Dövlət başçısının mövqeyi aydındır: Azərbaycan xalqı firavan yaşamalıdır

Goranboylular bu il pambıqçılıqdan çoxlu qazanc əldə edəcəklər

 

Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri respublikamızda aqrar sektorun inkişaf imkanlarını artırmaqla yanaşı, həm də onun şaxələndirilməsinə geniş imkanlar açır. Bunu təmin edən Prezident İlham Əliyev neftdənkənar sahələrin inkişaf strategiyasını önə çəkərək kənd təsərrüfatının bir çox sahələri kimi pambıqçılığın da dirçəldilməsinin vacibliyini, bu sahədə aqrar-sənaye kompleksinin yaradılmasını məqsədəuyğun hesab edir.

Ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi 1980-ci illərdə “ qızıl” adlandırılan pambıqdan əldə olunan gəlirlər, qazanılan uğurlar bu gün də dillərdən düşmür. Məhz buna görə insanlar iqtisadi cəhətdən daha çox gəlir gətirən bu sahənin yenidən dirçəldilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin təşəbbüsünü, tapşırıq və tövsiyələrini alqışladılar və onun yenidən bərpası üçün çağırışına həvəslə qoşuldular. Budur, qısa vaxt ərzində nəticə var. Əvvəllər pambıqçılığın inkişafında şöhrət qazanmış rayonlarda bu gəlirli sahənin məhv olmasının qarşısı alındı. İnsanlarda ruh yüksəkliyi yarandı. SSRİ respublikaları ilə iqtisadi əlaqələrin qırılması nəticəsində pambığın satışında və emalında yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ qızıl”ın nəhayət ki, üzünə gün doğdu. Respublikamızda kənd təsərrüfatının inkişafı ilə bağlı ölkə başçısının nümayiş etdirdiyi siyasi iradə öz bəhrəsini verdi. Vaxtilə pambıqçılıq sahəsində çalışmış sadə insanlar buna sevinironun yenidən inkişaf etdirilməsini razılıqla qarşılayırlar. Bilirlər ki, pambıqçılığın yenidən bərpası onlar üçün yeni yerləri və gəlirlərinin artması deməkdir. Dövlətin faydası isə ölkəyə valyuta axınının artması oldu.

2016-cı ili Azərbaycanda pambıqçılığın dircəldilməsi ili kimi dəyərləndirən dövlət başçısı demişdir: “Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik”.

Hazırda respublikamızın pambıq tarlalarında məhsul yığımına başlanılmışdır. Yığımın gedişi vəziyyəti ilə bağlı Goranboy rayonunda olduq. Rayon kənd təsərrüfatı idarəsinin rəisi Ziyad Əhmədovla görüşdük. İlk sözü bu oldu ki, rayon sakinləri arasında böyük canlanma var. İndi hansı kəndə getsən pambıq tarlalarına rast gələrsən. Maşallah, məhsuldarlıq çox yüksəkdir. Açığını deyim ki, bu qədər məhsul gözləmirdik. Rayon üzrə 37 kənddə ümumilikdə 2 min hektar pambıq əkilib. Əhalinin bu bitkiyə maraq göstərməsi ata-baba ənənələrindən irəli gəlir. Çünki onlar necə deyərlər pambığın “dilini” yaxşı bilirlər. Elə buna görə də goranboylular ölkə başçısının çağırışına birinci qoşulanlardandırlar. Hərdən yada salanda adamın inanmağı da gəlmir. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi 1981-ci ildə Goranboy tarixində ilk dəfə olaraq 47 min ton pambıq istehsal olunmuşdu. Sovetlər birliyi dağıldıqdan sonra pambığın satışında yaranan problemlər bu gəlirli sahəni demək olar ki, tamamilə sıradan çıxardı. İnsanların dolanışığı da elə bil kəsildi. Həmin illərdə rayonda çoxlu sayda sayılıb-seçilən əmək qabaqcılları var idi. Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Bəsti Bağırova kimi əmək qabaqcılları yetişmişdi. Rayonun Faxralı kəndinin sakini pambıqçı Şəmil Əhmədov “Leninordeni ilə təltif olunmuşdu. Hazırda 90 yaşı olan bu zəhmət adamı respublikamızda pambıqçılığın yenidən inkişaf etdirilməsinə çox sevinir.

Öyrəndik ki, rayonda pambığın əkilib becərilməsi, yığımı, eləcə də qəbulu işləri ilə “CTS-Aqro” MMC və “MKT” MMC şirkətləri məşğuldur. Sahələrdə əsasən Türkiyədən gətirilmiş “Karla”, “Bəyaz”, “Karesma” və bir də “AzNİXİ-33” sortları əkilmişdir.Yetişmiş məhsulun 30 faizinin əl ilə, 70 faizinin isə kombaynlarla yığılması nəzərdə tutulmuşdur. 10 gündən artıqdır ki, əl ilə yığım sürətlə davam etdirilir. Maşınla yığılacaq sahələrdə isə yarpaq tökümü üçün dərmanlama işləri aparılmışdır. İndiyədək 300 ton pambıq yığılıb təhvil verilmişdir ki, bu da hər hektardan 25 sentner məhsul deməkdir. Pambıqçılar yığdıqları məhsulu təhvil verərkən həmin anda əməkhaqqı alırlar.

Söhbət zamanı idarə rəisi onu da vurğuladı ki, Türkiyədən alınmış toxumlar daha məhsuldardır. Əgər yerli sortlarda hər kolda 5-6 qoza olurdusayetişmiş pambıq 3-3,5 qram gəlirdisə, xarici sortlarda bu rəqəm iki dəfə çoxdur. Hətta elə kollar var ki, orada 20-30 qoza müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, bu il nəzərdə tutulan 4000 tondan çox pambıq təhvil veriləcəkdir.

