Azərbaycan Cənubi Qafqazın ən azad internet ölkəsidir

 

Fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanda demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz, fikir və mətbuat azadlığı tam bərqərar edilib. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şərait yaradılıb.

 

Ölkəmizin demokratik inkişafı söz və mətbuat azadlığını təmin edir

 

Təsadüfi deyil ki, bu gün ölkəmizdə 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet işıq üzü görür. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Azərbaycanda internet azadlığı tam təmin olunub və ölkə vətəndaşlarının 75 faizindən çoxu fəal internet istifadəçisidir. 2 milyon vətəndaşımız isə sosial şəbəkələrdən istifadə edir. Bu mənada ötən 25 ildə Azərbaycanın nail olduğu demokratik inkişafın mühüm bir istiqaməti söz və mətbuat azadlığının təmin edilməsidir.

Onu da qeyd edək ki, bu günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatı yayımlanıb. Hesabata əsasən Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində qlobal reytinqində 175 ölkə arasında 58-ci yeri tutub. Siyahıya əsasən Moldova sıralamada 68-ci, Ermənistan 71-ci, Gürcüstan 72-ci, Ukrayna isə 76-cı sırada qərarlaşıb.

Bu hesabat Azərbaycanda İKT-nin inkişafı ilə yanaşı, həm də internet azadlığını sübut edən faktordur. Çünki İKT-nin inkişafı interneti insanlar üçün daha da əlçatan edir, informasiya əldə etmək imkanlarını artırır. Bu mənada hesabat göstərir ki, Azərbaycan Cənubi Qafqazın ən azad internet ölkəsidir

Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən əsas vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Amma təəssüflə qeyd etməliyik ki, mətbuatın ümdə prinsiplərindən uzaq düşən, antiazərbaycançı dairələrin nəzarətində olan və ya təsir altına düşməklə ölkəmizdəki söz azadlığı ilə bağlı əsassız iddialarla çıxış edən bəzi KİV-lərin fəaliyyəti ancaq Azərbaycan rəhbərliyinin və hakimiyyətinin fəaliyyətinə kölgə salınması üzərində qurulub. Ölkədə gedən inkişafı, quruculuğu, insanların sosial rifahında baş verən dəyişiklikləri görməzliyə vuran bu KİV-lər tənqid yox, təhqiri özləri üçün meyar seçiblər. Onlar tamamilə siyasiləşərək nəinki jurnalistikanın əsas prinsiplərindən, hətta peşə etikasından uzaqlaşıblar.

Bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti həmişə həmin KİV-lərin yazdıqlarına dözümlülük nümayiş etdirib. İndiyədək Azərbaycan hakimiyyətinin ünvanına söylənmiş hər hansı fikrə görə bir qəzet bağlanmayıb, məhkəməyə verilməyib və ya başqa bir təzyiqə məruz qalmayıb. Əksinə, ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasəti onların daha sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradıb.

 

KİV-ə dəstək dövlət siyasətidir

 

Bu gün istənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaq və yaymaq imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya vasitələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, əgər əsasları varsa, tənqid də edirlər. Vəzifəli şəxslərin, məmurların tənqidi mətbuat üçün demək olar ki, adi normadır. Mətbuatda tənqid olmalıdır və Azərbaycanda da digər demokratik cəmiyyətlərdə olduğu kimi, bu, normal qəbul olunur.

Sırf peşə etikasını gözləməklə həyata keçirilən fəaliyyətə görə hələ indiyədək heç bir media mənsubu hansısa təqibə məruz qalmayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-Müsavat cütlüyünün iqtidarı zamanı baş verənləri nəzərə almasaq, indiyədək Azərbaycanda peşə qanunvericiliyinə əməl edən heç bir jurnalistə təzyiq göstərilməyib. Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə fikirlərini ifadə etmək imkanlarının məhdudlaşdırıldığını iddia etsələr də, heç vaxt ortaya fakt qoya bilməyiblər. Çünki əsl reallıq tamamilə başqa mənzərədən xəbər verir.

