Azərbaycanın məhkəmə sistemi davamlı islahatlar yolundadır

 

Qlobal maliyyə böhranı şəraitində iqtisadi inkişaf tempini qoruyub saxlayan müstəqil Azərbaycan insan hüquq və azadlıqlarının aliliyinin təminatına xidmət edən mütərəqqi hüquq islahatlarının daha da genişləndirilməsini mühüm vəzifə olaraq qəbul edir. İnsan amilinin ölkədə həyata keçirilən çoxşaxəli islahatların əsasında yer alması ölkənin məhkəmə-hüquq sisteminin davamlı şəkildə müasirləşdirilməsini, habelə cəmiyyətin dinamik inkişafından irəli gələn mütərəqqi yeniliklərin ali hüquqi qüvvəyə malik Konstitusiyaqanunlarda əksini tapmasını qaçılmaz zərurətə çevirir.

Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü tamam olmuş Azərbaycan ötən illərdə bu istiqamətdə həyata keçirdiyi ardıcıl və sistemli islahatlarla demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna sadiqliyini beynəlxalq miqyasda nümayiş etdirmişdir.

 

İctimai zərurətdən irəli gələn yeniliklər

 

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərə ictimai münasibəti öyrənən 2016-cı ilin 26 sentyabr referendumu bunun əyani təsdiqi olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının konstitusion əsaslarının daha da gücləndirilməsinə, cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə, dövlət idarəçilik mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş ümumxalq səsverməsinin nəticəsi olaraq qüvvəyə minmiş Konstitusiyaya əlavə və dəyişikliklər ictimai həyatın digər mühüm sahələri ilə yanaşı, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı bəzi məsələləri də özündə ehtiva etmiş, ümumən ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə yeni təkan vermişdir.

Bütün sahələrdə inkişaf edən, qüdrətlənən Azərbaycan dövləti Konstitusiyaya əlavə və dəyişikliklərlə hər bir vətəndaşın hüquqlarının daha etibarlı qorunması ilə bağlı üzərinə yeni öhdəliklər götürmüşdür. İnsan ləyaqətinə hörmət; insanların etibarlı məhkəmə müdafiəsi; hüquq və azadlıqlardan sui-istifadənin yolverilməzliyi; xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması; şəxsi toxunulmazlıq hüququnun daha etibarlı müdafiəsi; irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan təşviqat və təbliğatın yolverilməzliyi; passivaktiv seçki hüquqları üçün yaş həddinin bərabərləşdirilməsi (18 yaş); vitse-perzident institutunun yaradılması və digər aktual hüquqi məsələlər Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər sırasında yer almışdır.

Konkret olaraq Əsas Qanunun 60-cı maddəsinə (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) edilmiş əlavə və dəyişikliklər vətəndaşların hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə, bununla bağlı onlara əlavə hüquqların verilməsinə xidmət edir.

Ümumilikdə, yekunlaşmaqda olan 2016-cı il respublikamız üçün insan və vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsinə yönəlmiş islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdardır. Bu sahədəki nailiyyətlər respublikamızın insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşməsinə, həmçinin inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsi və yerli şəraitdə tətbiqinə də imkan yaratmışdır.

 

Məhkəmə-hüquq islahatlarında keyfiyyətcə yeni mərhələ

 

Ötən illər ərzində uğurla davam etdirilən çoxşaxəli islahatlar respublika məhkəmələrinin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsınin qanunamüvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyət qolu kimi fəaliyyət göstərmələrinə imkan yaratmışdır. Bölgələrdə yaşayan əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə regionlarda inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının artırılması, hakim vəzifəsinə seçki və təyinatların şəffaf, ədalətli mexanizmlərlə reallaşdırılması, məhkəmə orqanları üçün yüksək estetik zövqlə inşa edilmiş inzibati komplekslərin müasir texnologiyalarla təchiz olunmaları həyata keçirilən islahatların real miqyası barədə kifayət qədər obyektiv təsəvvür formalaşdırır.

