Sonuncu həmlə və əbədi həyat

 

Vətənə məhəbbət, onun hər qarışının necə müqəddəs olması tarixin sınaqlarında, torpaq uğrunda savaşlarda formalaşır. Necə ki, qərinələrdir igid oğullarımız öz qəhrəmanlıqları ilə bunu sübut ediblər, Vətənin bir qarış torpağına görə canlarını fəda etməkdən belə, çəkinməyiblər. Bununla həm də yadellilərə, qonşusunun torpağına göz dikən xainlərə Vətənin nə olduğunu anladıblar, öz yerlərini göstəriblər. Bu ilin aprelində də təxribat yolu ilə Azərbaycan torpağında növbəti vəhşiliyi həyata keçirməyə cəhd edən erməni qüvvələrini yerində oturtmaqla Azərbaycan əsgərləri nəyə qadir olduqlarını göstərdilər.

Bu müharibədə digər qoşun növləri ilə yanaşı, çevikliyi ilə fərqlənən Azərbaycanın hərbi hava qüvvələri də iştirak edirdi. Azərbaycan şahinləri müharibənin davam etdiyi 4 gün ərzində düşmənin başının üstünü alıb ona macal vermədən strateji dayaq nöqtələrini, mühəndis-istehkam qurğularını, silah anbarlarını və çoxlu sayda postlarını bombardman etdilər. Sözsüz, qısamüddətli müharibədə Azərbaycan tərəfindən də itkilər oldu. Əsgər və zabitlər heç nəyə məhəl qoymadan Vətənin bir qarış torpağından ötrü canlarını fəda etdilər. Belə igidlərdən biri də peşəkar pilot mayor Təbriz Musazadə idi.

Biz də qəhrəmanı yad etmək üçün yaşadığı evə yollanıb valideynlərinə baş çəkdik. Öncə qeyd edək ki, mayor Musazadə Təbriz Taryel oğlu 1981-ci il avqustun 12-də Gürcüstanın Dmanisi rayonunun Yaqublu kəndində dünyaya gəlib. Təxminən 11-12 yaşı olanda - hələ ibtidai sinfi bitirməmiş valideynləri ilə Bakıya köçüb və Xətai rayonu M.Əmirxanov 129 b ünvanındakı ocaqlarında böyüyüb. Tale elə gətirmişdi ki, Təbrizin yeniyetməlik və gənclik illəri Azərbaycanın başı üstünü qara buludların aldığı bir vaxta düşmüşdü. O vaxta ki, həmin zamanlar ölkədə hərc-mərclik, xaos baş alıb gedirdi, erməni quldurları havadarlarının köməyi və birbaşa iştirakı ilə Azərbaycanın əzəli torpaqlarına göz dikmişdilər. Rayonlarımızı, kəndlərimizi bir-bir talan edib yandırır, dinc əhalini işgəncələrlə qətlə yetirirdilər. Bu azmış kimi, ölkə daxilində yaranan özbaşınalıq yenicə müstəqillik qazanmış Azərbaycanı parçalanma təhlükəsi qarşısında qoymuşdu. Sözsüz, belə bir vəziyyət Təbrizin gələcək taleyini hərb sənəti ilə bağlamağa ciddi təkan verdi. Təbriz Musazadə 165 saylı orta məktəbin 8-ci sinfini bitirərək 15 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu, 3 il oxuduqdan sonra 1999-cu ildə ali hərbi məktəbdə təyyarəçilik üzrə təhsilini davam etdirdi. Oranı da müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Milli Ordusunda xidmət etməyə başladı...

