Şərqlə Qərbi birləşdirən multikultural məkan

Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma evsahibliyi etdi. Mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanda bu formatda tədbirlərin keçirilməsi mühüm hadisədir. Bu forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.

Qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Bu meyillər bəzən sivil bəşər cəmiyyətinin minilliklər boyu mənimsədiyi fenomen dəyərə qarşı yönəlir. Söhbət milli-mənəvi, mədəni dəyərlərin “yad təsirlərdən qorunması” adı altında tolerantlıq prinsipinə qarşı yönəlmiş təhlükədən gedir.

Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə də, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Xalqımızı vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər edilməsi cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

 

Birgəyaşayışın nümunəsi

 

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafi məkanda müxtəlif etnoslar uzun sürən mənasız qarşıdurma və müharibələrdən, toqquşmalardan sonra dinc və qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Azərbaycan tarixən müxtəlif dövlətlərin işğalına, hücumlarına məruz qalmış, bu dağıdıcı proseslər nəticəsində fərqli mədəniyyətlərin təsiri istər-istəməz ictimai şüurda müəyyən izlər buraxmışdır. Yəni bu ərazidə yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, yaranmış şərait onları, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi getdikcə inkişaf etmişdir.

Bakıda ildə bir dəfə Beynəlxalq Humanitar Forumun keçirilməsi də mühüm əhəmiyyətli məsələ kimi qeyd olunmalıdır. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir. Ötən müddətdə keçirilən Beynəlxalq humanitar forumlarda aktual humanitar əməkdaşlıq məsələləri müzakirə edilib. Prezident İlham Əliyev forumun rəsmi açılış mərasimində bildirib: “Builki forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır”.

 

Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa böyük diqqət yetirir

 

V Bakı Beynəlxalq Humanitar Forumun budəfəki mövzuları da son dərəcə maraqlı oldu. “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzularında keçirilmiş “dəyirmi masalarda səmərəli və maraqlı diskussiyalar aparılıb.

“Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolumövzusunda “dəyirmi masada informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olundu.

“Dəyirmi masada dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat katibləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti iştirak ediblər. Müzakirələr zamanı xüsusi qeyd olunub ki, müasir dünyanın ən mühüm meyillərindən biri informasiya-kommunikasiya sahəsinə də dərindən nüfuz etmiş qloballaşmadır. İnformasiya axınlarının milli hüdudları aşdığını və sərhəd tanımadan dünya informasiya məkanına inteqrasiya etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, hazırda videomateriallar insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraq oyadır və mətn şəklində xəbərləri getdikcə üstələyir.

Medianın sosial şəbəkələrdə iştirakı və informasiyanın sosial mediada yayılması özəllikləri, bloqqerlik və vətəndaş jurnalistikasının ənənəvi KİV-ə alternativliyi məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, müasir jurnalist olmaq üçün sosial şəbəkələrin funksiyalarını bilmək, informasiyanın necə yayılmasını izləmək, innovasiya texnologiyalarından sərbəst istifadə etməyi bacarmaq lazımdır.

Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğrumövzusunda “dəyirmi masada maraqlı olub. Müzakirələr zamanı xüsusi vurğulanıb ki, Azərbaycan unikal multikulturalizm modelini dünyaya təqdim edib. Bunu Azərbaycan xalqının tolerant olması ilə əlaqələndiriblər. Qeyd olunub ki, hamılıqla çalışmaq lazımdır ki, gənclər terrorçuların, ekstremistlərin təsiri altına düşməsinlər. Bu istiqamətdə birgə mübarizə aparılmasının əhəmiyyəti bildirilib.

Tədbir “Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi”, “Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsrlik tolerant mövcudluğunun nəticəsi kimi” və “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu” mövzularında bölmə iclasları ilə davam etdirilib.

 

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət təqdir olunur

 

Forum çərçivəsində “Davamlı inkişafekoloji sivilizasiyamövzusunda keçirilən “dəyirmi masada da səmərəli müzakirələr aparılıb. Azərbaycanda davamlı inkişafa nail olunması və ətraf mühitin qorunması istiqamətində görülən işlər haqqında məlumat verilib. Ölkəmizdə davamlı inkişaf sahəsində idarəetmə texnologiyasının tətbiqinin nəticələrindən danışılıb. Bildirilib ki, davamlı inkişaf mövzusu hələ 2001-ci ildən orta məktəblərdə kurrikuluma daxil edilib. Daha sonra isə ali məktəblərin bakalavrmagistratura pillələrində tədris proqramına salınıb. Davamlı inkişaf indikatorları, əslində, sosial indikatorlardır. Az enerjidən istifadə edilməsi iqtisadi nöqteyi-nəzərdən sərfəlidir. Keçmiş sovet ölkələri, eləcə də Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yaxşı göstərici Azərbaycana məxsusdur. Dünya Bankının ən son məlumatında da Azərbaycanın indeksi yüksəkdir. Bunlara nail olunmasında innovativ idarəçilik mühüm amildir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü nəticəsində mümkün olub.

