Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin önəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirdi. Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğuladı. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən “Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini dedi.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd etdi. Dövlətimizin başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd etdibildirdi ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.

Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olundu.

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 2.