Qazanılan nailiyyətlər məhkəmələrlə yanaşı, milli ədliyyə sisteminin də hərtərəfli yeniləşməsinə və müasirləşməsinə, dövlətin ən mühüm, əlahiddə hüquq təsisatlarından birinə çevrilməsinə imkan yaratmışdır. Azərbaycan ədliyyəsinin yaranmasının 98-ci ildönümünü ərəfəsində olan ədliyyə işçiləri bu sahədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatları ürəkdən dəstəkləyir, yüksək diqqət və qayğını minnətdarlıq duyğuları ilə qarşılayırlar.

 

Faydalı müzakirələr üçün uğurlu platforma

 

Məhkəmələrin özünüidarə qurumu kimi cəmiyyətdə yüksək nüfuzetimad qazanmış Məhkəmə-Hüquq Şurasının bilavasitə təşəbbüsü və ciddi səyləri ilə ölkəmizin məhkəmə-hüquq islahatları sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda yüksək dəyərləndirilir.

Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyası) təmsilçisi olaraq müxtəlif beynəlxalq tədbirlərdə görüşlərimiz zamanı respublikamızda məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı hər zaman müzakirələr aparır, yüksək təəssüratların şahidi olurbundan qürur hissi keçiririk. Beynəlxalq qurumların təmsilçiləri, əcnəbi hüquqşünas və hakimlər çoxsaylı görüşlər zamanı Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi sahəsindəki nailiyyətlərini təqdir edir, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin olunduğunu xüsusilə vurğulayırlar.

İctimai Birliyin üzv olduğu Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA) və onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) müxtəlif ölkələrdə keçirilən iclaslarının ölkəmiz üçün əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Bu qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq bir tərəfdən Azərbaycanın məhkəmə-hüquq islahatları sahəsində əldə etdiyi uğurların dünyaya obyektiv təqdimatına, başqa tərəfdən isə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə imkan yaratmışdır.

Ümumilikdə, sözügedən beynəlxalq qurumun iclasları məhkəmə hakimiyyəti və hakimlərlə bağlı aktual müzakirələrin aparılması, faydalı təşəbbüslərin irəli sürülməsi, bəzi ölkələrdə mövcud olan problemlərin araşdırılması və həlli baxımından uğurlu platforma rolunu oynayır. Bu iclaslarda irəli sürülən tövsiyə və təkliflər üzv ölkələrdə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Avropa ölkələrində məhkəmə hakimiyyətinə təhdidlər

 

BHA-nın bir müddət əvvəl Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərində keçirilmiş illik iclası maraqlı proqram, səmərəli müzakirələr və zəngin təəssüratlarla yadda qaldı. Şimali Amerika qitəsində yerləşən, özünəməxsus təbiəti, iqtisadi potensialı, şəhər infrastrukturuturizm potensialı ilə diqqəti çəkən Meksika BHA-nın illlik iclasının yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirləri görmüşdü. Meksika Prezidentinin iclasda iştirakı və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması ilə bağlı fikirləri də tədbirin əlahiddəliyindən xəbər verirdi.

BHA-nın iclasından əvvəl Avropa, İbero-Amerika, Afrika, AsiyaŞimali AmerikaOkeaniya regional qrupları ənənəvi olaraq ayrı-ayrı iclaslarını keçirərək bir sıra aktual təşkilati-hüquqi məsələləri müzakirə etdilər. Azərbaycan nümayəndə heyətinin üzv olduğu Avropa Regional Qrupunun iclasında 44 milli assosiasiya iştirak edirdi. Qurumun sədri, fransalı hakim Kristof Reqnard iclası açıq elan edərək gündəlikdə BHA və AHA-nın rəhbər orqanlarına seçkilərin keçirilməsi məsələsinin olduğunu, bununla bağlı hazırlıq işlərinin görülməsi vacibliyini qeyd etdi. AHA-nın prezidenti Kristof Reqnard özü BHA prezidenti vəzifəsinə yeganə namizəd olduğundan, onun tutduğu vəzifəyə, eləcə də müavin vəzifələrinə namizədlər müəyyənləşdirilməli idi. Yəni BHA rəhbərliyinə seçkilərdən sonra AHA prezidentionun müavinləri seçilməli idi.

