Uğurlu diplomatiya real nəticələr verir

 

Rəsmi Bakı işğalçı Ermənistan üzərində hərbi-siyasi, psixoloji üstünlüyünü davamlı nümayiş etdirir

 

Dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması da ümumi siyasi mənzərəyə mənfi təsir göstərir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

İşğalçı Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ermənistan 2014-cü il Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda cəbhə xəttində təxribatlara əl atıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə cari ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan yenidən təxribat törətdi.

Cari il aprelin əvvəllərində cəbhə bölgəsində dördgünlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri rəsmi Bakının son illər faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.

Tarixi təcrübə təsdiqləyir ki, hər bir münaqişə son nəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmalıdır. Ancaq bu yanaşmanın özü də şərtidir. Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Həmsədrlərin indiyə qədər münaqişə tərəflərinə “Ermənistan və Azərbaycan rəhbərliyi öz aralarında dil tapsın, istənilən razılaşmanı qəbul edəcəyik” təklifi isə Azərbaycanı açıq-aşkar hərbi yola məcbur etməkdir.

Təəssüf doğuran haldır ki, sözdə münaqişənin tez bir zamanda həllini arzulayan hegemon dövlətlər təcavüzkar Ermənistanı BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin icrasına məcbur etmirlər. Lakin son hadisələr göstərir ki, müasir dünyada ikili standartların nəticəsi olan “dondurulmuş münaqişələr” həmin aparıcı dövlətlərin öz maraqları üçün də böyük təhdidlər doğurur. Eyni zamanda, BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün pozulmasına biganə münasibət göstərmək, işğal faktının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməmək ilk növbədə beynəlxalq hüquqa qarşı da açıq qəsddir.

Azərbaycan öz qətiyyətli addımları, uğurlu hərbi əməliyyatları ilə ədalətsiz yanaşmaya üstünlük verənləri bərk silkələdi. İndi ATƏT-in Minsk qrupu həmsədrləri anlayırlar ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır.

Ölkəmiz hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya qoydu. Ermənistan, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər də başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Aşkar göründü ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan işğalçı dövlət, ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azərbaycana məğlub olur.

Vyanada bir müddət əvvəl Prezident İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutan görüşün yekunları da bir sıra maraqlı nüansları üzə çıxardı. Vyana görüşü göstərdi ki, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan Ordusunun aprelin əvvəllərində 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və müzəffər Azərbaycan Ordusunun sürətlə irəliləməsi Ermənistan başda olmaqla onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.

Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, “ikili standartlar” əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, hərbi vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq.

Ermənistan prezidenti Serj Sarkisyan bu yaxınlarda “Sputnik” informasiya agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə zidd olan fikirlər səsləndirib. Müsahibədə Ermənistan prezidenti yenə də öz ampluasında qalaraq iddialarla və şikayətlərlə çıxış etdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək onun ərazilərinin işğalını və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etmək cəhdləri göstərir. Bu, sadəcə olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və ölkəmizin ərazilərinin ilhaqını pərdələmək cəhdindən başqa bir şey deyil. Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini belə ifadə edib: “Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur. Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar.

Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır”.

Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

Azərbaycanın artan qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin sosial-iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin durumu olduqca acınacaqlıdır. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Azərbaycanın qüdrəti qarşısında xaricdən gələn dilənçi pulunun ümidinə qalan Ermənistanın uzun müddət tab gətirəcəyi mümkünsüzdür.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 30 noyabr.- S. 1. 6.