Romas Bubnyalis: Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yüksək səviyyədə keçdi

 

Dünya xəbər agentliklərinin Bakı Konqresi parlaq səviyyədə keçdi.

Litvanın ELTA xəbər agentliyinin baş direktoru Romas Bubnyalis bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Baş direktor qeyd edib ki, bu cür yüksək səviyyəli Konqresdə ilk dəfə iştirak edib. Başqa ölkələr Azərbaycanın səviyyəsini təkrarlamaq üçün çox çalışmalı olacaqlar.

Bakıda gördüklərinə heyranlığını gizlətməyən R.Bubnyalis bildirib ki, Azərbaycan paytaxtına gəldiyi ilk dəqiqədən burada qayğı və diqqət, cənublulara xas olan səmimiyyət hiss edib.

Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin açılış mərasimində çıxışının tədbir iştirakçılarına çox güclü təsir bağışladığını vurğulayıb: “Mən sizin lideri özüm üçün yenidən kəşf etdim. Dövlət başçısı əzbərlənmiş sözlər demirdi. O, dərin məzmunu ilə fərqlənən nitqində dövlətçilik baxımından strateji əhəmiyyətə malik olan bir sıra məsələlərə toxundu. Prezident öz nitqində ölkənin qazandığı uğurlara görə, öz xalqına görə qürur duyduğunu nümayiş etdirdi. Sizin dövlətinizin fəxr etməyə haqqı var. Bu gün sizin ölkəniz çiçəklənmə dövrü yaşayır. Bu, İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub”.

ELTA agentliyinin baş direktoru Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşərək deyib: “Bakıda mən insanların təbiətə sevgisinin, ona estetik münasibətin şahidi oldum. Bakı bulvarının təmizliyi, səliqəsi bizə unudulmaz təsir bağışladı. İstərdim ki, Bakıya birgedim, yay vaxtı Bakı parklarını görüm.

Azərbaycan paytaxtının nadir arxitekturası bizi heyran etdi. Yeni, müasir binalar mənim fikrimcə əsl memarlıq inciləridir”.

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 2.