbaycanın kənd təsərrüfatı məhsuluna - meyvə-tərəvəzə, konservlərə, şərablara Rusiyada böyük tələbat vardı.

 

Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

 

Azərbaycan-Rusiya münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Faktiki olaraq bu kursu mümkün alternativlər sırasından Azərbaycanın perspektivimilli təhlükəsizliyi baxımından ən uğurlu seçim hesab etmək olar. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Rusiya-Azərbaycan münasibətləri yenidən inkişaf dövrünə qədəm qoydu. Xüsusilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk rəsmi səfəri ilə iki ölkə arasında qarşılıqlı münasibətlərin yeni prinsiplərinin əsasını qoyan Bakı Bəyannaməsi imzalandı. 2001-ci il yanvarın 9-da imzalanmış Bakı Bəyannaməsində göstərilirdi ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası onların dövlət suverenliyi və müstəqilliyinə qarşılıqlı hörmət etmək, bərabərhüquqlu və bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək, təhlükə qüvvəsindən istifadə etməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması, həmçinin beynəlxalq hüququn qəbul edilmiş normalarının prinsipləri əsasında ikitərəfli əlaqənin yeni, strateji əməkdaşlığın daha yüksək mərhələsinə qaldırılması məqsədini güdürlər”.

Diplomatik münasibətlərin uğurla qurulmasında xalqların mədəni-tarixi bağlılığı da mühüm rol oynadığından rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili daim diqqətdə saxlayıb. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət impulslar verib. Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılıb. Rusiya dövlətinin iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasındakı nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi inkişaf baxımından bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə respublikadır. Azərbaycan ilə Rusiya arasında münasibətlər geniş sahələri əhatə edir. Rəsmi Moskvanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimadinam getdikcə möhkəmlənir. Son 10 ildə Prezident İlham Əliyev Rusiya Federasiyasına 30-dan çox, Prezident Vladimir Putin isə Azərbaycana 10-a yaxın səfər edib. Qarşılıqlı səfərlər əlaqələrin inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında yaradılmış etibarlı müqavilələrin hüquqi bazası ticarət-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Ümumiyyətlə, 50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən artıq sənəd imzalanıb.

 

Etibarlı ticarət tərəfdaşı

 

Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Bu sahədə də əldə olunan nəticələr onu deməyə əsas verir ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa da imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır.

Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə başlanmış regionlararası əməkdaşlıq çərçivəsində rəsmi şəxslər və adamları çoxsaylı qarşılıqlı səfərlər həyata keçirirlər. Son iki ildə Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Tatarıstan, Dağıstan respublikalarının, Sankt-Peterburq, Həştərxan və Vladimir vilayətlərinin nümayəndələri Azərbaycanda səfərdə olublar. Rusiya Federasiyasının 17 subyekti ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb, 4 subyekti ilə hökumətlərarası komissiya fəaliyyət göstərir. Ümumilikdə Azərbaycan Rusiyanın 78 subyekti ilə ticarət-iqtisadi əməkdaşlıq edir.

Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya yönəldib. Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 milyon dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib, “Azərsun Holdinq” şirkəti Krasnodar vilayətində 8 milyon dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 milyon dollar dəyərində çay fabriki tikib.Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” müəssisəsinin tikintisi və təchizatı, Dağıstan Respublikasında isə təqribən 1,5 milyon dollar dəyərində “Anjiİdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti Krasnodar vilayətində 33 milyon dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb. Bu günlərdə isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq zavodunun təməli qoyuldu. 2015-ci ildə keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumundan ötən müddətdə ölkəmizdə 10-a yaxın biznes forumu, “dəyirmi masa” və işgüzar görüş keçirilib.

 

Regionlararası Forum iqtisadi əməkdaşlığa yeni imkanlar açacaq

 

Bu günlərdə Bakıda keçirilmiş VII Azərbaycan-Rusiya Regionlararası Forum da çox böyük əhəmiyyət kəsb edir. Hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin münasibətlərində körpü rolunu oynayır. Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlamenticra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçilərinin iştirakı tədbirin mühüm əhəmiyyətini göstərir. Budəfəki forumda Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla ümumilikdə 600-ə yaxın iştirakçı qatılmışdı.

Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisidir. Prezident İlham Əliyev bildirib: “Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır. Aktual məsələlərin geniş spektrini əhatə edən bu forumların iştirakçılarının nüfuzlu tərkibi və zəngin proqramları onlara yüksək marağın parlaq sübutudur. Bu da tamamilə qanunauyğundur, çünki həmin forumlar məkanında birbaşa dialoq aparılır, yeni işgüzar əlaqələr qurulur, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş konstruktiv təşəbbüslər və innovasiya layihələri yaranır”.

“Əməkdaşlıq körpüsü” adlandırılan forum Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, adamları arasında faydalı görüşlərin keçirilməsi və iqtisadiyyatın ən müxtəlif sahələrinə dair sənədlərin imzalanması ilə əlamətdar oldu. Forum çərçivəsində Azərbaycan və Rusiya arasında sənaye, aqrar, turizmhumanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair “dəyirmi masalar keçirilib.

Dövlət sektorunu və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən “Sənaye: ikitərəfli əlaqələrin perspektivləri” mövzusunda “dəyirmi masada Azərbaycan və Rusiyanın sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edildi.

Turizm sahəsində əməkdaşlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masada hər iki ölkənin turizm potensialı və bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verildi, Rusiya və Azərbaycan regionlarının turizm potensialına dair təqdimatlar oldu. Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” adlı “dəyirmi masada hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, tətbiq olunan qabaqcıl texnologiyalarabaş verən yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Eyni zamanda logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulandı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirildi.

Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilmiş “dəyirmi masada təhsil, elm, mədəniyyət və idman sahələrində birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri və gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olundu. Bütövlükdə Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalandı.

Bakıda keçirilmiş VII Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bununla yanaşı, siyasi, iqtsadi, mədəni və digər sahələrdə əməkdaşlığın güclənməsi perspektivdə daha böyük işlərin görülməsini vacib edir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 16 noyabr.- S. 10.