İqtisadi islahatların yeni mərhələsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir

Azərbaycanda dövlət tənzimləməsi vasitəsi kimi məqsədli, regional və sahəvi dövlət proqramlarından, orta müddətli makroiqtisadi proqnozlardan geniş istifadə edilir. Bu hesaba 2003-2015-ci illərdə bütün maliyyə mənbələrindən ölkə iqtisadiyyatına 205,6 milyard dollar investisiya qoyulmuş, 220 sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, ümumi daxili məhsul istehsalı 3,4 dəfə artaraq 7,2 milyard manatdan 54,4 milyard manata çatmış, 1 milyon 480 mindən çox yeni iş yeri yaradılmışdır. Təkcə 2015-ci ildə əhalinin gəliri 41,7 milyard manat olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 7,3 dəfə çoxdur.

Bunlarla yanaşı, ölkə iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün vəzifələrin tam yerinə yetirilməsi haqqında danışmaq tezdir. Hələ də ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun payı istənilən səviyyədə deyil. Düzdür, keçən il 2014-cü ilə nisbətən qeyri-neft sektorunda 2 milyard manatlıq məhsul istehsalı artımı olmuşdur. Lakin bu, bizdən asılı olmayan səbəblər üzündən neftin ucuzlaşması ilə düşdüyümüz ziyanı kompensasiya edə bilməmişdir. Başqa bir fakt: ötən il Azərbaycan adambaşına 155 dollarlıq qeyri-neft məhsulları ixrac etmişdir. Etiraf edək ki, qeyri-neft sektorunun inkişafına diqqətin artırılmasından az vaxt keçməsinə baxmayaraq, bu rəqəm elə də kiçik deyil. Amma unutmayaq ki, 2020-ci il İnkişaf Konsepsiyasında qarşıya bu göstəricinin 1000 dollara çatdırılması kimi mühüm vəzifə qoyulmuşdur və həmin məqsədə çatmaq üçün ötən hər il ölkə iqtisadiyyatı üçün xüsusi önəm kəsb edir.

Qeyri-neft sektorunda mühüm sahələrdən biri kənd təsərrüfatı və emal sənayesidir. Son dövrlər bu sahələr üzrə də ölkədə mühüm uğurlar qazanılmışdır. Bununla belə, ölkənin istehlak bazarı hələ idxal məhsullarından istənilən səviyyədə azad olmamışdır. Dünya iqtisadiyyatının çalxalandığı və onun fəsadlarının Azərbaycandan da yan keçmədiyi indiki vaxtda isə idxaldan asılılığı minimuma endirmək çox vacibdir. Odur ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının və  hökumət qərarlarının, eləcə də proqnozların icrası tam təmin edilməlidir. 

Məlum olduğu kimi, 2015-ci ildə ixrac neftinin qiymətinin 3 dəfəyə qədər aşağı düşməsi, ölkəyə daxil olan valyutanın azalması, tədiyə balansının cari əməliyyatlar hesabının defisitlə formalaşması və ölkənin ehtiyat aktivlərinin bir neçə milyard dollar azalması nəticəsində milli valyutanın ABŞ dollarına nisbətən iki dəfəyə qədər ucuzlaşması qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənaye sahələrinin inkişafına yeni yanaşmanı, praktiki addımların atılmasını zəruri etmişdir. Elə həmin vaxtlar Prezident İlham Əliyev demişdir: “İndiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır”.

Son illər ölkədə həyata keçirilən tədbirlər qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin üstünlük təşkil etməsinə səbəb olmuşdur. Lakin qeyri-neft sektorunda ixrac məhsullarının  (xidmətlərin) və dövlət büdcəsinə daxil olan gəlirlərin həcmi hələ də istənilən səviyyədə deyil.  Məsələn, ötən il qeyri-neft məhsullarının ixracının həcmi 1,5 milyard dollar olmuş və bütünlükdə ixracın 10 faizini təşkil etmişdir. Həmin il ümumi daxili məhsulun 70 faizdən çoxunun qeyri-neft sektorunda istehsal olunmasına baxmayaraq, bu sektordan  büdcə gəlirləri ÜDM-in yalnız 13 faizinə bərabər olmuşdur.