Daha sonra AHA sədrinin təklifi ilə qurumun 2015-ci ildə Barselonada keçirilmiş iclasının protokolu müzakirəyə çıxarılaraq yekdilliklə təsdiq edildi. İclasda növbəti məsələ kimi çətin vəziyyətdə olan milli hakimlər assosiasiyaları ilə üzrə işçi qrupunun üzvlərinin gördükləri işlər dinlənildi.

HAŞİYƏ: Bu müzakirələr zamanı ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən milli assosiasiyaların üzləşdikləri çətinliklər, problemlər geniş müzakirə olunur, məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunması və hakimlərin fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülür. İndiyə qədər qurumun müxtəlif ölkələrdə keçirilən iclaslarında Avropanın ən inkişaf etmiş ölkələri belə tənqidlərə məruz qaldıqları halda, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və hakimlərin yüksək sosial rifah halının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl islahatlar təqdir olunmuşdur.

Çətin vəziyyətdə olan milli assosiasiyalarla üzrə regional işçi qrupunun rəhbəri, isveçrəli hakim Stefan Kaas bu dəfə Estoniya, Yunanıstan, Bolqarıstan, Ukrayna, Polşa və Türkiyədə məhkəmə hakimiyyəti ilə bağlı narahatlıq doğuran problemlərlə bağlı ətraflı məlumat verdi.

İclasda AHA-nın Avropa Birliyi, Avropa Şurası, Avropa Hakimlərinin Məşvərət Şurası, CEPEJ və Venesiya Komissiyası kimi beynəlxalq institutlarla əməkdaşlığı barədə məlumat verən sədr təşkilatın 2017-ci ildə Moldovada keçiriləcək yaz iclasında bununla bağlı geniş müzakirələrin aparılacağını diqqətə çatdırdı.

İclasda çıxış edən “Brüsselə gedən yollar” adlı işçi qrupunun sədri, almaniyalı hakim Peter Şnayder Avropa məkanında yerləşən bir sıra ölkələrdə hüquqi dövlətlə bağlı problemlərin mövcud olduğunu vurğuladı. O, siyasi hakimiyyətlərin məhkəmə hakimiyyətinə qarşı təzyiqlərinin, hakimləri təsir altına saxlamaq cəhdlərinin getdikcə gücləndiyini təəssüflə qeyd etdi. Məruzə bəyənildi və “Brüsselə gedən yollarİşçi Qrupunun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edildi.

Müzakirələr zamanı Belçika, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, İrlandiya, İsveçrə milli assosiasiyalarının nümayəndələri çıxış edərək Avropa institutları ilə əlaqələri intensivləşdirməklə, bu məkanda yerləşən ölkələrdə hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində sistemli aparılmasının vacibliyini önə çəkdilər.

AHA-ya üzv milli assosiasiyaların monitorinqinin nəticələri ilə bağlı məlumat verən sədr Kristof Reqnard bildirdi ki, Rumıniya və Malta istisna olmaqla, digər üzvlər monitorinqin suallarına cavab vermişlər. O əlavə etdi ki, Avropa regional qrupu üzrə cavablar və göstəricilər digər regional qruplara nisbətən daha yaxşıdır. Bildirildi ki, müzakirələrin cavabları ilə bağlı ətraflı müzakirələr AHA-nın 2017-ci ilin yazında Moldovada keçiriləcək yaz iclasında müzakirə olunacaq. Beləliklə, sədrin üzv assosiasiyaların monitorinqi ilə bağlı məlumatı dinlənilərək qəbul edildi.

