Tamaşaçıların sevimlisi

 

1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq şöbəsinin tələbələrini Akademik Dram Teatrına təcrübəyə aparırdılar. Tamaşalarda kütləvi səhnələrdə iştirak edirdik. O zaman teatrda sağ ikən əfsanəyə çevrilmiş sənətkarlar çalışırdı. Mərziyə Davudova, Mirzağa Əliyev, Ələsgər Ələkbərov tamaşaçıların ən sevimli aktyorları idi. Onların kollektiv arasında xüsusi hörməti və yeri var idi.

Ağayana, ciddi danışıqları, zarafatları onlara teatrın gəncləri tərəfindən xüsusi maraq yaradırdı. Ən mühümü isə onların səhnə yaradıcılığının nümunəvi olması idi. SSRİ xalq artisti M.Davudovanı ilk dəfə C.Cabbarlının “Solğun çiçəklər” dramında Gülnisə rolunda gördüm. Əsər müəllif tərəfindən elə yazılmışdı ki, hər bir obraz səhnədə görünəndə özü və məqsədləri haqqında kiçik, lakin aydın məlumatlar verirdi. Səhnəyə Gülnisə rolunda cavan, gözəl, lakin beli azacıq əyilmiş Mərziyə xanım çıxdı. İlk sözlərindən öz səmimiliyi ilə tamaşaçıları ələ alan monoloqu başladı. Gülnisə-Mərziyə xanım çox gözəgəlimli, incə, lirik bir səslə törətdiyi və planlaşdırdığı cinayətlərdən danışırdı. Lakin get-gedə, səhnədən-səhnəyə Gülnisənin lirizmi ilə pərdələnən məkrli dünyası üzə çıxırdı. Onun Bəhramı ələ alması, amansız nanəcibliklə Saranı evdən qovması o qədər dramatik, kəskin, amansız bir səslə ifa edilirdi ki, Gülnisənin qansız və insafsız bir qadın olmasına tamaşaçılarda şübhə qalmırdı.

1953-cü ilin mart ayında Stalinin qəfləti ölümü ilə əlaqədar keçirilən matəm günlərində Dram Teatrı, demək olar ki, bütün ayı S.VurğununXanlar” əsərini oynamalı oldu. Mən bu tamaşada həm polis, əsərin sonunda isə fəhlə rolunu oynayırdım. Xoşbəxtlikdən hər iki rolum Mərziyə xanımla bilavasitə bağlı idi.

Əsərin birinci şəklində Kobanı axtarmağa gələn polislər Xanların anası ilə - Qızyetərlə görüşürlər. Kobanın harada olmasını öyrənmək məqsədilə Qızyetəri qamçı ilə döyürlər. Qamçı vuran polislərin biri mən idim. Tamaşaların birində Mərziyə xanım məni dəhlizdə saxladı və tam ciddi olaraq soruşdu:

- Qamçını niyə bərkdən vurmursan?

Və əlavə etdi:

- Qorxma, bərkdən vur.

Növbəti tamaşaların birində biz ananı sorğu-suala çəkə-çəkə şallaqlayanda mən birdən Mərziyə xanımın yaşla dolmuş, qızarmış gözlərini gördüm. O, çox kəskin, dramatik bir səslə bağırırdı:

- Qonağın yerini soruşursunuz? - bu vaxt yaxasını cırıb, - yarın ürəyimi, ürəyimdədir - dedi.

Üstündən 60 il keçməsinə baxmayaraq, mən Mərziyə xanımın gözlərini və səsini indiyə qədər unuda bilmirəm.

Xanlar” tamaşasının sonunda dəfn mərasimi səhnəsi vardı. Xaincəsinə öldürülmüş Xanların qəbri yanında Koba və dostları çıxış edirdilər. Biz fəhlə rolunda kənarlara səpələnib, prosesə baxır, çıxışlara qulaq asırdıq. Mən özümü hadisələr içində o qədər dərindən hiss etdim ki, özüm də bilmədən ağladım. Demə, mənim bu vəziyyətimi izləyən Mərziyə xanım səhəri günü teatrın baş rejissoru A.İsgəndərova haqqımda xeyli xoş sözlər deyib.

1953-cü il teatrın həyatında bir mühüm hadisə də baş verdi. Nazim Hikmətin “Türkiyədə” pyesi tamaşaya qoyulurdu. Mərziyə xanım bu əsərdə Fatma Nurhan obrazını oynayırdı. Obraz o zamankı Türkiyənin bütün analarının qəmli dünyasını çox dərindən aça bilirdi. Mərziyə xanımın heç bir rolunda Fatma Nurhan qədər dərd çəkən, üzülən, yazıq bir qadın görməmişdim.

