Azərbaycan ilə Bolqarıstan arasında ətraf mühit sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın ətraf mühitsu naziri İvelina Vasilevanın dəvəti ilə bu ölkəyə səfər edib.

Səfər çərçivəsində nazir bolqarıstanlı həmkarı İ.Vasileva, Sofiya şəhərinin meri Yordanka Fandıkova, bu ölkənin Antarktida İnstitutunun rəhbəri, professor Hristo Pimpirev ilə görüşlər keçirib. Nümayəndə heyəti, həmçinin Sofiyada tullantıların idarə olunması zavoduna baş çəkib.

Hər iki nazirin görüşündə ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişafı imkanları, işçi qrupunun yaradılması, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təcrübə və ekspert mübadiləsi, birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin bioloji müxtəlifliyin qorunması, tullantıların və suların idarə olunması, iqlim dəyişikliyi və s. sahələr qarşılıqlı maraq doğuran istiqamətlər kimi müəyyən edilib. Söhbət zamanı ətraf mühitin mühafizəsi sahəsində çoxtərəfli sazişlər, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), UNESCO-nun “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Beynəlxalq Konvensiyası (Ramsar Konvensiyası), BMT-nin Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Professor H.Pimpirev ilə keçirilən görüşdə tərəflər ölkələrimiz arasında əməkdaşlıq imkanları, tələbə mübadiləsi və Azərbaycan alimlərinin Bolqarıstanın Antarktidada fəaliyyət göstərən bazasına göndərilməsi məsələləri ətrafında müzakirələr aparıblar.

Sofiya meri Y.Fandıkova ilə söhbət zamanı isə mer Bolqarıstan paytaxtında həyata keçirilən yaşıllaşdırma layihələri, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Ətraf mühitOperativ Proqramı, eləcə də tullantıların idarə olunması zavodu barədə məlumat verib. Tərəflər, həmçinin ətraf mühit və mədəni irs sahəsində təcrübə və innovativ ideyalar mübadiləsi məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Bolqarıstanın ətraf mühitsu naziri İ.Vasileva ötən ilin noyabrında Bakıda keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalarmövzusunda VI Beynəlxalq ətraf mühit sərgisində (CTE-2015) iştirak etmək üçün ölkəmizə səfər etmişdi. Həmin səfər çərçivəsində hər iki nazirlik arasında ikiillik əməkdaşlıq proqramı imzalanmışdı.

Azərbaycan.-2016.- 13 oktyabr.- S.3.