Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib

 

Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və digər qurumların təşkilatçılığı ilə baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının qadınların həyatında müstəsna rolunu vurğulayıb. Bildirib ki, kampaniya çərçivəsində ölkəmizdə “Qadınlara qarşı zorakılığa yox deyək!” layihəsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Bu tarix gündəlik həyatında istənilən zorakılığa məruz qalan çoxsaylı qadınlar adından bir çağırışdır. Zorakılığın ən ağır formalarından biri də hərbi münaqişələr zamanı qadınların kütləvi şəkildə hüquqlarının pozulmasıdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Dövlətimizin və beynəlxalq təşkilatların səylərinə baxmayaraq hələ də əsirlikdə qalan, itkin düşən qadınlarımızın taleyindən heç bir xəbər yoxdur.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Hazırda bütün icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilıb. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanların müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir.

Bütün dünyada, o cümlədən Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox görülməlidir. Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin fəaliyyəti daha da gücləndirilməli, aparılan aksiyalar davamlı olmalıdır. Kütləvi informasiya vasitələrində belə mövzulara həssaslıqla yanaşılmalı, verilən məlumatlar insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir. Biz ümid edirik ki, birgə səylərimizlə insan ləyaqətinə yaraşmayan bu problemin aradan qaldırılması istiqamətində davamlı aparılan tədbirlər öz müsbət nəticələrini verəcək”, - deyə H.Hüseynova əlavə edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai isə qadınlara qarşı zorakılığa son qoymaq üçün dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın rolunu vurğulayıb: “Əsası cəmi bir neçə il bundan əvvəl qoyulan kampaniyanın indi milli səviyyədə daha çox iştirakçıları cəlb edən bir tədbirə çevrilməsi təqdirəlayiqdir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan bu kampaniyanın davamlı olacağına əminliyini ifadə edib. Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən B.Muradova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olubheç bir mərhələdə dayanmayıb. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində Azərbaycan parlamentinin üzərinə düşən vəzifələrdən və gördüyü işlərdən danışan Milli Məclis sədrinin müavini qeyd edib ki, Milli Məclisin deputatı, AŞPA nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın bu qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinə sədr seçilməsi bu istiqamətdə ölkəmiz üçün töhfələr verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, qadınlara qarşı zorakılıq yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də baş verir. Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fizikipsixoloji zorakılıq faktları var. Əsas diqqəti qadın zorakılığını yaradan səbəblərə yönəldən M.Qurbanlı bildirib ki, bunu adət-ənənələrlə, dinlərlə bağlamaq düzgün deyil. Çünki bütün səmavi dinlərdə qadınlara yüksək ehtiram təbliğ olunur. Bütün dinlər, eləcə də İslam dini qadın zorakılığına qarşı çıxır.

M.Qurbanlı Azərbaycanda məişət zorakılığının kökünün olmadığını, qadının tarixən cəmiyyətdə və ailədə yüksək tutulduğunu qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan hökumətinin qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirləri alqışladığını deyib. Səfir qeyd edib ki, qadınların təhsilinə sərmayənin qoyulması gender əsaslı zorakılığın həlli yollarından biridir. “Yalnız qadınların hüquqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. ABŞ Azərbaycanda dövlət qurumlarına, vətəndaş cəmiyyətlərinə qadınların səlahiyyətlərinin artırılması istiqamətində köməyini əsirgəməyəcək. Qadınların, qızların təhsil alması çox vacib amildir”, - deyə Robert Sekuta bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə təmsil olunduğu qurumun bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq deyib: “Qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində baş verir. Qadınlara qarşı bütün zorakılıqlar aradan qaldırılmalıdır”.

Milli TeleviziyaRadio Yayımları Şurası sədrinin müavini Qafar Cəbiyev isə çıxışında bildirib ki, hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadınlar və uşaqlar olur. Onların yaşadıqları stress, fizikipsixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Q.Cəbiyev bildirib ki, məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi üçün beynəlxalq qurumlar bu məsələnin müzakirəsinə daha çox vaxt ayırmalıdırlar. Sədr müavini ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında çalışanların yarıdan çoxunun qadınlar olduğunu və qadınlarla bağlı bir çox verilişlərin yayımlandığını da iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib. Ü.Mehdiyev diqqətə çatdırıb ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin 54 faizi, könüllü kimi çalışanların isə 69 faizi qadınlar və qızlardır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN radio” və BMT-nin Əhali Fondunun həyata keçirdiyiSosial media üçün ən yaxşı audio-ssenari” müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb.

Tədbirin sonunda məktəbli uşaqların hazırladığı “Zorakılığa yox deyək!” mövzusunda kompozisiya təqdim olunub.

Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir.

 

Azərbaycan.- 2016.- 22 noyabr.- S. 3.