İKT-nin müasir vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

 

Noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiyakommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov konfransın əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin məqsədi müasir informasiyakommunikasiya texnologiyalarının (İKT) inkişaf ənənələri, perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır. Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan AzTU bu istiqamətdə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub. Ölkəmizdə İKT-nin mövcud vəziyyətindən bəhs edən X.Yahudov ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, İKT sahəsi bu gün də Azərbaycanda prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün sərəncamlar imzalanıb, dövlət proqramları qəbul edilib. Bu, Azərbaycanda müvafiq sahənin dövlət tərəfindən daim diqqətdə saxlanılmasının parlaq nümunəsidir.

Bu gün İKT-nin bütün sahələri əhatə etdiyini deyən Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bu sektorun inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırılıb ki, təhsil ocaqlarında informasiya texnologiyalarının tətbiqi üzrə aparılan işlər müsbət nəticələr verməkdədir. Ölkəmizdə bu sahədə mövcud potensial və beynəlxalq təcrübə nəzərə alınmaqla icra olunan layihələrin sayının artması İKT-nin inkişafı üçün yeni imkanlar aça bilər. 

“Azərbaycanda İKT infrastrukturunun inkişaf meyilləri” mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov son illər ölkəmizdə İKT infrastrukturunun xeyli inkişaf etdirildiyini bildirib. Qeyd edilib ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanda bu sahənin sürətli inkişafına güclü təkan verib. Sənəddə yer alan əsas vəzifələrdən biri inkişaf etmiş informasiyakommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiyakommunikasiya xidmətlərinin genişləndirilməsidir. Bu hədəflərə nail olunması, şübhəsiz, ölkəmizin hərtərəfli inkişafına töhfə verəcək.

Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev informasiya texnologiyalarının tətbiqinin gələcəkdə daha da genişlənərək qlobal xarakter alacağını qeyd edib. Bildirilib ki, bu tendensiyanın sürətli inkişafı müvafiq sektorda innovasiyaları izləmək və tətbiq etmək zərurəti yaradır.

Nazirlər Kabinetinin şöbə müdiri Elxan Bağırzadə və digər çıxış edənlər İKT sektorunun çoxşaxəli inkişafının vacibliyini vurğulayıb, AzTU-nun bu sahəyə verdiyi töhfələrdən danışıblar.

İşini bölmə iclasları ilə davam etdirən konfransda Türkiyənin “MilSOFT” şirkətinin təmsilçisi Tolqa Çelikin “Müdafiə sahəsində yeni informasiya texnologiyalarının tətbiqi - MilSOFT yanaşması”, AzTU-nun çoxkanallı telekommunikasiya sistemləri kafedrasının müdiri Mehman Həsənovun “İKT-nin inkişafı və innovativ texnologiyalara transformasiya mərhələləri” mövzularında məruzələri dinlənilib.

Noyabrın 25-dək davam edəcək konfransda müasir informasiyakommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparılacaq.

 

Azərbaycan.- 2016.- 24 noyabr.- S. 8.