“Bacarıqlı pilot olmaqla yanaşı, həm də yaxşı oğul idi

Atası Taryel Musayev cəmi bir neçə ay bundan qabaq şəhid olan oğlu haqqında danışmaqda çox çətinlik çəkir. Qəhər boğur onu. Deyir ki, oğlumun xasiyyətinə yaxşı bələd idim, qorxuolan şeydir, bilməzdi. Risk etməyi bacarırdı və çox vaxt da qalib olurdu. Hələ xidmətə təzə başladığı illərdə ilk uçuşu zamanı hamını təəccübləndirmişdi. Onun havada etdiyi manevrlər, necə ustalıqla dönməsi, eniş etməsi çoxunda şübhə yaratmışdı ki, bu gənc pilot deyil, təcrübəlidir. Sonrakı xidmət illərində və sonuncu döyüşündə də yüksək bacarığı ilə fərqlənə bildi. Bacarıqlı pilot olmaqla yanaşı, həm də yaxşı oğul idi, ancaq itirdik. Bircə təsəllimiz odur ki, övladımız Vətən yolunda, torpaq uğrunda şəhid olub.

Taryel dayı övladının yataq otağını komandir blendajı kimi qoruyur. Daha oradan heç kim istifadə edə bilməz. Otağın dörd tərəfi şəhid oğlunun xidmət illərini əks etdirən fotolar, mülki və hərbi geyim formaları, aldığı mükafatlar və digər xatirələrlə doludur. Baş tərəfdə Təbrizin vaxtı ilə idarə etdiyi qırıcıların, helikopterlərin görüntüləri az qala, bu an uçub yox olacaqlar kimi canlı təsir yaradır. O, bizi bu əziz xatirələrlə tanış edə-edə əlini pəncərəyə uzadıb “təzə karnizalacam” - deyirözünü saxlaya bilmir, yenə qəhər boğazını tutur. Ehmalca şəhidimizin xatirələri önündə baş əyib otağı tərk edirik.

Oğlum toy adı ilə döyüşə getdi

Anası Tovuz Musayeva gəlişimizdən məmnun olduğunu desə də, oğlu barədə çox danışa bilmir. Ömürlərinin 35 ilini bircə oğullarına (bir qızları da var, Moskvada yaşayır) həsr etdiklərini deyən ananın gözündəki kədərin içində sonsuz bir ümid görünür. Oğlunun yoxluğuna inana bilmədiyini deyir: “Gülərüz, qayğıkeş, son dərəcə sadə və mehriban olan bir adam bizi necə tərk edə bilərdi?! Evimizin həm böyüyü, həm də kiçiyi idi. Bəzən mənə elə gəlirdi ki, belə insanlar heç vaxt ölmürlər”.

Tovuz ana sonuncu dəfə mart ayının 31-də - aprel döyüşlərinin başlamasından iki gün öncə Təbrizlə birgə şam etdiklərini deyir. Bu, Təbrizin də valideynləri və ailəsi ilə keçirdiyi son gün olub. Aprelin 1-i və 2-si telefonla əlaqələri olsa da, Təbriz döyüş bölgəsində yox, toyda olduğunu deyib ki, evdəkilər narahat olmasın: “Aprelin biri dostları gəlib Təbrizin iki dəst paltarını və digər ləvazimatlarını evdən apardılar. Təbriz də danışıb dedi ki, ana, toya gedirik, qayıdacağıq. Növbəti gün - səhər 10-11 arası əlaqə saxladıq. Yenə dedi ki, ana, narahat olma, hər şey qaydasındadır. Dedim, bala, tez gəlsən, mənə bir eynək də alarsan. Gülüb, dedi, ay ana, özünüz edin, mən bir az gec gələcəm. Sən demə, oğlum toy adı ilə döyüşə gedibmiş, sonuncu danışığımız zamanı səmada döyüş tapşırığını yerinə yetirdiyi vaxt olub. Danışığımızdan bir saat sonra da Təbrizin helikopteri düşmən gülləsi ilə vurulub”.

