“Günəşə doğru”. Gənc rəssam Fidan Əliyevanın ilk fərdi sərgisi belə adlanır

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssam Fidan Əliyevanın ilk fərdi sərgisi açılıb. Sərgi “Günəşə doğru” adlanır.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açıb. Bildirib ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqət çəkən Fidan Əliyevanın bu fərdi sərgisi həm də onun ilk yaradıcılıq hesabatıdır.

Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov qeyd edib ki, sərgidə nümayiş etdirilən əsərlər orijinallığı ilə seçilir.

Fidan Əliyevanın yaradıcılığından danışan rəssamlar Cəsər Məmmədov və Rəşad Ələkbərov qeyd ediblər ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür.

Sərginin təşkilatçılarına və açılış mərasimində iştirak edənlərə minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söyləyib.

Sonra iştirakçılar sərgiyə baxıblar. Böyük maraqla qarşılanan sərgi oktyabrın 13-dək davam edəcək.

Təsviri sənətdə öz sözünü cəsarətlə deyən Fidan Əliyeva 40-dan çox əsərin müəllifidir. Onun tablolarına düşündürücü kompozisiya həlli və stilistik müxtəliflik xasdır. Əsərlərindən görünür ki, gənc rəssam daha parlaq çalarlarla işləməyə üstünlük verir. Rəssamın hər bir əsəri avtoportret təsiri bağışlayır və bütün tablolardan sanki onun əhvali-ruhiyyəsi və hissləri süzülür. Bu hisslər bəzən o dərəcədə qabarıq nəzərə çarpır ki, tamaşaçı tablonun qarşısında ayaq saxlamalı olur.

Onun yaradıcılığının ilkin nümunələri akademik üsluba daha yaxındır. Sonrakı əsərləri isə yağlı boyaların daha sərbəst işlənməsi, yüngül cizgiləri, polixromimpressionistik üslubu ilə seçilir. Rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulur.

Müxtəlif üslublarda işləyən rəssamın yaradıcılığını konkret bir cərəyana aid etmək düzgün olmazdı. Çünki o, fərqli yaradıcılıq üsullarından istifadə edir. Lakin Fidanın bugünkü əsərlərində avanqard cərəyanın müxtəlif istiqamətlərini görmək mümkündür. Onların sırasında həm impressionistikekspressionistik, həm də abstraksionizm cərəyanlarına aid əsərlər var.

Heç kimi təkrarlamamaq, fərdi dəst-xəttini tapmaq istəyi Fidan Əliyevanı daim yaradıcılıq eksperimentlərinə sövq edir. Bu, rəssamın janr seçimində də özünü büruzə verir. Onun əsərlərinin mövzu dairəsi genişdir - gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir. Onun yaratdığı fiqurativ kompozisiyalar yanaşma tərzi baxımından müxtəlifdir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.

Bakıda dünyaya göz açan rəssam hazırda “ADA” Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinin tələbəsidir. Xüsusi rəssamlıq təhsili olmayan bu gənc sənətin sirlərinə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm məşğələlərində, əməkdar incəsənət xadimi, rəssam Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət kurslarında yiyələnib.

O, hələ məktəb illərindən çoxsaylı sərgilərdə iştirak edib. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan incəsənət müsabiqəsində “Ən yaxşı rəsm əsəri” nominasiyasında birinci yerə layiq görülüb. Təbii fəlakətlər mövzusuna həsr olunmuş müsabiqəyə təqdim etdiyi əsərində Fidan tornadonun necə güclü və dağıdıcı qüvvəyə malik olduğunu çatdırmağa çalışıb.

Müəllifin yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər də xüsusi yer tutur. Bu mövzudakı hər bir əsərində Vətənə böyük sevgi ilk baxışda nəzərə çarpır.

Bir sözlə, Fidan kimi gənc və istedadlı rəssamların yaradıcılığı Azərbaycan təsviri sənətinin gələcəyi barədə nikbin fikir söyləməyə əsas verir.

Azərbaycan.-2016.- 11 oktyabr.- S.8.