Cari ilin birinci yarısında ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar, qəbul edilmiş digər normativ hüquqi aktlar qeyri-neft məhsullarının istehsalının və ixracının stimullaşdırılmasında, bu sahələrə investisiya yönəldilməsində mühüm əhəmiyyət kəsb edir. Həmin sənədlərdə xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılmasına və marketinq fəaliyyətinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına və digər tədbirlərə çəkilən xərclərin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılması nəzərdə tutulur.

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən,  Nazirlər Kabineti investisiyaların stimullaşdırılması üçün sərmayələrin yatırıldığı iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimum məbləği və həyata keçiriləcək inzibati ərazi vahidlərini təsdiq etmişdir. Bu meyara uyğun tərtib olunan investisiya layihələri müvafiq qaydada baxılmaqla Nazirlər Kabineti tərəfindən investora “İnvestisiya təşviqi sənədi” adlı sənəd veriləcək. Bu sənədə malik  investor “Vergi Məcəlləsi” və “Gömrük tarifi haqqında” qanunla müəyyən olunan güzəştləri əldə edəcəklər.

Bütün bunlarla yanaşı, hökumət məqsədəuyğun hesab etmişdir ki, iqtisadiyyatın mövcud durumu dərindən təhlil edilsin və yeni iqtisadi inkişaf strategiyası hazırlansın. Bu məqsədlə dövlət başçısının 16 mart 2016-cı il tarixli sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Həmin istiqamətlərə uyğun olaraq, inkişaf planlarının işlənilməsi məqsədilə işçi qrupu yaradılmış, Strateji Yol Xəritəsinin 4 əsas məqsədi müəyyən edilmişdir: gəlir səviyyəsinin və məşğulluğun artırılması; qeyri-neft sahələrinin diversifikasiya edilməsi; iqtisadi səmərəliyin və rəqabətliyin artırılması; ölkənin tədiyə balansının cari əməliyyatlar və kapital hesabının profisitlə formalaşdırılması. Yol Xəritəsində həmçinin iqtisadi inkişafın investisiya təminatına, məhsul (xidmət) ixracına, hökumətin planlarına baxışın keçirilməsinə və planları həyata keçirmək üçün idarəetmə strukturlarının yaradılmasına xüsusi yer verilmişdir.

 

İqtisadi fəaliyyətin koordinasiyası və planlaşdırma

 

Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı demişdir: “İlk növbədə idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir”. Bu baxımdan apardığımız elmi-tədqiqat işlərinin yekunlarından çıxan  nəticələr əsasında  iqtisadi idarəetmə sisteminə və mexanizmlərinə diqqəti cəlb etmək istərdik.

Keçmiş illərin təcrübəsi göstərir ki, müxtəlif istehsal sahələrinin inkişaf dinamikası və miqyası arasında qarşılıqlı əlaqələndirmənin və proporsiyaların kifayət qədər təmin olunmaması, istehsalın həcminin investisiyalarla və digər resurslarla təminatının balanslaşdırılmaması iqtisadi inkişafın koordinasiyasının zəifliyinin nəticəsidir. Bu isə adətən disproporsiyalara səbəb olur. Başqa sözlə, ölkə iqtisadiyyatının strukturu xammal və yarımfabrikat təyinatlı olur, iqtisadi artım bir qayda olaraq investisiyaların hesabına təmin edilir, regionların iqtisadi-sosial inkişafında fərqlər əhəmiyyətli dərəcədə azalmır. Hətta bazar mexanizmlərinin tətbiqi də bu neqativ meyillərin qarşısını ala bilmir. Məsələn, yaxın keçmişədək ölkəmizdə sahələrin, istehsalların və əmtəə bazarının koordinasiyalı inkişafına kifayət qədər əhəmiyyət verilməməsi kənd təsərrüfatı, yüngül sənaye və istehlak bazarı arasında istehsal-ticarət əlaqələrinin zəifləməsinə gətirib çıxarmışdır. Yüngül sənaye müəssisələrinin çoxu ya profilini dəyişmiş, ya da fəaliyyətini dayandırmışdır. Nəticədə yüngül və yeyinti sənaye sahələri ölkə iqtisadiyyatında öz mövqelərini itirmişlər. Məsələn, 2015-ci ildə bu iki sənaye sahəsinin ümumi sənaye məhsulunda xüsusi çəkisi 12,1 faiz olmuşdur. 10 milyona yaxın əhalisi olan Azərbaycanda 88 min cüt ayaqqabı, 90 min  kişi köynəyi, ümumilikdə 96 milyon manatlıq yüngül sənaye məhsulları istehsal edilmişdir. Bu onun nəticəsidir ki, 2010-cu ilə nisbətən fəaliyyət göstərən müəssisələrin sayı 1,2 dəfə azalmışdır.