Kristof Reqnard Hakimlərin Universal Xartiyasının layihəsi üzərində aparılan barədə də məlumat verərək son variantın milli assosiasiyalara paylanılacağını bildirdi. Dəyişikliklər üzərində işləyən işçi qrupuna prosesi davam etdirmək tövsiyə olundu.

Daha sonra sədr gündəlik mövzusu olan büdcə məsələsi ilə bağlı məlumat vermək üçün sözü BHA-nın Baş katibi Ciokomo Obertaya verdi. Sonuncu büdcə məsələsi ilə bağlı BHA-nın iclasında hesabatın təqdim olunacağını və müzakirələrin aparılacağını bildirdi. Ciokomo Oberta AHA-da üzvlük haqqının ödənilməsi ilə bağlı ciddi problemin olmadığını vurğuladı.

İclasın sonunda o da bildirildi ki, AHA-nın 2017-ci il üçün yaz iclası Moldovada, 2018-ci il yaz iclası isə Almaniyada keçiriləcək.

 

Təşkilata yeni üzvlər qəbul olundu

 

BHA-nın iclası “Kamino Real Hotelin üçüncü mərtəbəsindəki konfrans zalında öz işinə başladı. İştirakçıları salamlayan BHA prezidenti xanım Krespo sözü Meksika Hakimlər Assosiasiyasının Prezidenti Edqar Elias Azerə verdi. Meksika Hakimlər Assosiasiyasının prezidenti iclas iştirakçılarını salamlayaraq ölkəsi, habelə Meksikada məhkəmə hakimiyyəti və hakimlər birliklərinin fəaliyyəti barədə ətraflı məlumat verdi və iclasın işinə uğurlar arzuladı.

Daha sonra sədr BHA-ya üzvlük üçün müraciət etmiş iki ölkənin - MavritaniyaSao Tomenin üzvlüklə bağlı müraciətlərinin müzakirəsini təklif etdi. Fransa, Əlcəzair, İtaliya, Anqola və digər üzv ölkələrin nümayəndələri çıxış edərək həmin ölkələrin hakimlər assosiasiyalarının BHA-ya üzvlüyə qəbulu təklifini dəstəklədilər. Hər iki ölkənin namizədliyi yekdilliklə dəstəkləndi, onlar BHA-ya üzv qəbul olundular.

Təşkilatın baş katibi Ciokomo Oberta çıxış edərək bildirdi ki, BHA sədrinin və müavinlərinin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifələrə namizədlər irəli sürülməklə seçkilər keçirilməlidir. O, təşkilatın prezidenti vəzifəsinə yeganə namizədin AHA prezidenti, fransalı hakim Kristof Reqnard, I vitse-prezident vəzifəsinə isə portuqaliyalı hakim, qurumun vitse-prezidenti Jose Manuel İgerija Martins Matos olduğunu vurğuladı. Hər iki şəxsin namizədliyi dəstəklənməklə yanaşı, təşkilat rəhbərinin daha beş müavini səsvermə yolu ilə müəyyən edildi.

Büdcə məsələlərinin müzakirəsi zamanı bir-iki milli assosiasiya istisna olmaqla, digərlərinin üzvlük haqqını vaxtında ödədikləri razılıqla qeyd olundu. BHA-nın Nizamnaməsinə görə üzvlük haqqını 1 il ödəməyən təşkilat səsvermə hüququndan, 3 il ödəməyən isə üzvlükdən məhrum edilir. Üzvlük haqqını 5 ildən artıq müddətdə ödəməyən Qvatamela milli assosiasiyasının qurumdan xaric edilməsi təklifi gərgin müzakirələrdən sonra qeyri-müəyyən müddətə təxirə salındı.

