Tam müstəqil siyasət aparan ölkə

Azərbaycan xalqının mütləq əksəriyyətinin referenduma birmənalı şəkildə “hə” deməsi xalq-iqtidar birliyinin möhkəm olduğunu göstərdi

Azərbaycan dövləti milli mənafeyini lazımi səviyyədə müdafiə edərək ayrı-ayrı ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq müstəqil siyasət yürüdür. Prezident İlham Əliyev bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır.

Prezident İlham Əliyev praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirir, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atır, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul edir, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşır. Ölkə başçısının dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Rəsmi Bakı müstəqil xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. “Bir ölkə ilə yaxşı münasibətlərdə olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə olmaq lazımdır”, - deyən cənab

İlham Əliyev milli maraqları maksimum dərəcədə qorumaqla yaxın və uzaq dövlətlərlə münasibətləri yüksək səviyyədə qurmağa çalışır. İstənilən siyasi gərginliyin beynəlxalq hüquqi prinsiplər əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biridir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Azərbaycan bu gün bütün regional məsələlərdə əsas söz sahiblərindən biridir, bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Ölkəmiz dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi qəbul edilir və prinsipial məsələlərdə dövlətimizin mövqeyi nəzərə alınır. Prezident

İlham Əliyev bu günlərdə Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib: “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb”.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq referendumunun da azad, demokratik və şəffaf şəraitdə yekunlaşması ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açacaq. Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdılrmaqdır. Azərbaycanda gedən proseslər, ölkəmizin davamlı inkişafı və keçirilən referendum bir daha xalqımızın iradəsini göstərdi. Tam təsdiq olundu ki, Azərbaycan xalqı aparılan siyasətə böyük dəstək verir və bu siyasi kursa alternativ görmür. Xalqımız bununla da təhlükəsizliyi, sabitliyi, inkişafı və müstəqilliyi seçdiyini bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Ölkə rəhbəri Azərbaycanın müstəqil dövlət kimi uğurlu siyasət apardığını bildirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. Bəzi dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir.

Konstitusiya islahatının mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq görünür. Əsas Qanunda 23 dəyişikliyin 16-sının, yəni dörddən üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması deyilənlərə əyani misaldır. Ölkə rəhbəri bəzi xarici dairələrin Azərbaycana qarşı apardıqları qərəzli kampaniyalara da münasibət bildirib: “Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək.

Bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir. Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və referendum bunu bir daha təsdiq etdi”.

Referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyətinin referenduma birmənalı şəkildə “hə” deməsi xalq-iqtidar birliyinin güclü olduğunu bir daha göstərdi.

Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir.

Son illər Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun “diplomatik paytaxtı”na çevirib. Beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi Azərbaycanın dünyada daha geniş səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatıb ki, biz sadəcə Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamırıq. Biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla multikulturalizm məkanına çevrilmişik. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyil.

Bütün bunlar o deməkdir ki, müasir Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərərək dünyada layiqli yerini tutub. Həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməkdir.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 1 oktyabr.- S.8.