İqtisadiyyatda sahələrarası qarşılıqlı əlaqələrin koordinasiyasının aləti sahələrarası balansdır ki, onun da müvafiq mərkəzi idarəetmə orqanları tərəfindən tərtib edilməsi tələb olunur. İqtisadiyyatın və sosial sahənin balanslaşdırılmış inkişafını təmin edən balans metodundan proqnozlaşdırma, planlaşdırma və dövlət proqramlarının hazırlanması praktikasında tətbiq edilməsi zəruridir. İqtisadi fəaliyyətin koordinasiyasının elə sistemi qurulmalıdır ki, iqtisadiyyatın dövlət və özəl sektorlarının, müəssisələrin və ev təsərrüfatlarının fəaliyyətinin koordinasiyası və təkrar istehsalın ayrı-ayrı maddi əşya və dəyər göstəricilərinin uyğunlaşdırılması və əlaqələndirilməsi təmin edilsin. Başqa sözlə, istehsal (xidmət) və investisiyalar, sənaye və kənd təsərrüfatı, mal dövriyyəsi və əhalinin pul gəlirləri, əmək məhsuldarlığı və əməkhaqqı arasındakı proporsiyalar səmərəli həddə müəyyən olunmalıdır. Nəzərə alınmalıdır ki, bazar iqtisadi sistemində də proporsiyalara əməl edilməsinin mühüm şərti proqnoz və planların istehsal gücləri, xammal, yanacaq, pul, xarici valyuta və digər resurs ehtiyatları ilə balanslaşdırılmasıdır. Bu məqsədlə bazar iqtisadiyyatlı ölkələrdə mühüm iqtisadi və sosial problemləri uğurla həll etmək üçün proqnozlaşdırma ilə yanaşı, cari və perspektiv planlaşdırmadan geniş istifadə olunur. Dünya təcrübəsi sübut edir ki, müasir dövrdə dövlət və qeyri-dövlət təsərrüfat subyektlərinin koordinasiyalı fəaliyyətini təmin edən əsas vasitələrdən biri planlaşdırmadır. Fransada Baş Planlaşdırma Komissariatı, İsraildə Strateji Planlaşdırma Nazirliyi, Hollandiyada Mərkəzi Planlaşdırma Bürosu, Türkiyədə Dövlət Planlaşdırma Təşkilatı, eləcə də Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Malayziyada, Birləşmiş Ərəb Əmirliklərində müxtəlif adlar altında dövlət planlaşdırma orqanları fəaliyyət göstərir. Həmçinin beynəlxalq təcrübəni öyrənməklə bəzi postsovet ölkələrində də planlaşdırmanı dövlət idarəetməsinin sistem yaradan vasitəsi kimi qəbul etmişlər.