Mövzu üzrə məruzə edənlər Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın bu mövqedən səmərəli istifadə etdiyini bildiriblər. Qeyd olunub ki, bu ölkə çox yüksək artım templəri ilə inkişaf edir, Qərb ölkələri ilə ayaqlaşır. Bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi siyasətlə bağlıdır. Təsadüfi deyil ki, 2002-2012-ci illərdə maliyyə böhranı Azərbaycandan yan keçib. Azərbaycan digər ölkələr üçün örnək ola bilər.

Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativetik problemlər” mövzusunda müzakirələrdə ölkəmizin səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edilib. V Bakı Beynəlxalq Humanitar Forumunda 13 Nobel mükafatı laureatının iştirakının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri”, “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiyaetik problemləri” və “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzularında müzakirələr də aparılıb. Onkologiya sahəsində problemlərdən, gələcəkdə ortaya çıxacaq çətinliklərdən də danışılıb.

Müzakirələrdə təhsil sistemindəki problemlərdən, texnologiyanın bu sahədə yaratdığı stresslərdən bəhs edilib. Müasir cəmiyyətləri internetsiz təsəvvür etməyin mümkün olmadığı vurğulanıb və internetin biotibbdə rolunun böyük olduğu bildirilib. Tibb sahəsində nəşr olunan məqalələr, jurnalların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, tibb peşəsini seçənlər bu sahənin mahiyyətini dərindən bilməlidirlər.

 

Qaçqınlar və məcburi köçkünlər arasında insan kapitalının qorunması vacib məsələdir

 

“İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimimövzusunda keçirilən “dəyirmi masada qaçqınlar və məcburi köçkünlər arasında insan kapitalının qorunmasının vacib məsələ olduğu qeyd edilib. Bildirilib ki, hazırda dünyada münaqişələr və böhranlar artmaqdadır. Milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Bunun nəticəsində yoxsulluq artır. Belə şəraitdə ümumi yanaşmaların axtarılması məqsədilə BMT tərəfindən cari ilin mayında İstanbulda Dünya Humanitar Sammiti keçirilib. Həmin tədbirdə qaçqınlar və məcburi köçkünlərin problemləri ətraflı müzakirə edilib.

Müzakirələrdə diqqətə çatdırılıb ki, son illər dünyada müxtəlif səbəblər, o cümlədən münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənir. Bunun nəticəsində öz ölkələrini tərk etməyə məcbur olan və ağlasığmaz fəlakətlərə düçar olanların sayı ilbəil artır. Statistik məlumata görə, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur. Bu da 20 il bundan əvvəlki vəziyyətlə müqayisədə 3 dəfə artıqdır.

Münaqişələr nəticəsində insanların kütləvi yerdəyişməsi dünyanın ayrı-ayrı regionlarında davamlı inkişafa mane olur. Belə ağır şəraitdə ən başlıca vəzifələrdən biri insan kapitalını qorumaq üçün qətiyyətli, düşünülmüş addımların atılmasıdır. Hökumətlərin buna hazır olması və müvafiq addımların atılması vəziyyətdən daha az ziyanla çıxmağa imkan verə bilər.

“Dəyirmi masada məlumat verilib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bu insanların hüquqları kobud şəkildə pozulub və onların həllini gözləyən bir çox problemləri mövcuddur. Ən ciddi təhdidlərdən biri insan kapitalına olan təhdidlər idi. Ona görə də Azərbaycanın ağır şəraitdə atdığı addımların əsas istiqamətlərindən biri məhz bu sərvətin qorunması olub. Xüsusi olaraq qeyd edildi ki, on milyon əhaliyə malik, gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, bir milyon 200 min nəfərdən çox qaçqının, məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Lakin 500 milyon əhalisi olan Avropa isə bir milyon qaçqın və miqrantın əlində girova çevrilib.

 

XXI əsrin əsas çağırışları

 

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masalardan birində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu müzakirə edilib. Müzakirələrdə ABŞ, İtaliya, Rusiya, Qazaxıstan, Meksika, Avstriya və digər ölkələrdən alimlər, Nobel mükafatı laureatları iştirak ediblər. Qeyd olunub ki, “dəyirmi masa”nın əsas işi dünyadakı müxtəlif baxışları, müxtəlif yanaşmaları müzakirə edərək ortaq dəyərləri tapmaqdan ibarətdir.

Azərbaycan artıq beşinci dəfədir ki, dünya ölkələri arasında multikulturalizm, tolerantlıq, humanizm baxımından mühüm arenaya çevrilir. Forum vasitəsilə Azərbaycan dünyaya multikulturalizmin, humanizmin və tolerantlığın alternativinin olmadığını nümayiş etdirir. Bütün dünyada tüğyan edən münaqişələrin, terrorizmin fonunda insanlar “gələcək qorxusu” içərisində yaşayırlar. Bu baxımdan forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, mütəxəssislərin bir araya gəlməsi beynəlxalq miqyasda insanların sülh, qardaşlıq, multikultural şəraitdə yaşamasını təbliğ edir.

Multikulturalizmlə bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edən Bakıda V Beynəlxalq Humanitar Forumun keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 7 oktyabr.- S.5.