Vətən sevgisi milli ruhun güclənməsinə xidmət edir

 

Millətin milli-mənlik şüurunun, milli özünüdərkin formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Milli mənlik şüuru isə məhz tarixi yaddaş əsasında qurulur. Başqa sözlə, xalqın yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhrəmanlıq tarixi, eyni zamanda, dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir. Azərbaycan ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadənin qeyd etdiyi kimi, “Hər bir millət o zaman səadət və nicatda bulunur ki, əvvəl əmrdə özünü tanıya, yəni, hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir”.

Yaxın keçmişin acı təcrübəsi göstərdi ki, sovet imperiyasının beynəlmiləlçilik ideologiyası genosid planının və antitürk siyasətinin reallaşdırılmasında vasitə olub. Həmin siyasətin tərkib hissəsi kimi minlərlə azərbaycanlı öz əzəli ata-baba yurdlarından deportasiya edilib, taleyinə qaçqınlıq ömrü yazılıb. Azərbaycanın ərazisi planlı şəkildə işğal olunub. Yetmiş dörd ildən sonra sükut buzu əridi. Azərbaycan Xalq Cümhuriyyətinin uzun illər xalqdan gizli saxlanılmış tarixi, fəaliyyəti haqqında söz açıldı. Azərbaycan milli azadlıq hərəkatı xalqımızın milli şüurunun, milli məfkurəsinin inkişafında böyük rol oynadı. XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol xalqımızın mənəvi-siyasi oyanışından başladı...

Digər kontekstdən, hər bir dövlətin varlığı və gələcəyi həm də gənclərin tərbiyəsindən asılıdır. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı isə fraqmental fəaliyyətin deyil, düşünülmüş, gündəlik, ardıcıl gənclər siyasətinin nəticəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizdə böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsidir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il aprelin 9-da imzalanmış “Gənclər siyasəti haqqında” qanunda deyilir: Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır”. Qanundan göründüyü kimi, milli vətənpərvərliyin məzmunu təkcə öz vətəninə məhəbbət hissi ilə məhdudlaşmayıb milli ruhda tərbiyəni təşkil edir.

Ümummilli lider Heydər Əliyev vətənpərvərlik konseptini konkretdolğun şəkildə  izah edərək burada üç əsas amili önə çəkir: Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs gərək öz vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşıca bilsin. İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin. Üçüncüsü budur ki, gərək vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz”.

Bu gün cəmiyyətin bütün təbəqələrində, xüsusilə gənclər arasında vətənpərvərliyin gücləndirilməsi istiqamətində elmi baxımdan hazırlanmış sistemli fəaliyyət ölkənin əsas prioritetlərindən biridir. Bu konseptual fəaliyyət və tədbirlər sistemi müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları, o cümlədən aliorta ixtisas müəssisələri tərəfindən  həyata keçirilir. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti milli şüur və vətənpərvərlik hissinin formalaşmasında böyük rol oynayır. Gənclər siyasətinin tələblərindən irəli gələn vəzifələr, həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər vətəndaş yetişdirmək, gələcəyimiz naminə ən mühüm vəzifə kimi, xüsusilə təhsil müəssisələrində tərbiyə  işinin vacib tərkib hissəsidir. Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərimizin, şəhidlərimizin şəxsi nümunələri gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün əsl məktəbdir. Digər tərəfdən, ortaali təhsil müəssisələrində hərbi məzmunlu biliklərin verilməsi, vətənpərvərlik mövzusunda pedaqojimetodiki tədbirlərin, seminarların təşkili vətənpərvərlik istiqamətində dövlət siyasətinin trayektoriyasıdır. Fikrimcə, vətənpərvərlik ideologiyasının tədris sistemində tətbiqindən danışarkən xüsusilə hərbi hazırlıq dərsləri diqqət mərkəzində olmalıdır. Belə dərslərdə silahlardan istifadə qaydaları öyrədilməklə yanaşı, fənnə mənəvi aspektdən yanaşılaraq, Vətəni müdafiə milli borc, vətəndaşlıq vəzifəsi, şəhidlərin ruhuna böyük ehtiram olaraq tədris olunmalıdır.

Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbçilərlə görüşündə Prezident

İlham Əliyev açıq bəyan etdi ki, bu gün Azərbaycan gəncində, əsgərində vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, döyüşkənlik ən yüksək səviyyədədir. 

Bakı Dövlət Universitetində Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi kimi, gənclərin hərbi vətənpərvərlik hisslərinin tərbiyəsi kompleks tədbirlərin əsas istiqamətlərini və məzmununu müəyyən edir. Vətənpərvərlik bir sistem kimi gənclərdə vətəndaşlıq hisslərinin gücləndirilməsi, onlarda milli ruhun, öz vətəninə sədaqət hissinin formalaşması, Azərbaycan Respublikası qarşısında borclarını və konstitusion vəzifələrini vicdanla yerinə yetirməsi istiqamətində təşkilati, pedaqojimetodiki tədbirlərin kompleksini əhatə edir.