Azərbaycanda da 2002-ci ildən orta müddətli dövlət proqnozları tərtib olunur. Buna baxmayaraq, apardığımız araşdırmalar göstərir ki, proqnoz göstəriciləri ilə faktiki göstəricilər, natural göstəricilərlə dəyər göstəriciləri arasında böyük miqyasda kənarlaşmalar baş verir, mütənasiblik təmin edilmir. Məsələn, tədqiq etdiyimiz dövrdə ümumi daxili məhsulun faktiki istehsalı proqnozlardan 1,3-1,5 dəfə çox olmuşdur. Ancaq proqnozlaşdırılan məhsul nomenklaturasının 60 faizdən çoxu üzrə proqnozlar yerinə yetirilməmişdir. Emal sənayesinin əksər məhsullarının proqnozlaşdırılan nomenklaturası xüsusilə yüngül, kimya və maşınqayırma sənaye sahələrində statistik uçot aparılan nomenklaturlarla üst-üstə düşməmişdir. İnvestisiyalar üzrə proqnozlar isə 1,5-1,7 dəfə artıqlaması ilə yerinə yetirilmişdir. Hazırda ən çox kənarlaşmalar özəl sektorda istehsal olunan məhsullar üzrə baş verir ki, bu da müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının özəl qurumlarla proqnozlaşdırma ilə bağlı əməkdaşlığının lazımi səviyyədə olmamasını göstərir. Bütün bunlar sübut edir ki, iqtisadi tənzimləmə vasitəsi kimi təkcə dövlət proqnozlarından istifadə etmək heç də kifayət deyil. Bu baxımdan qəti əminliyimiz ondan ibarətdir ki, dövlət proqramlarının və proqnozlarının nəzərdə tutulan əsaslandırılmış hədəflərinin və göstəricilərinin vaxtında və tam həcmdə yerinə yetirilməsini təmin edən mexanizm ancaq cari və uzunmüddətli inkişaf planları ola bilər. Əgər sovetlər dönəmində plan göstəriciləri və onların həcmi təsdiq edilib qanun statusuna malik olurdusa, indi qanunlarla təsdiq olunmuş normativ aktlara əsaslanan plan və göstəricilərin işlənib hazırlanması kifayətdir. Lakin bunun üçün iqtisadi və sosial inkişafa dair dövlət proqnozları və planları haqqında qanunun qəbul edilməsidir.

Yerli və xarici bazarların tələbini təmin etmək üçün əsas istehlak və istehsal təyinatlı mallar üzrə balansların tərtib edilməsi haqqında Nazirlər Kabineti qərar qəbul etmişdir. Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Ərzaq balansının tərtib olunması qaydası”na əsasən, 2014-cü ilə dövlət proqnozlarının tərkibində 16 adda istehsal və istehlak balansı işlənilib hazırlanmışdır. Balansın göstəricilərinə necə əməl olunmasını araşdırmışıq. Məlum olmuşdur ki, yerli istehsal üzrə proqnoz göstəricilərinin 60 faizə qədəri kəsirlə yerinə yetirilmiş və nəticədə nəzərdə tutulduğundan 1,3 dəfə çox buğda, un və düyü, 2 dəfə çox kartof, 1,2 dəfə çox pendir idxal edilmişdir. Belə tendensiya ixracda da var. Prosesin belə getməsinin yeganə səbəbi Azərbaycanda idxal-ixrac kvotalarının tətbiq edilməməsidir.

İndiki kimi təkcə dövlət investisiya proqramları yox, eyni zamanda həm dövlət, həm də özəl investisiyaları nəzərə almaqla bütünlükdə ölkə üzrə illik və uzunmüddətli investisiya proqramının (investisiyaların həcmi, istehsal güclərinin istifadəyə verilməsi və s. göstəricilər əks olunmaqla) hazırlanması düzgün olardı. Çünki dövlət məhz məhsuldar qüvvələrin düzgün yerləşdirilməsində, bütünlükdə investisiya obyektlərinin iqtisadi və sosial səmərəsinin yüksək olmasında maraqlıdır. Nəzərə alınmalıdır ki, ölkənin və regionların tarazlı iqtisadi və sosial inkişafında investisiyalar həlledici rol oynayır. Tarazlı inkişaf məhsuldar qüvvələrin düzgün yerləşdirilməsindən bilavasitə asılıdır. Bu imkan verər ki, məhsul istehsalının, iş və xidmətlərin planlaşdırılan həcmi, habelə regionlarda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi bütünlükdə ölkənin investisiya proqramı ilə lazımi səviyyədə əlaqələndirilsin. İnvestisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi təkcə dövlət investisiyalarını yox, mülkiyyət formasından və maliyyə mənbələrindən asılı olmayaraq bütün investisiyaları əhatə etməlidir. Eyni zamanda hesab edirik ki, Nazirlər Kabineti səviyyəsində bütünlükdə iqtisadi fəaliyyətin koordinasiya sisteminin formalaşdırılması, illik və beşillik indikativ planlaşdırma sisteminin tətbiq edilməsi, İqtisadiyyat Nazirliyinin bazasında İqtisadiyyat və Planlaşdırma Nazirliyinin yaradılması, orta müddətli proqnozların məqsədinə və normativ hüquqi bazasına yenidən baxılması artıq günün tələbi səviyyəsinə qalxmışdır.