O vaxtlar Azərbaycan Dram Teatrında dekabr ayının axırlarında C.Cabbarlının xatirə gecəsi keçirilirdi. Belə gecələrdə dramaturqun əsərlərindən parçalar oynanılırdı. Bir xatirə gecəsində Mərziyə xanımı Sevil obrazında gördüm. Birinci pərdədə Balaşla Sevilin dialoqunu Rza Əfqanlı ilə oynayırdı. Sonradan əski dünyaya qarşı çıxan, çadrasını atan mübariz Sevilin əvvəlki halları dediyimiz bu birinci pərdədə göstərilirdi. Sevil həmişə deyirdi: “Allahdan sonra ərdir”. “El məni yığıb bu evə təpib, buradan da çıxarıb qəbiristanlığa aparacaq” - deyən Mərziyə xanım bu sözləri obrazın rüşeyminə çevirmişdi. Sevil-Mərziyə xanım o qədər müti, o qədər yazıq, Balaşın qarşısında o qədər titrək görünürdü ki, sonradan mübariz Sevilə çevriləcəyinə inam qalmırdı. Bu şəkildə Sevil-Mərziyə xanım Balaşa qul kimi qulaq asmaq və hərdən qorxaq bir tərzdə özünümüdafiə etməkdən başqa heçetmirdi.

Mövsümlərin birində rəhmətlik Tofiq Kazımov Maksim QorkininVassa Jeleznova” əsərini tamaşaya qoydu. Vassa rolunu hamının gözlədiyi kimi Mərziyə Davudovaya tapşırdı. O zaman teatrda belə rolları oynayan Fatma Qədri, Barat Şəkinskaya, Hökümə Qurbanova kimi sənətkarlar var idi. Lakin Mərziyə Davudova böyük kübarlıqla yanaşı, amansızlıqla, qəddarlıqla çox parlaq şəkildə əks olunmuşdur.

O zaman teatrda çalışan sənətkarların çoxu ilə Mərziyə xanımın oynadığı “Od gəlini”ndə Solmaz, “Siyavuşda Südabə, “Həyat”da Həyat, “Şərqin səhəri”ndə Gülzar, “Qaçaqlarda Amalya və xüsusilə “Günahsız müqəssirlər”də Kruçinina, “Maqbet”də Ledi Maqbet rolları barəsində çox söhbət edirdim. SSRİ xalq artisti İsmayıl Dağıstanlı “Günahsız müqəssirlər”də Neznamov rolunu müvəffəqiyyətlə oynadığına görə Mərziyə xanımı həmişə minnətdarlıqla yad edirdi. Xatırlayırdı ki, Mərziyə xanımın daxili ehtirası, güclü səhnə temperamenti, obrazın daxili aləmini bütövlüklə tamaşaçıya çatdırmaq qabiliyyəti Neznamov rolunda ona həmişə güclü təkan verirdi.

Mərziyə Davudovanın uğurlu səhnə yaradıcılığı 1919-cu ildə Hüseyn Ərəblinskinin tövsiyəsi ilə Həştərxandan Bakıya gəldiyi gündən başlayır. Qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işlədikdən sonra sənət ömrünü daimi olaraq Azərbaycan Dövlət Dram Teatrına bağlayır və ömrünün sonuna qədər bu teatrda çalışır.

1961-ci ildə T.Kazımov Aleksis Parnisin “Gözəllik və sevgi adası” pyesini tamaşaya hazırlamaq qərarına gəlir. O vaxtlar rejissor sənətinə olan böyük marağımı nəzərə alaraq məni özünə assistent götürür. Əsərdə ingilis ağalığı dövründə Kipr adasında koloniyaçılarla Kipr vətənpərvərlərinin mübarizəsi təsvir olunurdu. Vətən simvolu kimi Lambirini ana bu mübarizənin qaynar nöqtəsində olurdu. Ananın oğlunu ingilislər həbs edib, başqa ingilis işğalçıları ilə dəyişmək istəyirlər.

Əsərin quruluşçu rejissoru mənə Kiprorada baş verən ingilis işğalı haqqında əsaslı məlumatlar toplamaq və iştirakçılara danışmaq tapşırığı verdi.

Mənim göstərilən sahəyə aid axtarışlarımı Mərziyə xanım diqqətlə izləyirdi. Məşqlər çox maraqla keçirdi. Bir gün Tofiq müəllim mənə əsərin axırıncı pərdəsini səhnədə qurmağı tapşırdı. Mərziyə xanımın köməyi ilə səhnəni qurub qurtarandan sonra Tofiq müəllim işimizdən çox razı qaldığını bildirdi.

Mərziyə xanım bir çox kinofilmdə də çəkilmişdir. “Koroğluda dayə, “Bir məhəlləli iki oğlanda Fatma, “Bəxtiyar”da Gülbadam, “Məmlük”lərdə ana, “Qızmar günəş altında” kəndli və s.

Həm romantik, həm də realist bir sənətkar kimi tamaşaçıların sevimlisinə çevrilən Mərziyə xanım Davudova həm də ictimai xadim idi. 1956-cı ildən Azərbaycan Teatr Cəmiyyətinə sədrlik etmişdi. Dəfələrlə Ali Sovetin deputatı olmuşdu. Əməkdar artist, SSRİ xalq artisti adlarına layiq görülmüşdür. Mərziyə Yusif qızı Davudovanı Azərbaycan teatr həvəskarları indiböyük hörmət və ehtiramla yad edirlər.

 

Ağakişi KAZIMOV,

xalq artisti, professor

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 4.