Marta Çvey: Azərbaycan multikulturalizm, dözümlülük və müstəqil KİV-lərin inkişafı üçün gözəl örnəkdir

 

Noyabrın 16-18-də nüfuzlu informasiya agentliklərinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən beynəlxalq mediaforumlar dünyanın dinamik dəyişən informasiya modelini və jurnalistlərin artıq yaxın 3-5 il ərzində üzləşməli olacaqları mürəkkəb çağırışları başa düşmək üçün mühüm əhəmiyyət daşıyır. Bunu Belarus Teleqraf Agentliyinin – BELTA-nın baş direktorunun müavini, xarici kommunikasiyalar mərkəzinin rəisi Marta Çvey AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində söyləyib.

M.Çvey fikrini davam etdirərək deyib ki, Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən ən yüksək səviyyədə keçirilən Dünya Xəbər Agentliklərinin V KonqresiAsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası çox səmərəli bir məkan oldu. Burada nümayəndələr açıq söhbət edib, mediabazarların inkişaf istiqamətləri ilə bağlı proqnozlar verdilər, bəzi məqamlarda isə konstruktiv müzakirələr aparıb, konkretresept” və həllər təklif etdilər.

M.Çvey hesab edir ki, dünya şöhrətli agentliklərin canlı diskussiyaları və parlaq təqdimatları, şübhəsiz ki, dünyanın qlobal informasiya məkanının bütün iştirakçıları arasında təsirli təcrübə və layihə mübadiləsi kanallarıdır. Axı hazırda bir tərəfdən müxtəlif KİV-lər, digər tərəfdən ənənəvi və yeni media deyilən media arasında rəqabətin kəskinləşməsinə baxmayaraq, aydındır ki, əməkdaşlıq və tərəfdaşlıq olmadan bütün oyunçular yalnız uduzacaqlar. Qarşılıqlı fəaliyyət isə əksinə, hamının qarşısında böyük perspektivlər açır.

Sonra o vurğulayıb ki, hər iki forumun səylə hazırlanmış gündəlikləri informasiya agentliklərinin fəaliyyətinin maliyyələşdirilməsindən, kənardan sırınmış informasiyayahücumlara qarşı mübarizədən, “qaynar nöqtələrdə” işləyən jurnalistlərin təhlükəsizliyinin təmin edilməsindən tutmuş yaxın gələcəkdə kütləvi şəkildə tətbiq ediləcək ən müasir texniki platforma və həllərədək media birliyi narahat edən bütün aspektlərə diqqət yetirməyə imkan verib.

Tanınmış siyasətçi və personalların müraciət və təbriklərinin, o cümlədən BMT-nin baş katibinin müraciətinin səslənməsi Bakı forumlarının xüsusi əhəmiyyətini və statusunu qabartdı.

Marta Çvey vurğulayıb ki, mediaforumların təntənəli açılış mərasimində Prezident İlham Əliyevin şəxsən iştirak etməsi Azərbaycanda kütləvi informasiya vasitələrinə və vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilməsinin gözəl təsdiqidir. Azərbaycan dövlətinin başçısı beynəlxalq jurnalist birliyinə parlaq müraciət etdi, KİV nümayəndələri ilə son dərəcə səmimi söhbət edərək, onların etibarını qazandı.

Marta Çvey deyib: “Ultramüasir Heydər Əliyev Mərkəzini görmədən Azərbaycan və Bakı ilə hər hansı tanışlıq tam sayıla bilməz. Bu mediaforumlar da elə 2014-cü ildə dünyanın ən yaxşı binası sayılmış, bənzərsiz dizaynı və rəng həlli ilə heyrətləndirən bu mərkəzdə keçirilirdi. Mərkəz çoxsaylı nüfuzlu xəbər agentliklərinin nümayəndələri üçün qonaqpərvər məkan oldu. Uzunsürən işgüzar ünsiyyətin bütün iştirakçıları mərkəzin gözəlliyini, funksionallığını, rahatlığını və xüsusi ab-havasını yüksək qiymətləndirdilər”.

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 2.