 

Dəyər zənciri əsasında inteqrasiyanın dərinləşdirilməsi

 

Zəngin təbii sərvətlərə malik Azərbaycan üçün dəyər zənciri əsasında inteqrasiyanın dərinləşdirilməsi çox aktualdır. Dəmir filizi, alunit, qızıl, mis və qiymətli metal yataqlarına malik olan ölkəmizdə belə zəncirin yaradılmasının əhəmiyyəti böyükdür. Bu baxımdan Azərbaycan üçün xarakterik olan bir misalı qeyd edək: Çindən gətirilən alüminium oksidindən hazırlanan alüminium külçəsi Türkiyəyə göndərilir, onlardan hazırlanan pəncərə və qapı çərçivələri Azərbaycana idxal edilir. Daşkəsənin zənginləşdirilmiş dəmir filizi xarici ölkələrə ixrac olunur. Düzdür, son bir-iki ildə bu istiqamətdə təşkilati-hüquqi strukturlar yaradılmışdır. Lakin burada bir məsələni diqqətə çatdırmaq istərdik. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin “Azərbaycan Polad İstehsalı Kompleksi”ndən çıxarılması və özəlləşdirməyə açıq elan edilməsi bu kompleksin xammaldan hazır məhsula qədər istehsal prosesini həyata keçirmək barədə qarşısına qoyulan məqsədə nail olmasını mümkünsüz edə bilər.

Başqa mühüm bir fakt: Yol Xəritəsində əks olunan informasiyadan görünür ki, 2014-cü ildə Azərbaycanda adambaşına 90 dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edilmişdir ki, bu da Türkiyə, Gürcüstan və Qazaxıstana nisbətən 1,8-2,7, Bolqarıstan, Ukrayna və Rumıniya ilə müqayisədə 3,9-7,5 dəfə azdır. Üstəlik Azərbaycanın ixrac etdiyi məhsulların yarıdan çoxu emal edilməmiş məhsullardır. İdxalda isə tamamilə başqa mənzərədir: idxalın 70 faizi emal edilmiş məhsullardır. Bu rəqəmlərin müqayisəsi tələb edir ki, bir tərəfdən kənd təsərrüfatı məhsullarının istehsalı artırılsın, digər tərəfdən onların emalında inqilabi dönüş yaradılsın. Yeri gəlmişkən qeyd edək ki, bu barədə dövlət başçısının göstərişləri var. Qalır onlara Prezidentin tələb etdiyi səviyyədə əməl etmək.

 

İnstitusional strukturların yaradılması

 

Azərbaycanın iqtisadiyyatı yüksək səviyyədə liberallaşdırılmışdır. Bunun nəticəsidir ki, 2015-ci ildə ölkə üzrə istehsal olunan sənaye məhsulunun 80 faizə qədəri qeyri-dövlət, o cümlədən 64 faizi xüsusi mülkiyyətə məxsus olmuşdur. Bu yerdə diqqətə çatdıraq ki, sənayesi inkişaf etmiş ölkələrdə azad rəqabət və “özüinkişaf” modelindən istifadə olunmur. Həmin ölkələrdə bazarın tənzimlənməsi korporasiyalarla birlikdə, yəni tənzimlənmənin dövlət-korporativ sisteminin formalaşdırılması yolu ilə həyata keçirirlər. Məsələn, Böyük Britaniyada dövlət idarəetmə orqanlarının və dövlət korporasiyalarının qarşılıqlı münasibətləri bir çox iqtisadi mexanizmlərlə tənzimlənir. Korporasiyalar əsasən direktorlar şurasına tabe olsalar da, parlament və nazir nəzarəti saxlanılır. Çin Xalq Respublikasında isə iri dövlət şirkətlərinin fəaliyyətini tənzimləyən, aktivlərini idarə edən və onlara nəzarəti həyata keçirən dövlət komissiyası mövcuddur.