 

Azərbaycandakı islahatlar yüksək maraqla qarşılanır

 

Həmin gün Meksika Prezidenti cənab Enrike Pena Rieto ölkənin baş prokuroru, ədliyyə naziri, məhkəmə-hüquq şurasının sədri, dövlət katibi, ali məhkəmənin sədri və digər dövlət rəsmilərinin müşayiəti ilə iclasda iştirak etdi. Meksika Hakimlər Assosiasiyasının sədri çıxışında bildirdi ki, bu ölkədə məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunmasında ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə vacib rol oynayır.

Sonra çıxış edən Meksika Birləşmiş Ştatlarının Prezidenti cənab Enrike Pena Rieto 2012-ci ildən ölkədə həyata keçirilən köklü islahatlardan, habelə demokratik cəmiyyətin yaradılmasında müstəqil məhkəmə hakimiyyətinin bərqərar olunması vacibliyindən söz açdı. Meksikanın dövlət başçısı müstəqil məhkəmə hakimiyyətinin möhkəmlənməsi üçün bundan sonra da əlindən gələni edəcəyinə söz verərək konfrans iştirakçılarına uğurlar arzuladı.

Fasilədən sonra konfrans iştirakçıları 4 Araşdırma Qrupunda öz işlərini davam etdirdilər. Azərbaycan nümayəndələrinin iştirak etdiyi 2-ci Araşdırma Qrupunda müzakirə olunan sual bu idi: “Kollektiv iddia necə həyata keçirilir?” Azərbaycan nümayəndə heyəti bir neçə ay əvvəlcədən paylanmış bu suala Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 51-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 30-cu maddələri əsasında dolğun və əhatəli cavab hazırlamışdı.

İclasın növbəti mərhələsində BHA-nın beynəlxalq qurumlarla əməkdaşlığı məsələsi müzakirəyə çıxarıldı. Məlum oldu ki, qurum BMT, Haaqa Konfransı, Avropa Şurası, “Ədliyyə DünyadaFondubu kimi digər mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Müzakirələr zamanı o da bildirildi ki, növbəti il BHA-nın iclasına evsahibliyi etmək üçün Çili müraciət etmişdir. Çili haqqında bir neçə dəqiqəlik filmi izləyən tədbir iştirakçıları gələn il iclasın bu ölkədə keçirilməsi təşəbbüsünü dəstəklədilər.

Ümumilikdə, BHA-nın Meksikada keçirilmiş iclası dünya ölkələrinin ölkəmizin məhkəmə hüquq-sistemində həyata keçirilən mütərəqqi islahatlar barədə məlumatlandırılması, ümumilikdə Azərbaycanla bağlı obyektiv rəyin formalaşdırılması baxımından əhəmiyyətli oldu. Səfər çərçivəsində müxtəlif ölkələrdən olan hakimlərlə söhbət zamanı Azərbaycanda həyata keçirilən iqtisadi, siyasihüquqi islahatlar barədə ətraflı məlumat verildi.

Səfərin yekunları kimi onu da xüsusi vurğulamaq istərdik ki, BHA və AHA ilə əməkdaşlıq Azərbaycan hakimlərinin beynəlxalq məhkəmə əməkdaşlığının genişləndirilməsinə, hakimlərin peşəkarlığının artırılmasına, səmərəli fikir və təcrübə mübadiləsinə, habelə ümumi məsələlərin həllinə töhfə verir. Ümumi Məhkəmə Hakimləri Assosiasiyası bundan sonra da Azərbaycanın həm BHA, həm də AHA çərçivəsində maraqlarının qorunması, ölkəmizin məhkəmə-hüquq sistemi ilə bağlı həqiqətlərin dünyaya obyektiv şəkildə çatdırılması baxımından üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

 

Ələddin CƏFƏROV,

Yasamal Rayon Məhkəməsinin sədri,

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri

 

Azərbaycan.- 2016.- 18 noyabr.- S. 6.