Mütərəqqi islahatlar prosesində keyfiyyətcə yeni mərhələ başlayır

Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər gənclərin dövlət idarəçiliyində iştirak imkanlarını daha da genişləndirəcək

 

Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan Respublikası qısa müddət sonra bu möhtəşəm siyasi hadisənin 25-ci ildönümünü təntənəli qeyd edəcək. Əsrlər boyu müstəqil yaşamaq, taleyini sərbəst şəkildə müəyyənləşdirmək, təbii sərvətləri üzərində sahiblik haqqını təmin etmək arzusunda olmuş xalqımız bu şərəfli yolda bir çox çətinliklərə mətinliklə sinə gərib. Xüsusən də dövlət müstəqilliyinin ilk illərində üzləşdiyimiz ağır sınaq mərhələsindən üzüağ çıxmışıq: 1993-cü ilin iyun ayında - taleyüklü bir zamanda xalqın təkidli tələbiylə hakimiyyətə qayıdan dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev fövqəladə xilaskarlıq missiyası ilə dövləti parçalanmaq, dünya xəritəsindən silinmək, xalqı vətəndaş qarşıdurması təhlükəsindən hifz edərək dayanıqlı inkişaf yoluna çıxarıb.

Ulu öndər Heydər Əliyevin xalqın mənafeyinə cavab verən siyasəti eyni zamanda cəmiyyətdə ayrı-ayrı sosial qrupların həyat keyfiyyətinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və ədalət normalarının bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. Bu siyasət Azərbaycan insanının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ədalətli hüquq sisteminin formalaşmasını da təmin edib.

Yeni dövrün lideri olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin mütərəqqi ideyalarını praktik həyatda uğurla tətbiq edir. Ötən 13 ildə ölkədə güclü müstəqil dövlətin formalaşmasına, Azərbaycanın dünyada nüfuzunun yüksəlməsinə, ölkənin hər bir vətəndaşının sosial rifah halının yaxşılaşmasına, gənclərin cəmiyyətdəki rolunun güclənməsinə xidmət edən tədbirlər bunu bir daha sübut edir. Respublikamızın sürətli iqtisadi inkişafı ilə paralel olaraq cəmiyyətdə demokratik normaların möhkəmlənməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı və qanunların yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Bu islahatlar, ümumən Azərbaycanda modernləşmə ideyasının praktik olaraq tətbiqi respublikamızın müasirinkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsi kimi ali milli ideyaya xidmət edir. Respublikanın neftsiz dövrə hazırlanması, ölkə vətəndaşlarının həyat səviyyəsinin zamanın tələblərinə uyğun şəkildə təmin edilməsi, cəmiyyətin hüquq sisteminin təkmilləşdirilməsi zərurəti Azərbaycanda modernləşmə siyasətinin davam etdirilməsini vəzifə olaraq ortaya qoyur.

Müasir dünyaya inteqrasiya etmədən iqtisadi, siyasihüquqi sistemi dövrün çağırışlarına uyğun şəkildə qurmaq mümkün deyil. Bu mənada ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atır. Rusiyada təhsil alan tələbə kimi böyük qürurla deyə bilərəm ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycanı dünyada tanıyır və onunla hesablaşırlar. Bu günlərdə Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda respublikamızla bağlı səslənən xoş fikirlər də bunu bir daha sübut edir.

Qloballaşma dövrünün çağırışlarını nəzərə alan, cəmiyyətin idarəetmə və hüquq sistemlərinin yeni mərhələyə hazırlanmasını, islahatların daha da sürətləndirilməsini vacib sayan ölkə rəhbəri cənab İlham Əliyev xalqın iradəsi əsasında sosial tələbatı əks etdirən kardinal dəyişikliklərin reallaşdırılmasını təmin edir. Bir neçə gün əvvəl - sentyabrın 26-da Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referendum da məhz bu məqsədə xidmət etməklə ölkəmizin hərtərəfli inkişafında keyfiyyətcə yeni mərhələ açıb. Refedendumun ilkin nəticələri ölkə iqtidarının yürütdüyü siyasətin növbəti təntənəsi olmaqla yanaşı, ölkədə hüquq normalarının cəmiyyətin hazırkı inkişaf tempinə uyğunlaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, vətəndaşların konstitusion hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

