Azərbaycan ilə İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək bu səfərin ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıblar.

Tərəflər ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimizin geniş potensiala malik olduğunu nəzərə çatdırıblar. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd edilib.

Görüşdə İsveçrə şirkətlərinin Azərbaycanda həyata keçirilən nəqliyyat, xüsusilə dəmir yol layihələrində iştirak etməkdə maraqlı olduğu bildirilib.

Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıblar. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər. Görüşdən sonra nazir Elmar Məmmədyarov və federal müşavir Didye Burkhalter “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişlər imzalayıblar.

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.

İmzalanma mərasimindən sonra D.Burkhalter mətbuata açıqlamasında bildirib ki, sazişlər Azərbaycan və İsveçrə arasında mövcud əməkdaşlıq potensialını daha da genişləndirməyə xidmət edəcək.

Azərbaycan.-2016.- 11 oktyabr.- S.5.