Sivilizasiyalararası dialoqa böyük töhfə

Roma Papası Fransiskin ölkəmizə səfəri Azərbaycan-Vatikan əlaqələrinin inkişafında yeni mərhələ açdı

 

Roma Papası Fransiskin ölkəmizə səfəri Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan Vatikan ilə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin inkişafı üçün real imkanlar yaranmışdır. Vatikan dövləti ilə diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. 2002-ci il mayın 22-də Roma Papası II İohann Pavel ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ulu öndər Heydər Əliyev II İohann Pavellə görüşü zamanı Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırıb. Azərbaycanın dövlət başçısı II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinin xristianislam dinləri arasında qarşılıqlı etimad və hörmətin gücləndirilməsinə xidmət etdiyini bildirmişdi.

Ulu öndər Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Vatikan dövləti ilə əlaqələrin davamlı inkişafı üçün mühüm addımlar atıb. Prezident İlham Əliyev 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikan dövlətinə gedib. Ölkə başçısı Vatikanın dövlət katibi kardinal Ancelo Sodano ilə görüşündə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. 2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər edib. Həmin gün Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olub. Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var. Prezident İlham Əliyev mərasimdə çıxışında Bakıda katolik kilsəsinin açılmasını Azərbaycanın gələcək inkişafı, dünya birliyinə inteqrasiyası, Avropa ilə gözəl münasibətlərin davam etdirilməsi baxımından əhəmiyyətli hadisə hesab edib.

Roma Papası Fransiskin bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Roma Papası arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından dərin məmnunluq ifadə olundu. Əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı imkanların olduğu qeyd edildi və əməkdaşlığımızın möhkəmlənəcəyinə əminlik bildirildi.

Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri belə xarakterizə edib: “Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilibdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz, eyni zamanda ictimai təşkilatlar tərəfindən dəstəklənir. Keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San MarçellinioPietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olmuşdur. Bu gözəl hadisə bir daha onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır”.

Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən millidini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər. Bakıda qədim Atəşpərəstlər məbədi var. Eyni zamanda, pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nunISESCO-nun dəstəyi ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər fondun təşəbbüsü ilə Azərbaycanla xarici ölkələr arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə San MarçellinioPietro katakombalarında təmir və bərpa işləri aparılmışdır. 2012-ci ildən etibarən həyata keçirilən bərpa işləri ən yüksək səviyyədə icra olunub. Qeyd edək ki, Müqəddəs MarçellinioPietro katakombaları ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün mühüm və maraqlı abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırıb.

Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gündavam edir.

Elnur HACALIYEV,

Azərbaycan.-2016.- 9 oktyabr.- S.5.