Azərbaycana gəldikdə isə, Yol Xəritəsində göstərildiyi kimi, ölkənin bir çox sənaye müəssisələrinin potensialından tam istifadə olunmur. Odur ki, onların potensialının müəyyən edilməsi, qiymətləndirilməsi və onlardan istifadənin təmin edilməsi zəruridir. Hətta bu məqsədlə Azərbaycanda sənayenin inkişafına məsul olan orqanın yaradılması düzgün olardı.

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “...əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır”. Bəs, kiçik və orta sahibkarlar deyildikdə hansı subyektlər nəzərdə tutulur? Əvvəlcədən qeyd edək ki, istehsal güclərinə və işçilərinin sayına görə inkişaf etmiş ölkələrdəki və Azərbaycandakı kiçik və orta sahibkarlıq subyektləri fərqlidir. Əgər Azərbaycanın sənaye sektorunda işçilərinin sayı 50 nəfərə qədər olan müəssisələr kiçik müəssisə hesab olunursa, ABŞ-da bu meyar 100 nəfərdir. Orta biznesə isə işçilərinin sayı 500 nəfərə qədər olan müəssisələr aid edilir. Almaniyada işçilərinin sayı 1000 nəfərədək olan müəssisələr orta biznesə aid edilir. Sinqapurda bu göstərici 200 nəfərdir. Amerikada və Almaniyada ümumi daxili məhsulun 50-52, Fransada və Yaponiyada 55-62 faizi kiçik və orta biznes tərəfindən istehsal edilir.  Azərbaycanda isə sahibkarlıq fəaliyyəti göstərən kiçik müəssisələrin hər birində orta hesabla 10 nəfərə qədər adam işləyir və onlar ölkə üzrə məhsul (xidmət) istehsalının cəmisi 4-5 faizini istehsal edirlər. Üstəlik sənaye sektorundakı müəssisələrin 90 faizə qədəri kiçik müəssisədir. Odur ki, belə kiçik müəssisələrin bazasında Azərbaycanda innovasiya təyinatlı iqtisadiyyat qurmaq çətindir. Bu səbəbdən dövlət elə kooperasiya siyasəti yeritməlidir ki, belə müəssisələr fəaliyyətlərini müasir texnologiyalarla qurmaq və innovasiyalı məhsullar istehsal etmək üçün qruplarda birləşə bilsinlər.

 

İqtisadi islahatların investisiya təminatı

 

Nəzərdə tutulan genişmiqyaslı tədbirlərin maksimum səmərə ilə və vaxtında icrası onların investisiya təminatından həlledici dərəcədə asılıdır. Bəzi ekspertlər Azərbaycanda əsas kapitala investisiyaların 70 faizə qədərinin dövlətə məxsus olmasını önəmli hesab etmirlər. Onların fikrincə, strateji tərəfdaşlar hesabına bu investisiyaların azaldılması məqsədəuyğun deyil. Bizə görə, bu, yanlış mövqedir. Uzun müddət apardığımız elmi araşdırmalar göstərir ki, yerli və xarici investorlar müxtəlif səbəblərdən kənd təsərrüfatına və sənayenin emal sahələrinə (qida sənayesi istisna olmaqla) investisiya qoymaqda maraqlı deyillər. Belə şəraitdə dövlət investisiyalarının azaldılması yox, onların istiqamətində dəyişikliyin edilməsi zəruridir. Başqa sözlə, infrastruktur obyektlərinə dövlət investisiyaları məhdudlaşdırılmalı, əvəzində aqrar və emal sənaye sektorlarına miqyaslı dərəcədə artırılmalıdır. Burada dövlət başçısının bir konsepsiyasını diqqətə çatdırmaq yerinə düşərdi. 2014-cü ildə çıxışlarının birində Prezident demişdir: “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır... dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik”. Bu fikrin davamı kimi hesab edirik ki, Dövlət İnvestisiya Bankının və maliyyə-sənaye qruplarının yaradılması məqsədəuyğun olardı. Eyni zamanda beynəlxalq praktikada olduğu kimi, illik məbləği 4-5 milyard manat olan amortizasiya ayırmalarından investisiya mənbəyi kimi istifadə edilməlidir. Bunun üçün isə  Amortizasiya ayırmaları haqqında qanunun qəbul edilməsi və Amortizasiya Fondunun yaradılması lazımdır.

