Quruculuğun və inkişafın uğurlu nümunəsi

Prezident İlham ƏLİYEV: “Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir. Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci sənaye mərkəzidir”

 

İnkişaf etmiş dövlətlərin tarixi təcrübəsi göstərir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.

Davamlı və sabit inkişaf nəticəsində təkcə paytaxtın deyil, respublikanın bütün şəhər və rayonlarının inkişafına verilən dəstək regionların həyatında keyfiyyətcə yeni mərhələ açmışdır. Regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığa geniş meydan verilməsi yaşanan tərəqqinin bütün ölkə üzrə proporsional qaydada müşahidə olunması, vətəndaşların həyatında öz əksini tapması nəticə etibarı ilə respublikamızı daha qüdrətli dövlətə çevirib. Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır.

Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur.

Xarüqələr diyarına çevrilən və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişaf prosesləri məqsədyönlü proqram əsasında aparılır. Sumqayıtda fəaliyyətə başlayan müəssisələrin açılışında ölkə başçısının iştirak etməsi isə onun bu şəhərə göstərdiyi diqqət və qayğının barizliyidir.

 

“Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb”

 

Bu şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət göstərilir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir.

Bu il sentyabrın 27-də dövlət başçısının Sumqayıta növbəti səfəri bunu bir daha təsdiqlədi. Prezident şəhərin Heydər Əliyev parkında, Sülh və Sahil küçələrində, Sumqayıt Dövlət Dram Teatrının binasında həyata keçirilmiş yeniliklərlə tanış oldu, bir sıra obyektlərin açılışını etdi. Bütün bunlar Prezidentin gəlişindən fərəh və qürur duyan sumqayıtlıların həm də bir növ hesabatı idi.

Sumqayıtın inkişafı yeni, ümumi inkişaf konsepsiyası əsasında aparılır. Son bir ilin inkişafı şəhərdə həmişə problem yaradan giriş yollarından başlayıb. Şəhərin hər iki istiqamətdə yolları genişləndirilərək yenidən qurulub, yaşıllıq zolaqları salınıb, milli memarlıq üslubunda qala divarları çəkilib.

Şəhərin əsas giriş qapısı olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə iki dəfədən artıq genişləndirilib. Mövcud yolun asfalt örtüyü 90 min kvadratmetrə çatdırılıb və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün ideal şərait yaradılıb. Giriş yolunun hər iki tərəfində uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri çəkilib. Həmin ərazidə 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. Giriş yolunun ətrafına 16 min kvadratmetr uzunluğunda hasar çəkilib. Yollarda gecə işıqlandırma sistemləri yaradılıb, 110 ədəd müasir işıq dirəkləri quraşdırılıb. Şəhərin giriş yolunun başlanğıcında əzəmətli Bayraq meydanı yaradılıb.

Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də yenidən qurulub. Xəzər dənizi sahili boyu və Novxanı kəndi istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir edilib. Standartlara uyğun olmayan yolun eni iki dəfə genişləndirilərək 13 metrə çatdırılıb. Həmin ərazidə 112 kvadratmetr sahəyə asfalt döşənib. Sahil küçəsi boyu hər iki tərəfdə əhalinin sərbəst şəkildə hərəkəti üçün piyada yolu yaradılıb və səkiyə 7000 kvadratmetr daşlar döşənib.

Elə bu küçədə kommunikasiya xətləri çəkilib. Yolun bəzi yerlərində əhalinin istirahəti üçün guşələr yaradılıb. Yayda istirahətə gələnlər bu parklarda rahat istirahət edə biləcəklər. Sahil küçəsi boyu dekorativ ağaclar əkilib və yaşıllıqlar salınıb. Həmin küçədə 5 kilometr uzunluğunda istinad divarları çəkilib. Həmin divarlar isə bəzəkli aqlay daşları ilə üzlənib.

