Tarixi “Soğanı” “Ağ-qırağı haşiyə” ilə yanaşı müasir kəlağayılar da istehsal olunur

 

Növbəti inkişaf mərhələsinə qədəm qoyan Şəki ipəyinin şöhrəti yenidən geri qayıdır

 

Artıq yoldayıq. Yerləşdiyi relyefdən asılı olaraq bir çox hallarda yollar dolanbac olsa da, ümumilikdə qayğılanmağa lüzum görmürük. Sürət baxımından da narahatlıq yoxdur. Seçdiyimiz ünvan Şəkidir. Elmin, mədəniyyətin, damaq dadına uyğun gələn gözəl mətbəxin beşiyi olan Şəki. Lakin bu səfərimizdə sadaladıqlarımızın heç biri bizim marağımızda deyil. Hətta dadı, şirinliyi ilə əvəzi olmayan halvası, dillər əzbəri olan pitisi də... Bizi növbəti dəfə bu oymağa gətirən Şəkinin brend məhsulu olanonu dünyada tanıdan Şəki ipəyidir. Uzun illər, durğunluq dövrünü yaşayan hazırda yenidən bəxtinə gün doğan Şəki ipəyindən danışacağıq.

Şəhərin hündür nöqtələrindən birində yerləşən “Şəki ipək” ASC-nin ərazisinə daxil oluruq. Rəhbərlik işlə bağlı Bakı şəhərinə getdiyi üçün bizi maliyyə üzrə direktor Müzəffər Umarov qarşılayır. O, əvvəlcə müəssisənin tarixi haqqında məlumat verir. Bildirir ki, bu müəssisənin əsası 1926-1932-ci illərdə qoyulub. Həmin dövrlərdə xırda manufaktura şəklində fəaliyyət göstərən istehsalat sahəsi o zaman Şəki İpək İstehsalat Birliyi olub. Burada istehsal zamanı süni və təbii olmaqla iki cür saplardan istifadə edilib. Təbii saplar baramadan, sünilər isə sellülozadan, asitatpiskozadan alınanlardır. Onlar da ümumilikdə götürdükdə ipək tipli sayılır. Baramaçılıqda son illər yaşanan durğunluq bu müəssisənin fəaliyyətinə də təsirsiz ötüşməyib. Lakin ölkə Prezidenti İlham Əliyevin bu istiqamət üzrə qaldırdığı təşəbbüs müsbət nəticəsini verdi. Dövlət başçısının tapşırığına uyğun olaraq ölkənin 24 rayonuna barama qurdu toxumu verilib. Toxumun 19,5 kiloqramı İran İslam Respublikasından, 30 kiloqramı isə Çin Xalq Respublikasından gətirilib. Bu da 1200 kümçü arasında paylanıb. Nəticədə 70,7 ton yaş baramanın əldə edilməsinə nail olunub. Satış qiymətinin 8 manat müəyyən edilməsi insanlar üçün onun cəlbediciliyini daha da artırıb. Əlavə olaraq dövlət başçısının sərəncamına uyğun olaraq istehsala gələn ildən hər kiloqram üçün 2 manat dəyərində subsidiyanın ayrılması da əlamətdar haldır.

M.Umarov qeyd etdi ki, bundan əlavə bələdiyyələrdən 120 hektar tut bağı icarəyə götürülüb. Bunun 4 hektarı Qax rayonunda, qalanı isə Şəki ərazisindədir. Əlavə olaraq əvvəlki illərdə yetişdirilən 10 min ədəd tut tingibu ilin yazında Balakən rayonuna verilib. Qalan 50-60 min ting isə Şəki ərazisində əkiləcək. Əlavə olaraq 2007-2008-ci illərdə səhmdar cəmiyyəti tərəfindən respublikanın bütün rayonlarına tut ağacının tingi paylanılıb. Bu ilki mövsümdə ipəkqurdunun yemlənməsində ondan da istifadə olunub. Rayon icra hakimiyyətləri bu sahəyə ciddi diqqət yetirirlər. Bütün tut ağaclarının inventarlaşması aparılıb. Həmçinin mövcud, yaşlı tut ağaclarından növbəti mövsümdə istifadə olunması üçün budanma işi görülüb. Baramaaçan istehsalında bütün baramaların açılmasına səy göstərilib. Səhmdar cəmiyyəti də öz üzərinə düşən işi uğurla icra edib. Beləliklə məhsul itkisiz toplanıb və emal olunub. Həmin məhsuldan 8 ton 675 kiloqram ipək çıxarılıb. Ən yaxşı halda bu 7 ton olmalı idi. 410 kiloqram da əvvəlki illərdən qalan baramadan istifadə edilib. Beləliklə də 9 ton 86 kiloqram ipək istehsalına nail olunub.

