Bakıda TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının iclası keçirilib

 

Noyabrın 24-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ətraf mühit və təbii ehtiyatlar komissiyasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdaQlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəbləri və nəticələrinə dairhesabat məruzəsinin və tövsiyə qərarının layihələri, “Türkdilli ölkələrdə səhralaşma ilə mübarizə üzrə ekspert toplantısının hesabat layihəsi”, həmçinin komissiyanın növbəti iclası ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, layihələr səsə qoyularaq ilkin olaraq TürkPA-nın plenar iclasına tövsiyə olunub və məruzəçilər təsdiqlənib.

İclasda çıxış edən komissiyanın sədri, Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov bildirib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas yanaşmalıdır. Çünki əgər cəmiyyət bu problemlərin həlli ilə məşğul olmasa, gələcəkdə ciddi təhlükələr yarana bilər.

Komitə sədri deyib ki, insanların ətraf mühitə atdığı tullantılar da ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problemi mövcuddur. Dünyada 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların eroziyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, həmçinin meşə sahələri məhv edilir. O vurğulayıb ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir.

İclasda çıxış edən TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini, Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık bildirib ki, iqlim dəyişikliyi təmsil etdiyi ölkəyə də təsirsiz ötüşmür. Buna görə də TürkPA-ya üzv ölkələr birləşərək belə problemlərlə birgə mübarizə aparmalıdırlar. O qeyd edib ki, ətraf mühitin problemlərinə həsr olunan sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə də toxunulub.

İclasda çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vurğulayıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ayrı-ayrı sferalarda fəaliyyət göstərən vahid ekoloji siyasəti həyata keçirmək məqsədilə 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Yaradıldığı ilk gündən həmin qurum bu sahədə qarşıya qoyduğu məsələlərin həlli istiqamətində fəaliyyət göstərib. “Hər bir ölkənin gələcəyi üçün onun gənc nəslinin sağlam olması çox önəmlidir. Belə bir deyimvar ki, sağlam bədəndə sağlam ruh olar. Təbii ki, sağlam bədən sağlam ətraf mühitin olduğu yerdə formalaşır”, - deyə nazir müavini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ekologiya sahəsində böyük uğurların əldə olunduğunu bildirən F.Əliyev qeyd edib ki, 2010-cu ilinEkologiya ilielan edilməsində əsas məqsəd diqqəti mövcud ekoloji problemlərin həllinə yönəltmək idi.

Bu günə qədər ölkədə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanunun qəbul olunduğunu vurğulayan F.Əliyev deyib: “Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilər 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə cəmi bir milli park var idi. Hazırda isə Azərbaycanda 9 milli park var. Ölkədə 10.3 faiz xüsusi mühafizə olunan ərazi mövcuddur”.

Müzakirə olunan məsələlərin önəmindən danışan Milli Məclisin deputatı, təbii ehtiyatlar, energetikaekologiya komitəsinin üzvü Muxtar Babayev dünyada, o cümlədən Azərbaycanda bu sahədə olan problemlərin həlli istiqamətində atılan addımlardan danışıb.

Qazaxıstan parlamentinin nümayəndəsi Aliyə Saparova, Qırğızıstan parlamentinin nümayəndəsi Müzeffer İsakov mövzu ilə əlaqədar fikirlərini bildiriblər. Qeyd olunub ki, qloballaşan dünyada türk dövlətləri arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsi olduqca vacib və əhəmiyyətlidir.

İclasın sonunda qurumun prosedur qaydalarına uyğun olaraq komissiyanın 3-cü iclasının yeri və vaxtı təyin olunub. Bildirilib ki, gələn ilin ikinci yarısında Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan toplantı “Alternativ enerji mənbələrinin inkişafı” mövzusuna həsr olunacaq.

 

Azərbaycan.- 2016.- 25 noyabr.- S. 3.