Azərbaycan böyük investisiya resurslarına malikdir. Ancaq bu resursların müəyyən  hissəsini xarici investorlar, demək olar, mənimsəyirlər. Bunun da əsas səbəbi təbii sərvətlərin birgə istismarında  hasilatın pay bölgüsü metodundan geniş istifadə olunmasıdır. Təkcə neft sektorunda deyil, dəmir filizi, qızıl, alunit yataqlarının istismarı da xarici şirkətlərə bu cür sazişlə verilir. Halbuki maliyyə cəhətdən imkanı olan ölkələr hasilatın pay bölgüsü sazişindən nadir hallarda istifadə edirlər. Təbii resursların sahibi olan və maliyyə cəhətdən imkanlı olan ölkələr üçün bu tip sazişlər sərfəli deyil. Çünki hasilatın pay bölgüsünə əsaslanan sazişlər imkan verir ki, xarici kompaniyalar öz maraqlarını milli dövlətlərin maraqlarından üstün tuta bilsinlər. Bu səbəbdən Azərbaycan yetərincə maliyyə imkanlarına malik olan ölkə kimi gələcəkdə hasilatın pay bölgüsü sazişlərindən imkan daxilində imtina etməli, çox mühüm və qlobal əhəmiyyətli kontraktlar istisna olmaqla, belə prinsiplə bağlanan müqavilələrin şərtlərinə yenidən baxmalıdır.

 

Səmərəli inkişafın daha bir yolu...

 

Bu yaxınlarda “Azərbaycan” qəzetində maraqlı bir məqalə dərc olunmuşdur.  “Yoxdan sərvət yaradan ölkə” adlı məqalədə göstərilir ki, 25 il ərzində (1960-1990-cı illər) Sinqapurun Baş naziri Li Kuan kiçik adanı sərt demokratiyadan uzaq qaydalarla idarə edərək onu dünyanın qabaqcıl ölkəsinə çevirə bilmişdir. Qanunun aliliyi, korrupsiyanın tam aradan götürülməsi, rüşvətxorluğa qarşı yuxarıdan aşağı mübarizənin aparılması bu ölkənin inkişafında ciddi rol oynamışdır. İqtisadiyyatda və korrupsiyaya qarşı mübarizədə qeyri-demokratik üsullardan istifadə etməklə uğurlara nail olunması sinqapurluların yüksək həyat səviyyəsini təmin etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev də təsərrüfat subyektlərində və idarəetmə orqanlarında maliyyə şəffaflığının tam təmin olunmamasını, müxtəlif səviyyələrdə korrupsiyanın və rüşvətin mövcudluğunu və bu kimi neqativ halların aradan qaldırılmasının vacibliyini, biznesdə və dövlət qulluğunda dürüstlüyün təmin edilməsini öz  çıxışlarında dəfələrlə önə çəkir. Demək olar əksər çıxışlarında şəffaflıq probleminə diqqət çəkən Prezident vurğulayır ki, bütün sahələrdə şəffaflıq, dürüstlük, təmizlik norma olmalıdır.

Prezidentin 5 sentyabr 2016-cı il tarixli sərəncamı ilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə standartlarının tətbiqi nəzərdə tutulur ki, bu da idarəetmədə maliyyə şəffaflığının yüksəlməsinə, müəssisənin maliyyə nəticələrində işçilərin maddi marağının artırılmasına səbəb olacaq. Dövlət başçısının bu qətiyyətli mövqeyi o deməkdir ki, biz hamımız nizam-intizama tabe olmalı, qanuna riayət edib, onun aliliyini təmin və milli mənafeyin prioritetliyini dərk etməliyik.

 

Tofiq HÜSEYNOV,

iqtisad elmləri doktoru, professor, əməkdar iqtisadçı

Azərbaycan.-2016.- 6 oktyabr.- S.6.