Müsahibimiz dedi ki, gələn il üçün təxminən 200 ton barama istehsalı gözlənilir. O halda istehsalat sahələrinə ümumilikdə 700 nəfər işçinin cəlb edilməsi mümkündür. İllik 450-500 ton baramanın qəbulu isə müəssisənin fasiləsiz işləməsi deməkdir. Bu halda müəssisənin iki və hətta üç növbəli sistemi ilə işləməsi də mümkündür. Ümumilikdə isə ay ərzində 58-60 min kvadratmetr ipək parça toxumaq olar.

Kəlağayı istehsalı hesabı ilə götürsək, burada 1 ildə 20 min ədəd kəlağayı istehsalı mümkündür. Azərbaycan ipəyinin bu məhsula daha çox tələbat olan İranda Çin ipəyi ilə müqayisədə daha keyfiyyətli olması ilə seçilməsi də əlamətdar hadisədir. Hətta çinlilər öz məhsullarını satmaq üçün Şəki brendindən də istifadə edirlər.

Müəssisənin fəaliyyəti haqqında ümumi məlumatlandırmadan sonra pambıq əyirici istehsalatının meneceri Oqtay Əliyevin bələdçiliyi ilə istehsalat sahələri ilə tanış oluruq. Əvvəlcə özünün rəhbərlik etdiyi istehsalata getdik. Müsahibimiz bildirdi ki, pambıq əyirici istehsalatı 10 ildir ki, işə salınıb. Pambıq emalı müəssisələrindən gətirilən mahlıc təmizləndikdən sonra lent şəklində əyirici sexinə verilir. Burada verilən sifarişə uyğun sap istehsalı mümkündür, hətta lazım gəlsə gündəlik 8,5-10 ton məhsul da istehsal oluna bilər. Məhsulun keyfiyyəti ilə bağlı indiyədək alıcılardan heç bir şikayət daxil olmayıb. Buradakı texnologiyalar isə Almaniya istehsalı texnologiyalarıdır. Ümumi işçi sayı 98 nəfərdir. Pambıq əyirici istehsalatının mahlıc olmadığı üçün iki aydır ki, təmirə saxlanıldığını deyən müsahibimiz yaxın günlərdə bu sahədə yenidən işə başlayacaqlarını dedi.

Növbəti daxil olduğumuz toxucu istehsalatıdır. İstehsalat sahəsi sanki qaynayıb daşırdı. Dəzgahların səsi bir-birinə qarışmışdı. Hər kəs öz işinin başında dayanaraq vəzifə təlimatına uyğun olaraq üzərinə düşəni icra edirdi. Burada bizi istehsalatın texnoloqu Məhəbbət Abduləzimova qarşılayır. O, bizə xoş gəldin etdikdən sonra işləri haqqında məlumat verir:

- Düz 30 ildir ki, bu müəssisədə çalışıram. Ümumiyyyətlə, biz ailəlikcə bura bağlıyıq. Atam Xəyyam, anam Şərifə və bacılarım da bu müəssisədə çalışıblar. Bir sözlə, bizi ipəkçilər ailəsi də adlandırmaq olar. Hazırda bizim nəslin davamçılarından biri pambıq əyirici istehsalatında çalışır.

Biz sapı baramaaçan istehsalatından kələf şəklində alıb həmin ipəyi xüsusi maddələrlə islatdıqdan sonra mağaralara asırıq. Bundan sonra mağaralar əriş maşınına verilir. Əriş də hazır olduqdan sonra toxucu istehsalatındakı dəzgahlara yüklənir və parça toxunmasına başlanılır. Bizim kollektivin əsas vəzifəsi parça toxumaqdır. Hazırda burada kəlağayı parçası toxunur. Bir dəzgahın saatda istehsal gücü 2,5 metrdir. Gün ərzində bir toxucu dəzgahı 20 metr parça toxuyur. Hazırda istehsalatda işləyən dəzgahların sayı 90 ədəddir. Gündəlik normaya uyğun olaraq dəzgahlardan 1800-2000 metr məhsul çıxır. Bu da 1100 ədəd xam kəlağayı deməkdir.

Burada sarınma, toxuma və əriş sarıma prosesində dünyanın son nəsil texnoloğiyalarından istifadə edilməkdədir. Bunlara Avstriya, Almaniya, İsveçrə istehsalı olan avadanlıqlar nümunə göstərilə bilər. Onlar da məhsulun keyfiyyətinin artmasına və paralel olaraq kəmiyyətə təsir göstərir.

Hazırda kollektivdə 60 işçi çalışır. İş həcmi artıq olan dövrlərdə isə say təxminən 120 nəfəri keçirdi.

Maraqlı məqamlardan biriondan ibarətdir ki, Avropadan gətirilən texnologiyalar əsasən süni ipəklər üçün nəzərdə tutulmuşdu. Lakin sonradan yaranan zərurət nəzərə alınaraq onların təbii ipəyin alınmasına istifadə edilməsi həyata keçirilib. Nəticədə 100 faizli təbii ipəyin alınmasında istifadə olunur.