Sahil küçəsində dənizkənarı istiqamətdə yerləşən istirahət obyektləri müasir qaydalara uyğun təmir olunub. Həmin yolun üstündə yerləşən Corat qəsəbəsində də sakinlərin istirahəti üçün parklər salınıb, həmin yerlərdə xüsusi yeni işıqlandırma sistemi quraşdırılıb.

Sumqayıtın üçüncü giriş qapısı hesab olunan Memarlıq küçəsində də böyük tikinti-quraşdırma işləri aparılıb. Bu küçədə də müasir tələblərə uyğun genişmiqyaslı abadlıq işləri görülüb. Şəhərin mərkəzi yollarında, mikrorayon və məhəllədaxili ərazilərdə, qəsəbə və bağlar massivlərində asfalt çəkilib. Həmin küçə və yollara asfalt döşənib ki, bu da özlüyündə 200 kilometrə bərabərdir. Həmçinin həmin yollarda yerləşən piyada keçidlərinə 50 min poqonmetr səki daşları düzülüb. Şəhər planına əsasən, digər küçə və yollarda abadlıq və təmir işləri bundan sonra da aparılacaqdır. Prezident İlham Əliyevin Sumqayıtda olarkən yolun rəmzi açılışını bildirən lenti kəsməsi şəhər sakinlərini qürurlandırdı.

 

“Sumqayıt bulvarı, hesab edirəm ki, bir möcüzədir”

 

Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Ümumiyyətlə, son dövrlərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Xəzər dənizinin göy sularının çırpıldığı Sumqayıt sahillərində belə bir bulvarın salınması ölkəmizdə görülən sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sumqayıt bulvarının ümumi sahəsi 106 hektardır və onun uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. Bulvarın salınması üçün həmin əraziyə 3 milyon kubmetr torpaq daşınıb. 4,2 kilometr uzunluğunda, 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.

Bulvar kompleksində edilən yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayacaqdır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib.

Bulvarın ərazisində velosipedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt, 30 hektar əraziyə daş döşənib.

Ərazidə Bayraq meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanənin tikintisi aparılıb.

Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Burada 500-dən çox yeni iş yeri açılacaq.

Sumqayıt bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, onlar yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın da əlavə edilməsi deməkdir.

 

“Cəmi 8-9 ay ərzində möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb”

 

Ulu öndərin adını daşıyan parkda da yenidənqurma işləri aparılıb. Parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Burada 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac, dekorativ kol əkilib, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr daş döşənib. Parkda həmçinin rəngli fontan kompleksi və Bayraq meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.

Şəhərə ötən səfərlərinin birində “Sumqayıt bu gün parklar və bağlar şəhəridir” - deyən Prezident İlham Əliyevin sözləri sumqayıtlıları doğma şəhərlərini daha da gözəlləşdirməyə ruhlandırıb. Parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib. Bu möhtəşəm mərkəz gənclərin daim toplaşacağı, öz maraqlarına uyğun məşğuliyyətlərini tapacağı məkana çevriləcək. Mərkəz eyni zamanda sumqayıtlı gənclərin ənənələrə sədaqət, torpağa sonsuz məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna rol oynayacaq.

Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 500 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Bunlardan əlavə, dördüncü mərtəbədə nikah mərasimləri zalı yerləşəcək. Ailə quran hər bir sumqayıtlı gənc üçün ulu öndərin həyat və fəaliyyəti örnək olacaq. Nikah və qeydiyyat idarəsi də bu binada yerləşdirilib və nikah bağlanması üçün bütün şərait yaradılıb.

Parkın ərazisində eləcə də müasir memarlıq üslubunda 1500 kvadratmetr sahəsi olan 2 mərtəbəli şahmat məktəbi tikilib. Burada 4 mərtəbəli uşaq incəsənət məktəbi də inşa edilib. 2400 kvadratmetr sahəsi olan bu məktəbdə 43 sinif otağı fəaliyyət göstərəcək, 700-dən çox şagird təhsil alacaq və 210 müəllim çalışacaq.

 

“Sumqayıtın mədəni həyatına yeni töhfə...”

