Referendum inkişafın davamlılığının təminatı oldu

Yenilənmiş Konstitusiya Prezident İlham Əliyevin həyata keçirdiyi yeni islahatların daha da dərinləşməsinə ali hüquqi baza yaradan istiqamətlər müəyyənləşdirəcək

Azərbaycanda növbəti demokratiya aksiyası adlandırılan ümumxalq səsverməsi uğurla başa çatdı. Yüksək seçici fəallığı şəraitində keçirilən referendumla Azərbaycan demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdı. Bunu referendumda müşahidəçi kimi iştirak edən beynəlxalq təşkilatların üzvləri, böyük dövlətlərin müşahidə missiyası və ABŞ, Fransanın tanınmış şirkətlərinin keçirdikləri “exit-poll”ların nəticəsi bir daha təsdiqlədi. ABŞ Dövlət Departamenti də bəyanat verərək referendumun nəticələrini tanıdığını bildirdi.

Siyasətçilərin söylədikləri fikirlər də birmənalıdır. Siyasi ekspertlər hesab edirlər ki, referendumdan sonra ortaya çıxan Azərbaycanın yenilənmiş Konstitusiyası xalqın düşünülmüş, dərin inama əsaslanan seçiminin nəticəsidir. Konstitusiya islahatları sosial-iqtisadi inkişafın davamlılığına, siyasiinzibati sistemin təkmilləşməsinə, müstəqilliyin daha da möhkəmlənməsinə etibarlı təminat yaradacaq.

Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini:

- Referendum Azərbaycanın siyasi tarixində çox mühüm hadisə oldu. Konstitusiya islahatları təşəbbüsünün müəllifi Azərbaycan Prezidentidir. Məhz onun təklifi ilə ümumxalq səsverməsinə çıxarılan Əsas Qanuna əlavə və dəyişikliklər nəticə etibarilə dövlət idarəçiliyinin daha da təkmilləşməsinə, yeni modelə əsaslanan inzibati institutların formalaşmasına, sosial-iqtisadi inkişafın davamlılığına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına mühüm töhfə olacaq. Azərbaycan dövləti qədəm qoyduğu yeni dövrdə tam təkmilləşdirilmiş iqtisadi islahatlar, müasir mükəmməl siyasi kursxalqa daha effektiv xidmət siyasəti yürüdür. Azərbaycan xalqı referendumda Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan etdi. Eyni zamanda xalqın Əsas Qanuna dəyişikliklər və əlavələr edilməsinə müsbət cavab verməsi onu göstərdi ki, ölkə ictimaiyyəti öz dövlətinin gələcəyinə biganə deyil. Xalq bu dövlətin güclənməsi, daha da inkişaf etməsi, ləyaqətli həyat tərzinin təmin olunması və Azərbaycanın çiçəklənən bir ölkəyə çevrilməsi üçün maraqlıdır. Referendum həm də onu göstərdi ki, bu gün Azərbaycanda möhkəm xalq-Prezident birliyi var.

Hesab edirəm ki, xalqın “hə” dediyi əlavə və dəyişikliklər dövlətimizin qüdrətlənməsinə, ölkə əhalisinin sosial rifah halının, eləcə də ölkədəki ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edəcək. Yenilənmiş Konstitusiyamız hüquqlarımızın etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək.

Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü:

- 1995-ci ildə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul olunub və müəyyən müddətlərdə Əsas Qanuna vacib dəyişikliklər edilib. Sentyabrın 26-da isə xalq növbəti dəfə referenduma gedərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibətini bildirdi. Konstitusiyaya edilən bütün dəyişiklik və əlavələri şərti olaraq bur neçə istiqamətə bölmək olar. Referendumun nəticələri ilk olaraq Azərbaycanda həyata keçirilən islahatların genişləndirilməsi, dərinləşdirilməsi, iqtisadi islahatların siyasi və cəmiyyət həyatının digər sahələrinə bağlı olan islahatlarla tamamlanması istiqamətində görüləcək işlərə yol açdı. Digər tərəfdən, dəyişikliklər dünyada, regionumuzda gedən proseslər və bunun kataklizmlərinin getdikcə gücləndiyi bir şəraitdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmləndirilməsinə xidmət etmiş oldu.

Hələ 21 il öncə Əsas Qanun qəbul edilərkən onun 1/3 hissəsi demokratiyainsan haqlarına həsr olunmuşdu. Bu, kifayət qədər böyük rəqəmdir. Sonuncu referendumda da həmin prinsip əsas götürüldü. Ona görə də deyə bilərik ki, bu islahatlar insan haqlarının qorunmasının daha da genişləndirilməsinə xidmət edəcək.

