81 yaşlı pambıq ustası

Yaşının bu çağında da gümrahdır, əli işdən soyumur. Ürəyində arzuları çoxdur. El içindəki ad-sanı, hörməti sadə əməyi ilə qazanıb. Sovetlər zamanında Biləsuvarda hər il orta hesabla 24 min ton “ağ qızıl” istehsal edilib. Rayon həmişə ön sıralarda olub. Haqqında söhbət açdığımız Lətif Cəfərov həmin illər bu rayonun fəxri olan Sosialist Əməyi Qəhrəmanları Qızqayıt Həsənova və Ərəstun Məmmədovla çiyin-çiyinə çalışıb, pambıqçılıq briqadiri olub, müxtəlif orden və medallarla təltif edilib. 1976-cı ildə isə o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan  Heydər Əliyev ona “QAZ-24” markalı minik maşınının açarını təqdim edib. Bu, o dövrdə hər kəsə nəsib olmurdu.

1990-cı illərdə digər sahələr kimi pambıqçılığa da göstərilən ögey münasibət çoxlarının yadındadır. Lakin həmin dövrdə də Lətif kişi ona doğma olan peşəsini unutmadı. Elə vaxt oldu ki, pambığın xərci ilə gəliri ancaq bir-birini tamamladı, qazancı olmadı. Lakin o, pambıqçılıqdan əl götürmədi, öz-özünə təsəlli verdi: “Kənd təsərrüfatı belədir,   uğurlu ili də olur, uğursuz ili də. İnşaalah, gələn il yaxşı olar, ziyanın yerini doldurar”. Bu niyyətlə çalışdı, zəhmət çəkdi. Bəlkə də “pambıq Məcnunu” adını buna görə qazanıb.

Lətif Cəfərovla çoxdan tanışıq. Dəfələrlə sahələrində olmuşuq. Biləsuvarla İran İslam Respublikası arasındakı keçid məntəqəsinə gedən şose yolunun kənarında saldığı binəsdə çay süfrəsi arxasında oturub söhbət də etmişik. 1958-ci ldən pambıqçılıqla məşğul olduğunu öyrənmişik. Dediklərindən məlum olub ki, Biləsuvarın Təzəkənd kəndində evləri olmağına baxmayaraq, pambığa bağlılıq onu bu məkanda yeni yurd salmağa sövq etmişdir.

O, indi pambıqçılıqla yanaşı, pay, bələdiyyə və sonradan şəxsi vəsaiti ilə aldığı torpaqda taxıl, yonca da əkib-becərir. Lətif kişi ilə əvvəlki görüşlərimizdən biri yada düşür. Onda söhbət zamanı demişdi: “Ailə də, yaratdığın təsərrüfat da kiçik dövlətə bənzəyir. Belə də olmalıdır və bu, indiki zamanda çox vacibdir. Ailə və təsərrüfat gərək özü özünü təmin edib yaşada bilsin, kənar amillərdən çox da asılı olmasın.” Söhbətin davamında isə bunları söyləmişdi: “Əkinçiliklə yanaşı, mal-qara, toyuq-cücəyə də baxırıq. Üstəlik, taxıl biçinindən sonra onun yerinə payızlıq pomidor-xiyar əkirik. Bir sözlə, qənd-çayla geyimdən başqa heç nəyə pul xərcləmirik. Əksinə, məhsulun artığını satıb texnika alırıq, xeyirimizi, şərimizi yola veririk. Bütün bu işləri yanımda işləyən 4 oğlum və onların ərsəyə gəlmiş uşaqları ilə edirik. Oğlanlarıma demişəm ki, mən sizin üçün iş yeri açmışam, qalanı özünüzdən asılıdır. Onlar da sağ olsunlar, sözümü göyərdirlər. Çalışırlar ki, təsərrüfatımız daha da genişlənsin, məhsulumuz bol olsun. Bolluq da ki, yaxşı həyatın təminatçısıdır”.