 

Şəhərdəki digər yeniliklər də ürəkaçandır. Məsələn, Sumqayıt Dram Teatrının binası 1956-cı ildə istifadəyə verilib. Ötən ilin dekabrında burada yenidənqurma işlərinə başlanılıb. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri, digər avadanlıqlar quraşdırılıb.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

Binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək.

Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır.

 

“Sumqayıtın inkişafı daim diqqət mərkəzində olacaq”

 

Sumqayıt şəhərində yeni binalar tikilməklə yanaşı, köhnə binaların görkəmi və kommunal şəraiti diqqətdən yayınmır. Dövlət tərəfindən ayrılmış vəsait hesabına 323 çoxmənzilli yaşayış binasının dam örtükləri yenidən qurulub və hazırda bu işlər davam etdirilir. 200 çoxmənzilli yaşayış binasının isə liftləri dəyişdirilərək yenisi ilə əvəz olunub. 250 çoxmənzilli yaşayış binasının istiliklə təmin olunması üçün müvafiq işlər görülüb, qazanxanalar mövsümə tam hazırlanıb. Hazırda 18-ci mikrorayonda 20 yaşayış binasını istiliklə təmin edəcək yeni qazanxananın tikintisi işləri aparılır. Şəhərdə daha 600 yaşayış binasının istiliklə təchiz olunması üçün də müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.

Yeniliklərdən biri də avtomobillə şəhərdaxili sərnişindaşınma xidmətinin şəhər icra hakimiyyətinin tabeliyinə verilməsidir. Bu iş pilot layihə olaraq əhaliyə nəqliyyat xidmətinin lazımi səviyyədə qurulmasını təmin edəcək. Hazırda bu məqsədlə növbəti il ərzində şəhərə 150 ədəd müasir avtobusların gətirilməsi üçün tədbirlər görülür.

Şəhərdə məktəb, uşaq bağçaları ilə bağlı problemlərin aradan qaldırılması sahəsində də müəyyən işlər görülüb. Səhiyyə ocaqları da diqqətdən kənarda qalmayıb, cari ildə 5 xəstəxana və poliklinikada təmir işləri aparılıb.

Qarşıda həlli vacib bir çox məsələlər dayanır. Planlaşdırılır ki, əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün yaxın dövrdə Kimyaçılar və İnşaatçılar yaşayış sahəsindəki ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddətini başa vurmuş, kommunal şəraiti olmayan və qəzalı vəziyyətə düşən 100-ə yaxın taxta konstruksiyalı yaşayış binalarının sökülməsi və əhalinin köçürülərək yeni mənzillərə yerləşdirilməsi məsələsi həll edilsin. Həmçinin mərhələli şəkildə 100-dən çox yataqxana binasının əsaslı təmiri, 120 kilometr uzunluğunda şəhərdaxili yolların, 1,5 milyon kvadratmetr məhəllə və mikrorayondaxili sahələrin yenidən qurulması, 40 minə yaxın əhalinin yaşadığı ərazidən keçən, əhalinin və sənaye müəssisələrinin kanalizasiya xətti kimi istifadə etdiyi 7,5 kilometr uzunluğunda Acıdərə kanalının boruya alınması vacib işlər kimi qarşıda durur.

Sənaye zonasında yerləşən superfosfat, alüminium, kompressorlar zavodlarının, Xovlu İplik Fabrikinin fəaliyyətini bərpa etmək, şəhərin perspektiv inkişafı və genişləndirilməsi, sosial obyektlərin tikintisi üçün şəhər ərazisində fəaliyyətsiz qalmış onlarca idarə və təşkilatların 100 hektarlarla torpaq sahələrindən səmərəli istifadə etmək nəzərdə tutulur.

Bunlar son bir ilin özündə Sumqayıtda görülmüş işlərin yalnız bir hissəsidir. Sumqayıtlılar Prezident İlham Əliyevin şəhərə budəfəki səfərindən ruhlanaraq ürəkaçan yeniliklərin sayını daha da artırmaq əzmindədirlər.

Akif ƏLİYEV,

Azərbaycan.-2016.- 5 oktyabr.- S.5.