“Əmək” ordeni təsis edildi

 

Azərbaycanın inkişafına və rifahının təmin olunmasına töhfə verən şəxslər bu ordenlə təltif olunacaqlar

 

Noyabrın 29-da Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyinə 37 qanun layihəsi daxil idi. Layihələrin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi üçün imkan yaratdı.

Deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Asim Mollazadə, Qənirə Paşayeva, Fuad Muradov, Sahib Alıyev və Rövşən Rzayev Azərbaycanın bölgədə artan geosiyasi əhəmiyyəti, eləcə də Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı barədə fikir və təkliflərini səsləndirdilər.

Sonra iclasın gündəliyində olan “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” saziş təsdiq edildi. Sazişdə bildirilir ki, Almaniya Federativ Respublikasında ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa başladıqları zaman müvafiq şəxslər yaşama icazəsi almaq tələbindən azad edilirlər. Azərbaycan Respublikasında isə müvafiq yaşama icazəsi zəruri olduğu təqdirdə verilir.

İclasda “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də baxıldı. Sənəddə bildirilir ki, Serbiya Respublikası borcverəndən layihənin başa çatdırılması və tikinti müqaviləsi üzrə öhdəliklərə tam şəkildə əməl və riayət edilməsinin davam etdirilməsi üçün kreditdən istifadə müddətinin 2017-ci il 4 may tarixinə qədər uzadılmasını xahiş etmişdir. Tərəflər kredit sazişi üzrə kreditdən istifadə müddətinin bu sazişdə təsbit edildiyi şəkildə uzadılması barədə razılığa gəlmişlər. Saziş layihəsi təsdiq edildi.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədilə Milli Məclisə bir neçə qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir paketdə qanun layihələri göndərilib. Bunlar “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Poçt haqqında”, “Çayçılıq haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrdir. Deputatlardan Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Aytən Mustafazadə, Nizami Cəfərov, Əhliman Əmiraslanov, Fazil Mustafa, Gövhər Baxşəliyeva, Əflatun Amaşov, Fəzail Ağamalı, Elmira Axundova və Rafael Hüseynov müvafiq layihələr üzrə fikir və təkliflərini bildirdilər. Sonra qanun layihələri ayrılıqda səsə qoyularaq təsdiq edildi.

İclasda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” və “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də qəbul edildi.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirdi ki, “Əmək” ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və idman sahələrində fərqlənən əmək nailiyyətlərinə görə təltif edilir. Qanun layihəsi təsdiq edildi.

İclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə də baxıldı. Bildirildi ki, sənədə 162-1 və 162-2 maddələrinin əlavə edilməsi təklif olunur. Dəyişikliyə görə, ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarından irəli gələn tələblərin yerinə yetirilməsinə görə inzibati məsuliyyət yaratmaq məqsədilə təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

* * *

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirdi ki, bu dəyişiklik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Layihə səsə qoyularaq qəbul edildi.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə redaktə xarakterli dəyişiklik edildi.

Gündəlikdəki “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Əli Hüseynli bildirdi ki, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyənləşib. Dəyişiklik yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirəcək. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

“Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verdi. Bildirildi ki, yeni dəyişikliyə əsasən, Azərbaycanda hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddətinin azaldılması nəzərdə tutulur. Dəyişikliyə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.

Sonra iclasda Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Bu sənədlə də bağlı məlumat verən V.Hüseynov vurğuladı ki, təklif olunan dəyişiklik məcəllənin normalarının təkmilləşdirilməsinə xidmət edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə (şəxsi axtarış və götürmə) əlavə edilən yeni bənddə göstərilir ki, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişlər aparılmır. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Bundan başqa, dəyişikliklə hadisə yerinin baxışı zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburi olacaq. Layihə səsə qoyularaq qəbul edildi.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verən komitə sədri Əli Hüseynli qeyd etdi ki, dəyişikliyə əsasən dövlət qulluğunda işləyə-işləyə 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılacaq. Həmin valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulur. Layihə səsverməyə çıxarılaraq qəbul edildi.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə “Turizm haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Bildirdi ki, hər iki sənədə edilən dəyişiklik Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər Azərbaycanda turizmin daha da inkişaf etməsinə xidmət edəcək. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

Sonra iclasda Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarıldı. Bildirildi ki, Cinayət Məcəlləsinin 148 və 323-cü maddələrinə dəyişiklik təklif olunur. Dəyişikliklərdə internetdə yalan yayanların və böhtan atanların cəzalandırılması nəzərdə tutulur. Eyni zamanda dəyişikliyə görə Azərbaycan dövlətinin başçısının - Azərbaycan Prezidentinin şərəf və ləyaqətini internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə ləkələmə və ya alçaltmaya görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Elmira Axundova, Tahir Kərimli, Əflatun Amaşov, Aqil Abbas qeyd etdilər ki, bu dəyişikliklə heç bir mətbu orqana məhdudiyyət qoyulmur. Avropanın əksər böyük dövlətlərində sosial şəbəkələrdə böhtana və təhqirə görə cinayət məsuliyyəti müəyyən edilib. Azərbaycanda da bunun tətbiqinin zamanı yetişib. Dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Deputatlar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Gündəliyin sonuncu məsələsi isə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi idi. Sənədi ikinci oxunuşda müzakirəyə təqdim edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirdi ki, ilk oxunuşdan sonra Ümumdünya Antidopinq Agentliyinin ekspertləri Azərbaycana gəliblər. Sənədin müzakirəsi zamanı layihəyə bir sıra əlavələr və dəyişikliklər edilib. Eyni zamanda bəzi maddələrdən bir neçə müddəa çıxarılıb və layihə Azərbaycan idmanının inkişafına xidmət edəcək vacib sənəd kimi müzakirə olunub.

Milli Məclisin Sədri Oqtay Əsədov mükəmməl şəkildə hazırlanan qanun layihəsinin II və III oxunuşda qəbul edilməsinin zəruriliyini vurğuladı. Sənəd əvvəlcə fəsil-fəsil, sonra isə hər iki oxunuş üçün səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.-30 noyabr.- S. 3.