Lətif kişi ilə bu günlər yenidən görüşdük. Apreldə də ona baş çəkmiş, pambıq əkini sahələrində olmuşduq. O vaxt əkdiyi toxumlar torpaqdan yenicə baş qaldırmışdı. İndi isə kefi kök idi, üz-gözündən sevinc yağırdı. Ağappaq tarla bol məhsuldan xəbər verirdi. Təbrik edib dedik ki, görürsən, yenə pambığın zamanı gəlib. Gülümsəyib sözə belə başladı: “Prezident İlham Əliyevin Sabirabadda keçirdiyi müşavirədə mən də iştirak edirdim. Sağ olsun icra başçımız, 81 yaşında olduğumu, pambıqçılıqla məşğul olduğumu qeyd etdi. Deməli, çəkilən zəhmət, əziyyət itmir. Keçən dəfə də demişdim, yenə deyirəm: pambıq sərfəli bitkidir. Bildir hektardan 50 sentner götürməklə 100 ton pambıq istehsal etmişdim. Bu il ondan da yaxşı olacaq. 26 hektarın hər yerində yaxşı çıxış alınıb, yaxşı da məhsul əmələ gəlib. Yenə də 50 sentnerə söz yoxdur. Gələn il isə inşaallah, 30 hektarda pambıq əkməyi planlaşdırmışıq. Düzdür, yağışlar işimizə müəyyən qədər ziyan vurdu, yığımı ləngitdi, ancaq hər şey gəlib öz yerini alacaq, məhsulu da son qozasına qədər yığacağıq”.

L.Cəfərovla söhbət edə-edə sahədən çıxırdıq ki, pambıq dolu lafet sahənin o başından kollektorun üstündəki yola çıxıb bizə tərəf istiqamət götürdü. Lətif kişi məhsulu “MKT” şirkətinin Biləsuvar filialına aparıb təhvil vermək lazım olduğunu bildirdi. Görüşüb ayrılanda pambıq mövsümünün axırında nəticələrin necə olduğunu bilmək üçün bir də görüşməyi xahiş etdi.

Biləsuvarda torpağa bağlı, pambıqçılıqdan başı çıxan belə adamlar çoxdur. Cari ilin əvvəlində 900 nəfər torpaq mülkiyyətçisi “MKT-Biləsuvar” filialı ilə 2 min 792, 186 nəfər isə 1900 hektarda pambıq əkmək üçün “CTS-Aqro” MMC-nin Biləsuvar pambıq istehsalı və emalı zavodu ilə müqavilə bağlamışdır. Mülkiyyətçilər hər iki müəssisə tərəfindən toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı mübarizə üçün kimyəvi maddələrlə təmin olunmuşlar. Eyni zamanda, onlara əsasən becərmə zamanı lazım olan miqdarda maddi vəsait verilmişdir. Bunlar isə pambığın vegetasiyası dövründə aqrotexniki tədbirlərə vaxtında və keyfiyyətlə əməl etməyə şərait yaratmışdır. Nəticədə tarlalarda bol məhsul yetişdirilmişdir.

Ümumiyyətlə, Biləsuvarda pambığın qədrini yaxşı bilirlər. Elə buna görə  SSRİ dağılandan sonra da Biləsuvarda pambıq əkilib becərilmişdir. Doğrudur, son 2-3 ildə burada da pambıqçılıq xeyli zəifləmişdi. Belə ki, 2006-cı ildə 10 min 503 hektarda pambıq əkildiyi halda, bu göstərici 2014-cü ildə 4 min 715, keçən il 3 min 95 hektara düşmüşdü. Bu il isə  6 min 40 hektarda pambıq əkilmiş və indiyədək həmin sahələrdən 2 min tondan çox məhsul toplanılmışdır. Bu da son rəqəm deyil. Biləsuvarlılar gələn il 10 min 500 hektarda pambıq əkməyi qarşılarına məqsəd qoymuşlar.

 

Seyran CAVADOV,

Azərbaycan.-2016.- 8 oktyabr.- S.7.