Sumqayıt Dövlət Dram Teatrı 48-ci mövsümünə başladı

 

Sumqayıt Dövlət Dram Teatrının növbəti 48-ci mövsümünün açılışı keçirilib.

Qonaqlar yenicə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, şəhər uşaq və incəsənət məktəbi və Sumqayıt bulvarı ilə yaxından tanış olublar.

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, teatr xadimləri, ictimaiyyətin nümayəndələri əvvəlcə yenicə təmirdən çıxan teatr binasına baxış keçiriblər. Burada bildirilib ki, şəhər sakinlərinin mədəni həyatına töhfə olan Sumqayıt Dram Teatrının binası 1956-cı ildə istifadəyə verilib. 1968-ci ildən indiyədək təmir edilməyib. Ötən ilin dekabrında teatrın binasında yenidənqurma işlərinə başlanılıb. Əsaslı təmir zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırılıb.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiyaqrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar mərmərlə üzlənib.

Teatr binasının qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə də mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Daha sonra açılışda çıxış edən nazir Ə.Qarayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcov şəhər ictimaiyyətini belə bir mədəni tədbir ilə bağlı təbrik etdilər. Mərasimdə bildirildi ki, bu il sentyabrın 27-də dövlət başçısı Sumqayıta növbəti səfəri zamanı şəhərin Heydər Əliyev parkında, SülhSahil küçələrində, Sumqayıt Dövlət Dram Teatrının binasında həyata keçirilmiş yeniliklərlə tanış oldu, bir sıra obyektlərin açılışını etdi. Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Onlardan biri də Sumqayıt Dövlət Dram Teatrıdır. Bura sumqayıtlıların mədəni ocağı kimi tanınır. Xüsusi qeyd edildi ki, ümummilli lider Heydər Əliyev bu teatrda olmuş, dəfələrlə tamaşalara baxmışdır. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində teatr özünün yeni həyatını yaşayır.

Mərasimdə mədəniyyət sahəsində göstərdikləri xidmətə görə teatrın bir qrup nümayəndəsinə Mədəniyyət və Turizm Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu.

Sonra Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Hacı Qara” tamaşası göstərildi.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 8.