Universitet tələbələrində hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə yanaşı, onların tam şəxsiyyət kimi formalaşdırılmasına zəmin yaradılması, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin bərqərar edilməsi, milli-mənəvi və əxlaqi kamilliyinin təmin edilməsinin təşkili BDU-nun tələbələrlə və sosial-mədəni sahədə fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə  Azərbaycan xalqının şanlı keçmişini, qədim dövlətçilik ənənələrini, milli rəmzlərini təbliğ etmək, gəncləri Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etməyə, daim vətən qarşısında borcunu yerinə yetirmək üçün hazır vəziyyətə gətirmək, gənclərdə vətənə və dövlətə münasibətdə qürur hissi formalaşdırmaq məqsədilə elmi-nəzəri konfranslar, seminarlar təşkil olunur, metodiki tövsiyələr hazırlanır, planlı tədbirlər həyata keçirilir.

Bakı Dövlət Universitetində tələbə-gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən işlərin davamlığının təmin olunması, onlarda fəal vətəndaş mövqeyidoğma torpağa sədaqət hissinin formalaşdırılması üçün Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüşlər keçirilir, hərbi hissələrə səfərlər təşkil olunur. Azərbaycan Ordusunun müasir silah və hərbi texnikaları ilə tanışlıq, onlardan istifadə qaydaları tələbələrin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə xidmət edir. Belə tədbirlərdən biri BDU-nun rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü ilə 300-dək tələbənin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüşü tələbələrin hərbi-vətənpərvərlik duyğularının gücləndirilməsində xüsusilə əhəmiyyətli rol oynamışdır. Görüş hərbi texnikaya, raketartilleriya, aviasiya silahlarına, hava hücumundan müdafiənin təşkilinə və digər hərbi biliklərə yiyələnmək arzusunda olan tələbələrin nəzəri cəhətdən hazırlıqlı olmaları baxımından da tədqirəlayiqdir.

Aprel döyüşlərində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə Bakı Dövlət Universitetində on minədək tələbə və əməkdaşların iştirakı ilə keçirilən aksiya universitetdə vətənpərvərlik istiqamətində aparılan işlərin düzgün təşkilinin, tələbələrin hərbi-vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin göstəricisidir.

Dövlətçilik, vətəndaşlıq, vətənpərvərlik təkcə təhsil müəssisələrində deyil, bütün sahələrdə təbliğ edilməli, hədəfə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, peşəkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir.

Son vaxtlar orduya göstərilən qayğı Prezidentin, Ali Baş Komandanın Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət, hərbçilərlə keçirilən görüşlər gənclərdə vətənpərvərlik hisslərinin artmasına müsbət təsir göstərir.  Prezident İlham Əliyevin hərbçilərlə keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər xalqın vətənpərvərlik duyğusunu, özünə əminlik, güvən hissini yüksəldir: “Lələtəpə əməliyyatı bizim şanlı tariximizdir. Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü yaxınlaşdırırıq. Aprel döyüşləri bizim şanlı tariximizdir. Biz  həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik.” Ali Baş Komandanın bu qətiyyətli çıxışı əminliklə deməyə əsas verir ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Vətənpərvərlik həm də fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaqdır. Bu baxımdan, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Hər bir gənc dərk etməlidir ki, vətənin bütövlüyü, toxunulmazlığı, azadlığı onun ən müqəddəs vətəndaşlıq borcudur.

Ölkəmizin iqtisadi-ictimai, mədəni inkişafı vətənpərvərlik təbliğatında ruh yüksəkliyi yaradan əsas faktorlardan biri kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır, dövlətimizin sosial, iqtisadi, hərbi quruculuq, enerji təhlükəsizliyi sahələrində aparılan siyasəti, multikulturalizm, dinlərarası dialoqla bağlı təcrübəsi öyrənilir. Bütün bunlar, o cümlədən Azərbaycanın beynəlxalq səviyyəli, mühüm tədbirlərə evsahibliyi etməsi kimi məsələlər gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında çox güclü rol oynayır.

Vətənpərvərlik və milli-mənəvi şüurun təbliği və aşılanması bir tərəfdən ictimai səciyyə daşıyaraq şagirdlərin, tələbələrin vətəndaş kimi formalaşmasında, öz vətənini qorumaqda mənəvi təsir gücünə malikdir, başqa bir yöndən, vətənpərvərlik gənclərdə vicdan, ləyaqət, ədalət hisslərini tərbiyə edir, şəxsi mənafe, eqoizmdən uzaqlaşdıraraq millət, xalq sevgisini oyadır. Bu isə öz növbəsində dövlətin demokratik prinsiplərlə idarə olunmasına, xalqın mənafeyinə xidmət edilməsinə zəmin yaradır. Bir sözlə, Vətənini, xalqını, millətini, torpağını sevən şəxsin ədalət və mərhəmət hissiuca olur.

 

Sani HACIYEV,

Bakı Dövlət Universitetinin prorektoru, professor

 

Azərbaycan.- 2016.- 26 noyabr.- S. 6.