Azərbaycan dünyanın nüfuzlu KİV-inin diqqət mərkəzindədir

“Forbes” dərgisi: “Papa Fransisk Prezident İlham Əliyevi  Azərbaycanda dini tolerantlıq mühitinin yaradılmasına görə təbrik etdi”

 

Bu gün dünyada sivilizasiyaların qovuşduğu məkan kimi xarakterizə edilən müasir Azərbaycan mədəni müxtəlifliyin uğurlu sintezinə dair möhtəşəm nümunənin müəllifi qismində çıxış etməkdədir. İndi dünyada açıq etiraf olunur ki, müxtəlif mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində birgə şəkildə yaşayırlar və bu təcrübənin beynəlxalq miqyasda tətbiqi olduqca zəruridir. Başqa sözlə, ölkəmizdə Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin real durumu dünya üçün ən yaxşı nümunələrdən birinə çevrilib. Bu mənada Roma Papası Fransiskin Azərbaycana səfər etməsi beynəlxalq miqyasda tamamilə təbii qarşılanır və bu səfər, onun nəticələri dünya mediasında hələ də işıqlandırılmaqda davam edir.

Roma Papasının səfəri ilə bağlı məhşur “Forbes” dərgisi “Papa əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət Azərbaycana niyə getdi?” başlıqlı məqaləsində yazır: “Papa ötən bazar əhali arasında şiə müsəlmanlarının üstünlük təşkil etdiyi Azərbaycana səfər etdi. Azərbaycanda olduğu 10 saat ərzində  dini liderlərlə görüşdü, Prezident İlham Əliyevlə danışıqlar apardı, Azərbaycanı dini tolerantlıq mühitinin yaradılması və ekstremizmi rədd edən cəmiyyətin formalaşmasına görə təbrik etdi. Rəsmi olaraq Azərbaycanda 200 katolik yaşayır, amma Papanın əsas niyyəti heçburada yalnız onlara dəstək verməkdən ibarət deyildi. Səfərin məqsədi Qafqaz regionunda sülh çağırışlarını gücləndirmək xarakteri də daşıyırdı”.

 Daha sonra məqalədə Qafqazdakı münaqişələrə, o cümlədən Dağlıq Qarabağ konfliktinə də nəzər salınır və Papanın bu münaqişələrin həlli barədə fikirlərinə yer verilir. Dərgidə Azərbaycanda sürətlə inkişaf edən multikulturalizmdən də geniş bəhs olunur, burada müxtəlif xalqların nümayəndələrinin mehriban şəraitdə yaşadığı vurğulanır.

Roma Papası Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanında olub. Sonda  bildirilir ki, II İohann Pavel Bakıya səfər edən ilk Roma Papası olub. Onun bu səfəri 2002-ci ilin mayında baş tutub.

Rumıniyanın qabaqcıl xəbər portalları, o cümlədən bu ölkənin milli xəbər agentliyi AGERPRES, “stiripesurse.ro” xəbər saytı, “Curierul National” qəzeti, B1 və TVR televiziya kanalları da Roma Papası Fransiskin Azərbaycana səfəri barədə məlumatlar yayıblar. Məlumatlarda Papanın Bakıdakı katolik kilsəsində keçirdiyi messa-dini mərasimi, Prezident İlham Əliyev ilə görüşü, Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısındakı çıxışı və Heydər məscidini ziyarəti qeyd olunub, Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb.

Fransanın KTO katolik televiziya kanalı Roma Papası Fransiskin Azərbaycana səfərini geniş işıqlandırıb. Verilişdə Papa Fransiskin hava limanında qarşılanma mərasimindən tutmuş Bakıdakı katolik kilsəsində keçirilən messa-dini mərasimində iştirakı, Prezident İlham Əliyev ilə görüşü, Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısındakı çıxışı və Heydər məscidindəki görüşünədək bütün tədbirlər barədə süjetlər yayımlanıb.

Bütün bunlar isə öz növbəsində multikultural mərkəz olan Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə, ölkəyə beynəlxalq diqqətin artmasına rəvac verir. Azərbaycan ənənəvi dini dəyərlərlə yanaşı, multikulturaltolerant dəyərlərə malik ölkə qismində getdikcə daha çox diqqət cəlb edir. Bu mənada təsadüfi deyil ki, ölkəmizdə multikultural mühitin formalaşma şərtlərini öyrənənlərin və onların daha geniş miqyasda tətbiq olunmasını istəyənlərin sayı sürətlə artır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 7 oktyabr.- S.5.