Bununla yanaşı, dövlət idarəçilik sistemində də yeniliklər olacaq. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və bu mexanizm vasitəsilə iqtisadiyyatın idarə edilməsində səmərəliliyin artırılmasına yönəlik addımlar atılacaq. Həmçinin iqtisadi islahatların birbaşa dərinləşməsinə ali hüquqi baza yaradan istiqamətlər müəyyənləşəcək.

Hesab edirəm ki, qeyd etdiyim istiqamətlər üzrə islahatlar daha da dərinləşəcək və bu istiqamətdə atılan addımlarda iqtisadi islahatların genişləndirilməsi prioritetlik təşkil edəcək. İdarəetmə strukturunun təkmilləşdirilməsi, strukturona paralel şəkildə kadr islahatlarının həyata keçirilməsi istiqamətində addımlar atılacaq. Nəzərdə tutulan dəyişikliklərin bir qismi isə idarəetmə strukturunda mövcud olan bəzi çatışmazlıqların aradan qaldırılmasına xidmət edəcək.

Konstitusiya dəyişikliklərinə sistemli yanaşdıqda islahatların inkişafı daha çox Azərbaycanda yerli istehsalın artırılması, xaricdən gətirilən məhsulların ölkə daxilində istehsalının təşkil edilməsi və bu xətlə valyuta ehtiyatlarımıza qənaət edilməsi, eyni zamanda rəqabət qabiliyyətinin artırılması ilə qeyri-neft sektorunun daha da inkişafı, istehsal edilən məhsulların xarici bazarlara ixracı ilə mümkün olacaq. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının, elmtutumlu sənaye məhsullarının xarici bazarlara çıxarılması ölkəyə əlavə valyuta ehtiyatlarının gətirilməsinə şərait yaradacaq. Əgər islahatların nəticəliyi baxımından məsələyə yanaşsaq, hesab edirəm ki, bu islahatlar idarəetmənin təşkilati quruluşunun təkmilləşməsinə, həyata keçirilən kompaktmobil proseslərə operativ reaksiyavermə qabiliyyətində olan hökumətin formalaşmasına gətirib çıxaracaq. Bu da indiki dövrdə dünyada gedən proseslərə operativ reaksiya vermək və idarəetmə sisteminin səmərəliliyinin artırılması üçün vacib olan amillərdir.

Musa Qasımlı, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor:

- Azərbaycan tarixində yeni bir mərhələ başlayır. Hər yeni addım cəmiyyəti irəli aparır. Ölkə ictimaiyyətinin konstitusiya islahatlarına münasibəti də göstərdi ki, Azərbaycan xalqı öz Prezidentinə güvənir, onun həyata keçirdiyi düşünülmüş, qətiyyətli siyasəti dəstəkləyir. Hesab edirəm ki, Əsas Qanuna əlavə və dəyişikliklər bütövlükdə ölkənin həyatını yeniləşdirəcək. Eyni zamanda dövlət idarəçiliyində yeni bir keyfiyyət səhifəsi açılacaq. Ölkədəki ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi üçün addımlar atılacaq, formalaşan təhlükəsizlik mühitini gücləndirəcək və davamlı inkişafın bundan sonrakı təminatını reallaşdıracaq.

Bu gün tarixin ən möhtəşəm dövrünü yaşayan Azərbaycan dövlətinin adı dünyanın aparıcı ölkələri sırasında çəkilir. Ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu oynayır və Prezident İlham Əliyev regionun ən qüdrətli dövlətinin lideri kimi bütün beynəlxalq toplantılarda Azərbaycan həqiqətlərini səsləndirir, bu dövlətə qarşı olan hücumlara layiqli cavab verir. Ona görə də hesab edirəm ki, dövlət başçısının yürütdüyü siyasi diplomatiya Azərbaycanı sabitlik məkanına çevirib. Bunu təkcə xalqımız yox, bütün dünya seyr edir. Həyata keçirilən siyasət nəticəsində Azərbaycan həm öz iqtisadi təhlükəsizliyini təmin edir, həm də müasir dövrün çağırışlarına uyğun yeni inkişaf strategiyası müəyyənləşdirir, onun maneəsiz icrası üçün səmərəli islahatlar aparır. Məhz bütün bunlara görə xalq referendumda öz sözünü deyərək Prezident İlham Əliyevə bir daha dəstəyini nümayiş etdirdi.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 4 oktyabr.- S.10.