İsmayıllıda Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin filialı açılıb

 

Müxtəlif mədəniyyətlərin, milli azlıqların, etnik qrupların, fərqli dinlərin və dillərin mövcud olduğu İsmayıllıda Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin (BBMM)  filialı  açılıb.

Filialın açılışı münasibətilə keçirilən tədbiri Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli açdı. Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan beynəlxalq miqyasda multikulturalizm  və tolerantlıq modeli olduğu kimi, İsmayıllı da respublikada  belə bir məkandır. Milli, dini, coğrafidil müxtəlifliyi insanlara münasibətdə heç bir fərqliliyə səbəb olmur. Hər bir milli azlıq və etnik qrupa öz dilini, mədəniyyətini inkişaf etdirmək və dini ayinlərinin  icrası üçün bərabər şərait yaradılır. BBMM-in İsmayıllı filialının yaradılması bu işlərin daha səmərəli təşkilinə geniş imkan açacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Müzəffər Talıblı çıxışında ümummilli lider Heydər Əliyevin ölkəmizi xilas etmək, vahid Azərbaycan xalqını formalaşdırmaq və azərbaycançılıq ideologiyası yaratmaq, tolerantlıq şəraiti təmin etmək yolunda həyata keçirdiyi tədbirlərdən, multikulturalizm və tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğundan danışmışdır.

BBMM-in Analitik təhlil şöbəsinin müdiri  Rəşad İlyasovun və təhsil işçisi, əməkdar müəllim Şəfaqət Rəsulovun çıxışları da maraqla dinlənilmişdir.

Tədbirdən sonra qonaqlar İvanovka tam orta məktəbində olublar. Kənddəki multikulturalizm mərkəzinin məsləhətçisi Valentin Kuliklə görüşüblər. Qonaqlar məktəbə Azərbaycan və rus dillərində kitablar bağışlayıb, tarix-diyarşünaslıq muzeyində olublar.

 

Azərbaycan.- 2016.- 17 noyabr.- S. 8.