Bərdənin turizm bölgəsinə çevrilmək potensialı var

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb uğurla reallaşan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Bərdənin də simasını tamam dəyişmişdir. Yüksək zövqlə yenidən tikilib-qurulan, abadlaşdırılan Bərdə indi ilin bütün fəsillərində gözəlliyi ilə göz oxşayır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevə bərdəlilərin məhəbbət və ehtiramının ifadəsi kimi inşa edilən “Heydər parkı” sənət əsərini xatırladır. Bu cənnətməkan bərdəlilərin sevimli istirahət mərkəzidir. Nüşabə və Qəhrəmanlar parkları, Bayraq meydanı, son illər inşa olunan çoxsaylı yaraşıqlı sosial binalar Bərdənin hüsnünə yeni naxışlar vurur.

Bərdədə dəyişən, gözəlləşən təkcə yeni salınan parklar, xiyabanlar, meydanlar, küçə və prospektlər deyil. Dövlətin xalqın həyat səviyyəsini, güzəranını hər vasitə ilə yaxşılaşdırmağa hesablanan davamlı qayğı və diqqətinin fonunda formalaşan sağlam mənəvi psixoloji mühit, bərqərar edilən sosial ədalət sakinlərdə məmnunluq doğurur.

Təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindən olan Bərdədə qədimliklə müasirlik vəhdət təşkil edir. Rayonda vüsət olan tikinti, abadlıq-quruculuq, kənd təsərrüfatı işləri ilə yanaşı, mədəniyyət də sürətlə inkişaf edir. Ərazidəki tarixi mədəniyyət abidələri qayğı ilə qorunur, milli-mənəvi dəyərlərimiz sevilə-sevilə yaşadılır.

Qədim Azərbaycan dövlətinin təxminən 500 il paytaxtı olmuş Bərdə bu gün bütün istiqamətlərdə özünün inkişaf dövrünü yaşayır. Tarixin yadigarları qorunur. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlyas Hacıyevlə söhbətimizdə o deyir:

- Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Bərdəyə xüsusi qayğı və diqqət göstərmişdir. Ulu öndərin Bərdə haqqında söylədiyi fikirlər yaddaşlara həkk olmuşdur: “Bərdəlilər öz tarixi keçmişləri ilə də fəxr etməyə layiqdirlər. Biz təkcə respublikamızda deyil, bütün Şərqdə milli mədəniyyət mərkəzi olduğu üçün Bərdə ilə fəxr edirik”.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu qədim tarixə malik diyara öz qayğısını əsirgəmir. İllər öncə Heydər Əliyev Bərdənin təkcə respublikada deyil, bütün Şərqdə milli mədəniyyət mərkəzi olduğunu bildirmişdi. Yəqin ki, məhz bu səbəbdən Mədəniyyət və Turizim Nazirliyi ölkədə struktur dəyişiklikləri həyata keçirərkən məhz Bərdənin mədəniyyət sahəsində region üzrə mərkəzə çevrilməsi qərarını vermişdir. Təbii olaraq bu, eyni zamanda üzərimizə düşən vəzifənin məsuliyyət yükünü daha da artırır. Bu gün Bərdə Qarabağın mədəniyyət mərkəzidir. Demək olar ki, indi əksər regional mədəni tədbirlər Bərdədə keçirilir. Son illər rayonda mədəniyyət müəssisələrinin maddi texniki bazası əsaslı şəkildə möhkəmlənmişdir.

