Azərbaycan beynəlxalq enerji əməkdaşlığına və təhlükəsizliyinə böyük töhfə verir

Prezident İlham Əliyevin 23-cü Dünya Enerji Konqresində iştirakı böyük maraq və diqqətlə qarşılanır

 

Oktyabrın 9-da İstanbulda 23-cü Dünya Enerji Konqresi öz işinə başladı. 1924-cü ildən bəri hər 3 ildən bir təşkil olunan bu tədbirin Türkiyədə keçirilməsi ilə bağlı qərar 2012-ci ilin noyabrında Dünya Enerji Şurasının Baş Assambleyasının yığıncağında qəbul edilib. Oktyabrın 13-dək davam edəcək konqres bu dəfə “Yeni üfüqlərə qucaq açmaqdevizi altında keçirilir.

Azərbaycan da 23-cü Dünya Enerji Konqresinə dəvətlidir. Prezident İlham Əliyev tədbirdə iştirak etmək üçün İstanbulda işgüzar səfərdədir. Konqresdə həmçinin Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirlər. Ümumiyyətlə, İstanbul konqresi dövlət və hökumət başçıları da daxil olmaqla 80 ölkədən gələn iştirakçıları bir araya toplayıb. Tədbir çərçivəsində təxminən 60 iclas keçiriləcək və 266 nümayəndə dünya energetika resurslarının hazırkı vəziyyəti, neft bazarlarının inkişaf perspektivianalizi, emal sahəsində innovativ texnologiyaların tətbiqi, təbii qazalternativ enerji mənbələrindən istifadənin əhəmiyyəti, energetikanın digər sahələri, həmçinin qlobal enerji siyasətinin gələcəyi barədə fikir mübadiləsi aparılacaq.

Dövlət və hökumət başçılarının, nazirlərin, enerji şirkətlərinin rəhbərlərinin,  enerji mütəxəssislərinin qatıldığı bu konqresiclaslar qarşılıqlı işgüzar görüşlər üçün əlverişli platformadır. Çünki aparılan müzakirələr qlobal miqyasda neft-qaz sektorunda səmərəli əlaqələrin qurulması, daha böyük uğurların əldə olunması üçün fürsət yaradır. Bu mənada İstanbul konqresi qlobal enerji dünyasının gündəmini təyin edəcək. Konqres çərçivəsində “Yeni üfüqlərə qucaq açmaqmövzusunda sərgi-konfrans da keçiriləcək. Burada enerjidə yeni texnologiyalar, enerji ilə bağlı maşın və avadanlıqlar sərgilənəcək.

Ölkəmizin XX əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş uzaqgörən yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün ölkəmiz mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycanın geosiyasi çəkisi sürətlə artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir.

Müasir dövrümüzün reallıqlarından biri isə ondan ibarətdir ki, ölkələrin milli təhlükəsizliyinin ən mühüm komponentlərindən biri enerji təhlükəsizliyinin təmin edilməsidir. Artıq nəinki beynəlxalq enerji tədbirlərində, həmçinin siyasi-iqtisadi mövzulu konfranslarda belə, enerji təhlükəsizliyi mövzusu müzakirə olunur. Çünki artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, ilk növbədə, enerji təhlükəsizliyinə nail olmadan digər sahələrdə irəliyə getmək mümkün deyil. Cənubi Qafqazın lider dövləti olan Azərbaycana bu baxımdan dünyanın əksər ölkələri həsəd apara bilər. Respublikamız bu sahədə həyata keçirdiyi uğurlu və nümunəvi siyasəti ilə enerji əməkdaşlığına, enerji təhlükəsizliyinin təmininə töhfə verir. Ölkəmizin liderliyi ilə həyata keçirilən regional enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub qaz dəhlizi” Azərbaycanın həm Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan yaradıb, həm də beynəlxalq müstəvidə enerji əməkdaşlığının təmin edilməsində mühüm rol oynayır. Bu layihələrin hər birinin uğurla reallaşmasının əsas səbəbi, təbii ki, Azərbaycanın həyata keçirdiyi siyasi-diplomatik fəaliyyətdir. Bu mənada Prezident İlham Əliyevin 23-cü Dünya Enerji Konqresində iştirakı böyük maraq və diqqətlə qarşılanır.

Beynəlxalq ictimaiyyətin Dünya Enerji Konqresindən gözləntiləri çoxdur. Məsələn, bu beynəlxalq tədbir çərçivəsində keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına  (OPEC) üzv ölkələrin nümayəndələrinin neft hasilatının azaldılması ilə bağlı qeyri-rəsmi görüşü qlobal səviyyədə neftin qiymətlərinə təsir göstərə bilər. Təbii ki, neftin qiymətinin bu görüşdən sonra artıb-artmayacağı onun nəticəsindən asılıdır.

Azərbaycanın da təmsil olunacağı görüşdə Əlcəzair, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirləri məsləhətləşmələr aparacaq. Ümumiyyətlə, enerji məsələləri beynəlxalq münasibətlərdə əməkdaşlığın və sabitliyin əsasını təşkil edir. Bu mənada tədbir çərçivəsində energetikanın bütün sahələrinə dair birgə müzakirələrin aparılması bu sektorda səmərəli əlaqələrin qurulması, gələcək uğurların əldə olunması üçün böyük fürsət yaradır.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 11 oktyabr.- S.1.