Gəncə Avtomobil Zavodu daha bir uğura imza atdı

 

Zavodda yığılan mini pambıqyığan kombaynların sınağına başlanıldı

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Gəncə Avtomobil Zavodu inkişaf mərhələsini yaşayır. İndi müəssisədə istehsal edilən texnikalara nəinki ölkə daxilində, eləcə də onun hüdudlarından kənarda da rast gəlmək olar. Qafqazda yeganə avtomobil istehsalçısı olan müəssisə son illər istehsalat sahələrini genişləndirməklə, özünə daha çox partnyor tapmaqla yeni-yeni uğurlara imza atmışdır.

Bünövrəsi 1985-ci ildə qoyulan zavodun inşası bir il sonra başa çatmalı idi. Lakin Sovet İttifaqının süqutu nəticəsində zavodun tikintisi yarımçıq qaldı və bu, 2004-cü ilədək davam etdi. Lakin nəhəng tikilinin fəaliyyəti dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə fəaliyyətə başladı. Həmin il Rusiyanın Naberejniye Çelnı şəhərində yerləşən kiçik tutumlu avtomobillər istehsal edən zavodla bağlanmış müqaviləyə əsasən, Gəncə Avtomobil Zavodunda “OKA” markalı avtomobillərin yığımına başlanıldı. Az müddət ərzində 314 maşın yığılaraq dövlət vəsaiti hesabına Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən müharibəsi veteranlarına verildi. İlk uğurdan ruhlanan müəssisə kollekivi 2015-ci ildə Rusiyanın daha bir avtomobil nəhəngi ilə müqavilə bağladı və burada “UAZ” avtomobillərinin yığımı həyata keçirildi. Daha sonra Çin Xalq Respublikasının “Çan-Qan” şirkəti ilə imzalanan müqaviləyə əsasən, burada 7 modeldə orta tonnajlı yük maşınlarının yığımına start verildizavodun iqtisadi imkanları genişlənməyə başladı.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov söhbət zamanı dedi ki, hər dəfə müqavilələr başa çatanda kollektiv narahatlıq keçirirdi. Hamı fikirləşirdi ki, görəsən müəssisə fəaliyyətini dayandırmayacaq ki, buna da son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabr ayında Belarus Respublikasına səfəri zamanı iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, o cümlədən Minsk TraktorAvtomobil Zavodu ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq əlaqələrinin yaradılması barədə razılığa gəlindi və müəssisələr arasında uzunmüddətli əməkdaşlığa dair müqavilə bağlandı. Bundan sonra Gəncə Avtomobil Zavodunda ümumi ərazisi 20 min kvadratmetr olan sexdə yenidənqurma işlərinə başlanıldı və yeni texnoloji xətlər quraşdırıldı. Yığım üçün yeni avadanlıqlar gətirildi. 2007-ci ilin mart ayından “MTZ” markalı “Belarus-80.1”, “Balarus-1221”, “Belarus-1025”, “Belarus-892”və “Belarus-80X” modellərində traktorların, traktorlarla paralel “MAZ” və “Belarus” traktorlarının bazasında müxtəlif təyinatlı, o cümlədən asma avadanlıqları, ekskavatorlar, asfaltkəsən, qartəmizləyən texnikaların da istehsalına başlanıldı.

İldən-ilə qazanılan uğurlar Gəncə Avtomobil Zavodunun kollektivini arxayınlaşdırmadı. Müəssisə rəhbərliyi bir çox xarici ölkələrin avtomobil istehsalçıları ilə, tanınmış şirkətlərlə danışıqlar aparıb istəyinə nail oldu. 2008-ci ildə qardaş Türkiyə Respublikasının “Aqrional” və “Pirtizion” şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, müəssisədə traktor qoşqularının və asma avadanlıqlarının yığımının həyata keçirilməsinə başlanıldı. Almaniyanın “Haller” şirkəti, Gəncə və Minsk avtomobil zavodları arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən, “MAZ” avtomobilinin bazasında kommunal texnikaların isehsalına dair uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalandıqdan sonra əlavə olaraq 6 min kvadratmetr yığım sexi yaradıldı. Qısa vaxt ərzində 100-dən artıq 21 kubmetr tutumu olan məişət tullantıları yığan avtomobillər istehsal edildi.

Bu il müəssisədə ictimai nəqliyyatda böyük ehtiyac duyulan və “Avro-5” standartlarına uyğun avtobusların istehsalına da başlanılıb. Hazırda Belarus mütəxəssisləri ilə birgə hazırlanan avtobusların sınağı keçirilir.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu ötən il 86 milyon 583 min manat dəyərində məhsul istehsal edərək yüksək göstəriciyə nail olub. Hazırda zavodda 600-dən çox işçi çalışır. İlk dəfə “OKA”, “UAZ”, “Çan-Qan” avtomobillərinin yığımı ilə işə başlayan müəssisədə indi 35 çeşiddə müxtəlif texnika istehsal edilir. Bu günə qədər istehsal müəssisəsində 8 model üzrə taktor, o cümlədən xüsusi təyinatlı mini traktorlar istehsal edilib ki, onlardan da 5737-si dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə, 497-si fermerlərə və fərdi sahibkarlara satılıb. Fəaliyyət göstərdiyi dövrdə zavodda 20 modeldə müxtəlif modifikasiyalarda 2600 ədəd “MAZ”, “KamAZ”, “Ural” avtomobillərinin yığımı həyata keçirilib.

Gəncə Avtomobil Zavodunun mütəxəssisləri bu yaxınlarda daha bir uğura imza atıblar. Müəssisədə “Belarus” traktorlarının bazasında mini pambıqyığan kombaynların istehsalı üçün sınaq işlərinə başlanılıb.

Müəssisənin direktoru bununla bağlı dedi ki, bu kombaynlar fermerlərə olduqca əlverişli olacaq. Çünki pambıq yığımı cəmi 2 ay davam edirilin qalan 10 ayı ərzində kompaynlar səmərəsiz qalır. Nəzərə alınsa ki, Avropa ölkələrindən alınan pambıqyığan kombaynların qiyməti təxminən 400 min manatdan çoxdur, görün nə qədər vəsait lazım olur. Odur ki, belə qərara gəldik ki, “Belarus” traktorlarının bazasında mini kombaynların yığımına başlayaq. Bunun üçün BelarusunQomSelmaşzavodundan gətirdiyimiz kombaynın pambıqyığan aqreqatını “Belarustraktorunun arxa hissəsinə uyğunlaşdırdıq. İlk sınaq uğurlu oldu və fermerlər bunu razılıqla qarşıladılar. Pambıq yığımı başa çatdıqdan sonra pambıqyığan aqreqat sökülərək növbəti yığıma saxlanılacaq və traktor digər kənd təsərrüfatı işlərinə cəlb ediləcək.

Ümumiyyətlə, 12 illik fəaliyyəti dövründə müəssisənin inkişaf tempi həm iqtisadi göstəricilər, həm də işçilərin sosial təminatı baxımından nəzərəçarpacaq dərəcədə yüksəlib. Müəssisə fəaliyyətə başladığı ildə işçilərin sayı 80 nəfər idisə, 2016-cı ildə 600 nəfər təşkil edir. Əgər 2008-ci ildə orta aylıq əməkhaqqı 90 manat idisə, indi bu rəqəm 400 manatdan çoxdur.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 5.