Ümumiyyətlə, sovetlər dönəmində burada 85 faiz süni ipək parçalar istehsal olunub. 15 faizi isə təbii ipək olub. Kirpişim, şefon, zəriflik kimi dünyaşöhrətli parçalar burada istehsal edilib. 1996-cı ildən sonra isə 100 faiz təbii ipəkdən olan kəlağayı parçasının toxunmasına başlanıb. Bu parçalar dünya dövlətləri arasında İranFransada daha çox tanınıb. Hətta zəriflik parçası Fransada keçirilən müsabiqədə qızıl medala da layiq görülüb.

Boyaq-bəzək istehsalatına daxil oluruq. Burada da qaynar gedir. Kimi toxunmuş parçanı kəlağayı istehsalına hazırlamaq üçün bişirmə sahəsində, kimisi boyaq yerində, kimisi isə bəzək gülvurma fəaliyyəti ilə məşğul olur. İstehsalatın meneceri Qüdrət Quliyev deyir:

- Düz 33 ildir ki, bu sahədə çalışıram. Ötən dövrdə müxtəlif vəzifələrdə çalışmışam. Burada tarixi kəlağayılardan “Soğanı”, “Ağ-qırağı haşiyə”, “Heyratı” və digər növ kəlağayılar istehsal olunur. Müxtəlif kəlağayılar isə yetəcək qədərdir. Onlara zövqdən asılı olaraq istənilən rəng və gülləri vurmaq mümkündür. “Soğanı” kəlağayı vahiddirtarixidir. “Ağ-qırağı haşiyə” kəlağayılar isə toxunulmazdır. Hazırda tarixi qoruyub saxlamaq şərti ilə əsasən müasir kəlağayılar istehsal olunur. Onlara uyğun sifarişlər də olur. İstənilən vətəndaş, dizayner, yaxud da sahibkar öz istəyinə uyğun kəlağayının hazırlanmasını sifariş verə bilər. Bu gün həmin fəaliyyət 13 nəfər tərəfindən həyata keçirilir. Ay ərzində 1000-ə yaxın güllü kəlağayı istehsal olunur, 20-30 min ədədi isə sifarişə uyğun olaraq yarımfabrikat şəklində xaricə göndərilir. Lakin sifariş veriləcəyi halda kəlağayı istehsalını təxminən 3 minə çatdırmaq mümkündür.

Müsahibimiz gördüyü işin bir qədər dərinliyinə nüfuz edərək bildirdi ki, ipək deyəndə baramaqurdu, baramaqurdu dedikdə isə onun ağzından çıxan fibrain-seriksin nəzərə alınmalıdır. 75 faiz fibrain, 25 faiz isə seriksindir. Qurdun ağzından bu məhlul çıxan kimi oksidləşir və sap əmələ gəlir. Tərkibində heç bir qarışıq yoxdur. Əsl ipəyə əl vuranda ondakı soyuqluq necədirsə, oxşar halı baramaqurdunda da müşahidə etmək mümkündür. Təbiiliyin vacib seqmentlərindən biribudur. Bundan başqa, ipəyin tibbi əhəmiyyəti də var. Bel, başboyun ağrılarında kəlağayıdan istifadə edilir. Bundan başqa, yanıq halı baş verən insanlara da yaranın sərin qalması üçün kəlağayı tövsiyə olunur.

Boyaq-bəzək istehsalatının gülvuranı Məhəbbət İsmayılovaya yaxınlaşırıq. Dediyinə görə 10 ilə yaxındır ki, bu işlə məşğul olur. Deyir ki, bu işdə səliqəli olmaq və dəqiqlik çox vacibdir. Çünki cüzi bir diqqətsizlik simmetriyanın pozulması, gülün uyğun olmayan yerdən vurulmasıdır. Bu da istər-istəməz məhsulun satışına təsir deməkdir. Ay ərzində isə 500-600 ədəd kəlağayıya gül vurmasının mümkün olduğunu deyir. Burada pambıq parçaların boyanması və güllənməsi də onlar tərəfindən yerinə yetirilir.

Görülən işdən gül iyi gələr deyirlər. Göründüyü kimi, aqrar sektorda ənənəvi istehsalat sahələrinin yenidən relsə salınması, milli iqtisadiyyatın inkişafına yönəlik geniş addımların atılmasının birinci ili olmasına baxmayaraq, artıq bu sahə ilk müsbət nəticələrini verməkdədir. İxraca yönəlik ipək parçalarının istehsalı Azərbaycanın bu sahədəki uğurlarının ilk qaranquşlarından olacaq və “Made in Azerbaijanbrendli məhsulların sırası daha da genişlənəcək.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2016.- 22 noyabr.-  S.8.