İlyas Hacıyevin söhbətindən aydın olur ki, rayonda mədəniyyətin, incəsənətin son illərdəki inkişafında əsas amil dövlətin davamlı qayğısıdır. Tarixin daş yaddaşına çevrilən, hamının Nüşabə qalası kimi tanıdığı “Bərdə türbəsi” uzun illərdən bəri baxımsız vəziyyətdə olduğundan bərdəlilərin göz dağına çevrilmişdi. 2011-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə rayonda başlanan genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri “Bərdə türbəsi”ndən də yan keçmədi. Dövlət başçısı keçən il Novruz bayramı ərəfəsində bölgəyə səfəri çərçivəsində “Bərdə türbəsi”ndə aparılan təmir-bərpa işləri ilə tanış olmuş, görülən işləri qiymətləndirməklə yanaşı, əlavə tapşırıq və tövsiyələrini vermişdir. Prezident İlham Əliyev Bərdəyə növbəti səfərində Tərtər çayı üzərindəki VI əsrə aid edilən qədim körpü ilə tanış olmuş, onun bərpa edilməsi üçün əlaqədar qurumlara tapşırıq vermişdir. Bu qədim tarixi abidə indi diqqəti çəkən bir simvola çevrilmişdir. Bir zamanlar keçilməz olan Tərtər çayının sahillərini birləşdirən körpü indi sanki qədim tariximizlə çağdaş günlərimizi qovuşdurur. Körpü son dərəcə uğurlu bir yaradıcı yanaşma sayəsində ulu öndərin adını daşıyan park-bulvarla birləşdirilmişdir.

Rayonda mövcud olan 2 ölkə və 17 yerli əhəmiyyətli tarixi abidədə son illər əsaslı təmir işləri görülmüşdür. Abidələrin tarixi, yaradıcıları dəqiqləşdirilmiş, göstərici lövhələr yazılmış, ərazi abadlaşdırılmışdır. Bu tarixi abidələri ziyarət edən yerlixarici turistlərin sayı bu il minlərlədir. Buna görə də turizmi inkişaf etdirmək üçün rayonda zəruri tədbirlər görülür. Nəfis şəkildə çap edilmiş “Bərdə bələdçi kitabı” turistlər üçün nəzərdə tutulmuşdur. Kitabda rayonun coğrafiyası, tarixi, təbiəti, qədim abidələri, görməli yerləri, ticarəti və s. haqqında Azərbaycan və ingilis dillərində ətraflı məlumatlar verilmişdir.

Bərdə rayonu mədəniyyət və turizm şöbəsinin fəaliyyətində hərbi hissələrlə əlaqəyə də böyük önəm verilir. Elə bir bayram, elə bir əlamətdar gün olmur ki, şöbənin sazlı-sözlü kollektivi əsgər və zabitlərlə görüşməsinlər. Belə nəğməli görüşlər isə orduda döyüş ruhunun yüksəlməsinə əhəmiyyətli təsir göstərir, xalq-ordu birliyinin gücünü artırır. Rayonun mədəniyyət və incəsənət təmsilciləri respublikazona müsabiqələrində, festivallarda öncül mövqelərini hər zaman uğurla qoruyub saxlayırlar.

Bəzi tarixi mənbələrdə “Aranın baş şəhəri”, “Aranın anası” adlandırılan Bərdənin yaşı eramızdan əvvəlki dövrə gedib çatır. Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınan Bərdənin başı çox bəlalar çəkmişdir. 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları, 656-cı ildə ərəblər, 944-cü ildə ruslar Bərdəni işğal etmişlər. Monqolların hücumu, Əmir Teymurun yürüşü bu gözəl və füsunkar diyarı dəfələrlə odlara qalayıb, viran qoymuşdur. Amma qəhrəman və fədakar oğullarının hünəri sayəsində Bərdə məhv olmamış, tarixin ağır sınaqlarından çıxaraq inamla işıqlı sabahlara boylanmışdır. Müstəqilliyə qovuşduğumuz son 25 ildə bu qədim şöhrətli diyarın da üzünə gün doğmuş, Bərdə günlərə qovuşmuşdur. Bu gün yaraşıqlı Bərdənin abad küçələri ilə addımladıqca xəyal tarixi vərəqləyir, göz önünə döyüş meydanları, viran qoyulmuş, dağıdılmış şəhər gəlir. Bu yerdə hər qarış torpaq, hər divar daşı bir tarixdir. Düşünəndə ki indiki gözəlliyi ilə hər kəsi heyran qoyan müasir Bərdə hansı fırtınalardan keçib, hansı fəlakətləri yaşayıb istər-istəməz müstəqil dövlətimizin qüdrətinə, tariximizi ehtiramla yaşadan, işıqlı sabahımızı uğurla quran dövlət başçısının müdrik siyasətinə əhsən deyirsən.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 3.