Bu günlərdə Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!”

Odur ki, Azərbaycanla bağlı bəzi təşkilatların hesabatlarında müxtəlif zamanlarda yer alan iddialar, insanların azad şəkildə informasiya almaq imkanlarının olmaması barədə deyilənlər cəfəngiyyatdır. Belə faktlar olmadığına görə onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir.

 

İnsan hüquqlarına ikili standartlardan yanaşma qəbuledilməzdir

 

Jurnalistika fəaliyyəti ilə məşğul olmaq heç kimə müstəsna hüquqlar və digər vətəndaşlarla müqayisədə üstün səlahiyyətlər vermir. Digər sahələrdə olduğu kimi, mətbuatda da çalışan hər kəs fəaliyyət göstərdiyi ölkənin qanunlarına riayət etməyə borcludur.

Lakin onu da təəssüflə qeyd etməliyik ki, bu gün özünü jurnalist hesab edən bəziləri mətbuatda yol verdikləri etik pozuntuları, vergidən yayınmanı, xuliqanlığı, hətta adi məişət səviyyəsində üzləşdikləri məsələləri söz azadlığının boğulması kimi qələmə verməyə çalışır, hüquqazidd əməllərini mətbuata təzyiq kimi pərdələməyə cəhd göstərirlər.

Azərbaycan hüquq dövlətidir. Xalqın iradəsi ilə Konstitusiyamızda təsbit olunmuş bu müddəa respublikamızın demokratik inkişafının əsas prinsiplərindən biridir. Ölkəmizdə hər bir məsələ məhz hüquq və qanunçuluq prinsiplərinə əsaslanır. O cümlədən mətbuatda qanunçuluğun pozulmasına, cinayət və ya inzibati məsuliyyət yaradan hərəkətlərə qarşı da qanunvericiliyə uyğun müvafiq ölçü götürülür. Qəzet və ya jurnalistin məhkəməyə verilməsi tamamilə demokratik normadır və bu, mətbuata təzyiq kimi qiymətləndirilə bilməz. Danılmaz faktdır ki, bir sıra hallarda mətbuatda etik tələblərin pozulması, təhqir və şantaj, məqsədyönlü şəkildə yalan məlumatların yayılması kimi hallar baş verir. Amma buna görə ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, heç bir jurnalist döyülmür və ya heç bir redaksiyaya basqın edilmir.

İndiyədək heç bir jurnalist peşə fəaliyyətinə görə həbs olunmayıb. Hansısa jurnalist qanunu pozduğuna görə həbs olunubsa da, onun çalışdığı media orqanı fəaliyyətini dayandırmayıb. Antiazərbaycançı şəbəkə bu cür hadisələri siyasiləşdirməyə çalışsa da, onu heç nə ilə əsaslandıra bilməyib. Çünki hər kəsin əməlləri göz önündədir. Qanunsuz sahibkarlıq fəaliyyətini, vergi ödəməkdən yayınmağı inkar etmək mümkün deyil. Belələrini Qərb ölkələrində daha sərt şəkildə cəzalandırırlar. Belə olduğu halda bəzi Qərb dairələrinin hansısa məsələni siyasiləşdirməyə cəhd etməsi riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşdə bununla bağlı deyib: “Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?”

Azərbaycandakı demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi sərbəst şəkildə media qurumu yaradıb fəaliyyət göstərməyə imkan verir. Həmçinin ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərində tətbiq olunmuş senzura da aradan qaldırılıb. Hər bir media orqanı və jurnalist sərbəst informasiya toplaya və yaya bilər. Odur ki, Azərbaycanda medianın vəziyyəti ilə bağlı bəzi dairələrin reallıqla səsləşməyən iddiaları qərəzdən başqa bir şey deyil.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 1, 2.