Hər bir ölkənin davamlı və sabit inkişafı onun hüquq sisteminin mütərəqqi mahiyyətindən asılıdır. Hüquqi islahatların cəmiyyətin inkişaf tempindən geridə qalması ümumən dövlətin sabitdinamik inkişafı baxımından arzuolunan deyil. Xatırladaq ki, hələ 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasına indiyədək 2002 və 2009-cu illərdə ümumxalq referendumu ilə edilmiş dəyişikliklər də bu zərurətdən irəli gələrək Əsas Qanunu cəmiyyətin inkişaf tempinə uyğunlaşdırmağa xidmət edib.

Xalqın siyasi iradəsinin təcəssümü kimi sentyabrın 26-da real həyata vəsiqə alan konstitusion yeniliklər zamanın tələbləri ilə uzlaşaraq insan hüquq və azadlıqlarına, habelə dövlət idarəçiliyi ilə bağlı bəzi normalara hüquqi status verib. Ümumxalq referendumunda dəstəklənmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumən insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə, dövlət idarəçiliyi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Ümumxalq səsverməsi respublikada sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqisiyasi islahatların genişləndirilməsinə də təminat yaradır.

Bəzi konkret müddəaların qısaca şərhi fonunda bunun bir daha əyani şahidi olmaq mümkündür. Məsələn, Əsas Qanunun 24-cü maddəsinə təklif olunan əlavə və dəyişikliklər də mütərəqqi xarakter daşıyaraq ölkədə insan və vətəndaş hüquq və azadlıqlarına konstitusion təminatı təkmilləşdirmək məqsədi güdür. Dəyişikliyə görə, 24-cü maddəyə aşağıdakı məzmunda I hissə əlavə olunur: “I. İnsan ləyaqəti qorunurona hörmət edilir”. Bir çox konstitusiyalarda, misal üçün Almaniyanın Konstitusiyasında insan hüquqlarının əsas mənbəyi məhz insan ləyaqəti göstərilmişdir. Belə bir müddəanın Azərbaycan Konstitusiyasına əlavə edilməsi ilə dövlət insanların ləyaqətinin qorunmasına yüksək təminat yaratmaq öhdəliyini üzərinə götürür. Beləliklə, insan ləyaqətinin qorunması toxunulmaz fundamental hüquqlar siyahısına aid edilir.

Əsas Qanunun III hissəsinə ediləcək əlavəyə görə, “Hüquqlardan sui-istifadəyə yol verilmir”. Şübhəsiz, demokratik norma və dəyərlərin qanunlarla məhdudlaşdırılması mümkün olduğu halda, insanlara verilmiş hüquq və azadlıqlar da sərhədsiz ola bilməz. Qərbdə geniş yayılmış deyimə görə, bir insanın hüquqları başqasının hüquqları başlandığı yerdə bitir. Başqa sözlə, hüquqi dövlətdə insanlar öz hüquq və azadlıqlarını yalnız qanunlar çərçivəsində reallaşdırmalı, sui-istifadəyə yol verməməlidirlər.

Referendum Aktı layihəsi ilə Konstitusiyanın 29-cu maddəsinə (Mülkiyyət huququ) təklif olunan əlavələrə görə, “V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”. Şübhəsiz, bazar iqtisadiyyatı şəraitində dövlətin yaratdığı geniş imkanlardan, eləcə də liberal biznes mühitindən bəhrələnərək xüsusi mülkiyyətə sahib olan hər bir vətəndaş cəmiyyət qarşısında sosial öhdəliklərini də unutmamalıdır.

Əsas Qanunun 60-cı maddəsinə təklif edilən əlavə və dəyişikliklərə görə (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), “I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ var. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”. Göründüyü kimi, bu maddənin I və IV hissələrinə edilmiş dəyişikliklər, habelə II və III əlavələr vətəndaşların hüquqlarının inzibati və məhkəmə qaydasında müdafəsi mexanizmlərinin təkmilləşdirilməsinə, onlara bununla bağlı əlavə hüquqlar verilməsinə hesablanıb və mütərəqqi mahiyyət kəsb edir.

