Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir

Müstəqil Azərbaycan məcburi köçkün vətəndaşlarının sosial problemlərinin həllini daim ön planda saxlayır

 

Yeni müstəqillik tarixinin 25 ilini arxada qoyan Azərbaycan bu müddət ərzində uğurlu inkişaf yolu keçməyi bacarıb. Düzdür, ilk illərdə yaranan çətinliklər və o dönəmdə hakimiyyətdə olanların naşı siyasəti müstəqilliyin üzərindən Domokl qılıncı kimi asılmışdı və əldə edilən bu suverenlik itirilmək təhlükəsi ilə üz-üzə idi.

Dağlıq Qarabağ münaqişəsi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi vəziyyəti daha da ağırlaşdırırdı. Xüsusən də yurd-yuvalarından didərgin düşənlər üçün bu dövr daha məşəqqətli idi. Amma ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə vəziyyət kökündən dəyişdi və bunun real təcəssümünü məcburi köçkünlərin timsalında da aydın görmək olar.

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşıdırılması daim dövlətin xüsusi diqqət mərkəzində saxlanıldı. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”na, ona edilən əlavələrə uyğun bu insanlar üçün hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər, məhəllələr salındı. Bu prosesin davam etdirilməsi daha çox sayda məcburi köçkünün sosial probleminin həllinə yol açır, doğma ata-baba torpaqlarından didərgin düşmüş bu insanların yüksək dövlət qayğısı ilə əhatə olunmasının növbəti real təsdiqi kimi çıxış edir.

 

Mənzil-məişət problemləri uğurla həll olunur

 

Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən fikirlər qarşıdakı dövr ərzində də məcburi köçkünlərin sosial problemlərinin, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer alacağını göstərir. Bu məsələyə toxunan dövlət başçısı qeyd edib: “Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir... Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik”.

Bütün bunlar o deməkdir ki, dünyanı yenidən cənginə alan qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan məcburi köçkünə çevrilən vətəndaşlarının sosial problemlərinin həllini yenə ön planda saxlayır və bu istiqamətdə əməli addımlar atır.

 

6,2 milyard manatdan çox vəsait xərclənib

 

Ötən illər ərzində Azərbaycan dövləti məcburi köçkünlərin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər görüb. Təkcə bir faktı qeyd edək ki, ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirir ki, yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib. Görülən bütün bu işlərin 90 faizi Prezident İlham Əliyevin dövlət başçısı kimi 13 illik fəaliyyəti dövründə icra edilib.

Daha bir vacib fakt odur ki, son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədilə onlardan 11 min nəfərinə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni yeri açılıb.

Sadalanan bu statistik rəqəmlər onun təsdiqidir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası və ölkədə uğurla reallaşdırılan yeni sosial-iqtisadi islahatlar əhalinin digər təbəqələri kimi, məcburi köçkünlərin də həyat səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərir.

Azərbaycan modelinə dünyada artan maraq

 

Təqdirəlayiq haldır ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə dövlət rəhbərliyinin gündəlik diqqət mərkəzindədir. Qeyd edilənlər bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunun daha bir təsdiqi kimi dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni sazişin imzalanmasını göstərmək olar.

Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Bu fonda qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan təcrübəsi artıq dünyada bir model olaraq qəbul edilir. Bu modeldən isə istifadə etməli olanların sayı heçaz deyil. Məsələn, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb. Halbuki on milyon əhaliyə malik gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, bir milyon 200 min nəfərdən çox qaçqın və məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Lakin müasir Avropa isə bir milyon qaçqın və miqrantın əlində girova çevrilib.

Avropada hər gün minlərlə miqranta qarşı qeyri-insani davranışa, onların hüquqlarının kobud şəkildə pozulmasına dair xeyli sayda məlumat yayılır. Özübütün bunlar o fonda baş verir ki, Avropanın iqtisadi imkanları böyük, əhalisinin sayı Azərbaycandan dəfələrlə çoxdur. Amma miqrantın idarəçiliyində onlar demək olar ki, çıxılmaz bir duruma düşüblər.

Bu məsələ ötən ay V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimimövzusunda baş tutan “dəyirmi masada da xüsusi diqqət mərkəzində yer almışdı. Burada bir daha diqqət ona yönəlmişdir ki, son illər dünyada müxtəlif səbəblər, o cümlədən münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənir. Bunun nəticəsində öz ölkələrini tərk etməyə məcbur və ağlasığmaz fəlakətlərə düçar olanların sayı ilbəil artır. Statistik məlumata görə, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur. Bu da 20 il bundan əvvəlki vəziyyətlə müqayisədə 3 dəfə artıqdır. Amma təəssüf doğuran hal odur ki, dünya bu problemin həllində aciz qalıb və vəziyyət getdikcə pisləşir. Azərbaycanda isə əksinə, qeyd olunduğu kimi, məcburi köçkünlərin, qaçqınların problemlərinin həllində əməli addımlar atılır.

Heç bir şübhə yoxdur ki, görülən işlər, davamlı səylər nəticəsində ölkəmizin ərazi bütövlüyü yaxın tezlikdə bərpa ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin yenə öz imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Məcburi köçkünlər bir nəfər kimi buna inanır və Prezidentin bu istiqamətdə apardığı siyasətə hərtərəfli dəstək verirlər.

Elçin CƏFƏROV,

Azərbaycan.-2016.- 13 oktyabr.- S.4.