11 il əvvəl sevib seçdiyi Pərişan xanım da həyat yoldaşının qəhrəmanlığı ilə qürur duyur. Söz verib ki, Təbrizin ona əmanət qoyduğu övladlarını - TayfunOnuru atalarının adına layiq böyüdəcək, tərbiyə verəcək, elm, peşə sahibi edəcək və igid atalarının adını öz xoş əməlləri ilə də yaşadacaqlar. Elə Təbrizin də ən böyük arzusu o idi ki, oğlanları ali təhsilli, Vətənə, ailəsinə, ocağına layiqli övladlar olsunlar. Pərişan xanım deyir ki, övladları hələ yeniyetmə olsalar da, ataları lap kiçik yaşlarından onlarla gələcək arzuları haqqında danışmağa başlayıb: “Təbriz çox ailəcanlı idi. İşi nə qədər ciddi və məsuliyyətli olsa da, həmişə evə, ailəyə diqqət ayırırdı. Uşaqlarını da ciddi, əsl hərbçi övladı kimi böyüdürdü. Hətta erkən yaşlarından övladları ilə gələcəkdə hansı peşənin sahibi olmaları haqqında danışar, seçim etməyi uşaqların öz üzərinə atardı. Kiçik oğlumuz Onur atası kimi hərbçi, özüpilot olmaq istəyir. Əvvəllər arada bu sözü ondan eşitsək də, indi böyük adam kimi fikrini qətiləşdirib. Mən də uşaqlarımın peşə seçimində onların öz istədikləri sahəyə üstünlük verəcəyəm. Təki Təbrizin ruhu şad olsun”.

Təbrizin müəllimi Aliyə Gəncəliyeva da keçmiş şagirdi haqqında ağızdolusu danışır: “Təbriz mənim ən yaxşı şagirdlərimdən olub. Çox diqqətli, vətənpərvər və əlaçı idi. Belə insanlar hansı sahədə olsalar, orada birinci olurlar, ciddi uğurlar qazanırlar. O, hələ sağlığında ikən məktəbimizdə gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanmasında örnək idi. Təbii ki, cəsarəti, mərdliyi və vətənpərvərliyi ilə. Onun qəhrəmancasına həlak olması biz müəllimləri nə qədər məyus etsə də, onunla fəxr edirik. O, canından çox sevdiyi Vətəni uğrunda həlak oldu, əbədiyyət dünyasına qovuşdu və bizlərin qəlbində heç vaxt tükənməyəcək sevgiyə sahib oldu”.

Aprelin 2-də Füzuli, Cəbrayıl və Ağdərə rayonları istiqamətində gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı pilot mayor Təbriz Musazadə Mi-24 helikopterində silahdaşları ilə birlikdə düşmənin son dayaq nöqtəsini partlatdı və bu zaman qəhrəmancasına həlak oldu. Döyüş yoldaşlarının dediyinə görə, Təbriz həmin gün vertolyotu havaya qaldırıb, bir dəfə vuruşub geri dönmüşdü. Sonuncu hücum isə daha təhlükəli olub. O, havadan düşmənin üstünə hücum edərək onları darmadağın edir, helikopterinin vurulduğunu gördükdə isə geriyə - neytral zonaya dönmür. Onsuz da vurulduğunu bilib arxadakı helikopterlərə “Qayıdın, bizi vurdular” - deyərək idarə etdiyi helikopteri düşmən postuna çırpır və onunla birlikdə vuruşan silahdaşları mayor Urfan Vəliyev və baş leytenant Əbu Bəkir İsmayılovla bərabər şəhid olur. Bu qəhrəmanlığına görə ölkə başçısının sərəncamı ilə Təbriz Musazadə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycan tarixinə aprel zəfəri kimi daxil olan dördgünlük müharibədə güclü Azərbaycan Ordusu təkcə düşmən təxribatının qarşısını almadı, həm də əks-həmlə ilə erməni qüvvələrini böyük itkilər verərək geri çəkilməyə məcbur etdi. Ordumuz təmas xəttində üstünlüyü tamamilə ələ alaraq döyüş mövqelərimizi daha da möhkəmləndirdi, erməni silahlıları yüzlərlə canlı qüvvəsini, çoxlu sayda texnikanı itirdi və ən əsası isə iki min hektar Azərbaycan torpağı düşmən tapdağından azad olundu. Halbuki 20 ildən artıq idi ki, o torpaqlara ancaq düşmən ayaqları basılırdı. Bununla həm də Azərbaycan əsgəri bir daha sübut etdi ki, istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdirbunun üçün Ali Baş Komandanın bircə əmri kifayətdir...

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2016.- 26 noyabr.- S. 6.