Əsas Qanunda seçkilərdə iştirak və səsvermə hüququ üçün yaş senzinin bərabərləşdirilməsi də (18 yaş) tamamilə məntiqəuyğundur. Hazırda qüvvədə olan Konstitusiyaya görə, deputat seçkilərində iştirak etmək üçün vətəndaşın 25 yaşı tamam olmalıdır. Referendumun nəticələrinə əsasən, 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz ediləcək. Bu dəyişikliklə Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmək hüququ yaranır. Yəni Konstitusiyanın 56-cı maddəsinə əsasən 18 yaşına çatmış, ali təhsilli, ikili vətəndaşlığı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı (fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərdən başqa) deputat seçilə bilər.

Bu dəyişiklik ilk növbədə ona görə əhəmiyyətlidir ki, Azərbaycan əhalisinin böyük hissəsini gənclər təşkil edir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilən bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Konstitusiyaya edilmiş dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirəcək, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində onların rolunu artıracaq. Şübhəsiz, bu dəyişiklik 18 yaşı tamam olmuş hər bir vətəndaşa deputat olmaq imkanı yaratmır. Bunun üçün həmin şəxsin ali təhsilli olması, ən əsası, seçicilərin səsini qazana bilməsi vacib şərtlərdəndir.

Konstitusiyanın 100-cü maddəsinə ediləcək dəyişiklik də mühüm əhəmiyyətə malikdir. Həmin dəyişikliklə 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılır, yəni prezident seçkilərində iştirak etmək üçün nəzərdə tutulmuş 35 yaş senzi aradan qaldırılır. Siyasi iştirakçılıq baxımından seçkili vəzifələrə yaş məhdudiyyətinin qoyulması ədalətli sayıla bilməz və xalqın seçim hüququna müdaxiləyə imkan verir. Yaş senzinin aradan götürülməsi özlüyündə hələ 18 yaşı tamam olmuş hər hansı şəxsə seçkilərdə iştirak imkanı yaratmır. Lakin hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə bilməsi demək deyildir. Bunun üçün şəxsin ən azından 18 yaşında ali təhsilli olması tələb olunur.

Konstitusiyanın 103-cü maddəsinə ediləcək əlavə ilə Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması və onun hüquqi statusunun müəyyən edilməsi dövlət idarəçiliyini daha çevik və səmərəli vasitələrlə həyata keçirmək baxımından mütərəqqi yenilik sayıla bilər. Yeni vitse-prezidentlər institutunun yaradılması Azərbaycanda icra hakimiyyəti şaqulisininicra intizamının möhkəmləndirilməsi zərurəti ilə bağlıdır. Bu institutun təsis edilməsi həmçinin iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə də xidmət edəcək.

Əsas Qanunun 101-ci maddəsinin I hissəsində “5” rəqəminin “7” rəqəmi ilə əvəz edilməsi, yəni prezidentlik dövrünün 5 ildən 7 ilədək qaldırılması isə dövlət başçısına xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün lazımi vaxt imkanı verir. Dünyanın bir sıra ölkələrində də prezidentin səlahiyyət müddəti 7 il müəyyən olunmuşdur.

Ümumən son referendumun nəticəsi olaraq Konstitusiyaya edilmiş 23 dəyişiklik və 6 əlavə mütərəqqi mahiyyəti ilə Azərbaycanın hər bir vətəndaşının maraq və mənafeyinə tamamilə cavab verir. Bu islahatlar cəmiyyətin aparıcı flaqman təbəqəsi sayılan gənclər tərəfindən də dəstəklənir, ölkəmizin inkişafı və tərəqqisi baxımından təqdir edilir. İnanırıq ki, mövcud siyasi kursa umumxalq etimadının növbəti parlaq təzahürü olan bu islahatlar Azərbaycan Prezidenti cənab İlham Əliyevə ölkəmizin hərtərəfli yüksəlişi və tərəqqisi naminə gerçəkləşdirdiyi islahatların daha da sürətləndirilməsinə imkan yaradacaq.

Şahsultan HƏSƏNOV,

Rusiya Federasiyasının Prezidenti yanında İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri

Azərbaycan.-2016.- 4 oktyabr.- S.10.