Pambıqçıların əhvali-ruhiyyəsi ilə daha yaxından tanış olmaq üçün bir neçə kəndə getdik. İlk görüşümüz Şadıllı kəndində oldu. Məhsul toplayan pambıqçılarla görüşdük. Pay və icarə torpaqlarında 25 hektar pambıq əkən Elçin İsgəndərovla söhbət etdik. Məlum oldu ki, Elçin İsgəndərov Qarabağ müharibəsi əlilidir. Ağdam uğrunda gedən döyüşlərdə yaralanıb, lakin əli işdən soyumayıb. Ata-babası pambıqçı olub. Dövlət başçısının respublikada pambıqçılığın inkişafı ilə bağlı tövsiyələrindən ruhlanan Elçin bu çağırışa ilk qoşulanlardandır. Söhbət zamanı dedi ki, ölkə başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Sabirabadda keçirdiyi müşavirədə o da iştirak edib. Müşavirədə qarşıya qoyulan tapşırıqların vaxtında yerinə yetirilməsi üçün özünə söz verib ki, üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirsin. İndi onun pambıq sahələrində bol məhsul yetişib. Göz işlədikcə uzanan pambıq sahələrinə baxdıqca adamın ürəyi köksünə sığmır. Sanki hər yan örpəyə bürünüb. Gün şüalarından qorunmaq üçün başı çalmalanmış qadınlar neçə ayın çəkilmiş zəhməti hesabına yetişmiş pambığı vaxtında toplamaq üçün yorulmaq bilmədən çalışırlar. Tarla kənarında tayalanmış pambığa baxanda, istər-istəməz düşündük: İlahi, insan nələrə qadir deyil. Keçən il yabanı bitkilər basmış bu çöllər indi insan əməyi ilə bol-bərəkətli sahələrə çevrilib.

Elçin İsgəndərov pambığın yığımı ilə bağlı giley-güzar da etdi. Dedi ki, pambıq sahələrinin çox hissəsini kombaynla yığmaq üçün dərmanlama aparılmışdır. Artıq yarpaq tökümübaşa çatmışdır. Lakin kombaynların olmaması işə əngəl törədir. Əgər güclü yağış yağsa, məhsul sıradan çıxacaq. Yaxşı olardı ki, respublika Kənd Təsərrüfatı Nazirliyi bu işdə təcili tədbirlər görsün.

Ümumiyyətlə, rayonda texnika çatışmazlığı hiss olunur. Rayonun Borsunlu kəndində əkilmiş 40 hektar, Qızılhacılı kəndində əkilmiş 35 hektarsair kəndlərdə minlərlə hektar pambığın yığılması üçün fermer təsərrüfatlarının sahibləri kombayn gözləyirlər.

Rayonun Muzdurlar kəndi ətrarfında əkilən pambıq sahələrində də bol məhsul yetişdirilib. Biz pambıq sahəsinə daxil olanda qadınlar əl ilə pambıq toplayırdılar. Yaxınlaşıb hal-əhval tutduq. Qənifə Əsədova dedi ki, özü Xoylu kəndində yaşayır. Qonşusu Rəsmiyyə Allahverdiyeva ilə hər gün bu kəndə gəlib pambıq yığırlar. Gün ərzində hərəsi 80-90 kiloqrama yaxın pambıq toplayırlar. Topladıqları məhsulu təhvil verən kimi pulunu alırlar. Hər kiloqrama neçə aldıqları barədə verdiyimiz suala onlar belə cavab verdilər: -Allah bərəkət versin. 15 qəpik alırıq.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Ziyad Əhmədovla söhbətimizdə bir neçə maraqlı məqamlar da oldu. İdarə rəisi dedi ki, pambıq o qədər xeyirli bitkidir ki, ondan arılar da bəhrələnirlər. Belə ki, bir hektar pambıq sahəsindən 300 kiloqrama yaxın bal toplanır. Bundan başqa, universal texniki bitki olan pambıq lifindən toxuculuq sənayesində istifadə etməklə yanaşı, xalq təsərrüfatının bir çox sahələrində, o cümlədən kimya, təyyarəqayırma, avtomobilqayırma və sair sənaye sahələrində geniş tətbiq olunur. Pambıq mahlıcından təxminən 200 adda məhsul alınır. Hektardan 20 sentner xam pambıq götürüldükdə, ondan 4840 metr parça, 172 kiloqram yağ, 452 kiloqram heyvandarlıq üçün jmıx, 30 kiloqram paltar sabunu, 70 kiloqram isə pambıq lifi alınır. İndi görün ki, pambıq iqtisadi cəhətdən nə qədər sərfəlidir.

Bəli, respublikamızın digər bölgələri kimi, Goranboyda da pambıqçılığın yenidən dirçəldilməsinə başlanılmışdır. Strateji cəhətdən daha əlverişli olan bu məhsulun əvvəlki şöhrətini özünə qaytarmaq üçün Goranboyda bir sıra məqsədyönlü işlər həyata keçirilir. Bu il 2000 hektarda bol məhsul yetişdirən pambıqçılar gələn il bu rəqəmi 5000 hektara çatdırmağı qarşılarına məqsəd qoymuşlar. Bu istəyə nail olmaq məqsədilə indidən hazırlıq işlərinə başlanılmışdır. İqtisadi cəhətdən həm dövlət, həm də sadə kənd adamları üçün sərfəli olan pambığın istehsalının artırılması çoxlu qazanc deməkdir. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirlər isə insanların firavan həyatının təmin olunmasına hesablanmışdır.

Sabir ƏLİYEV,

Azərbaycan.-2016.- 13 oktyabr.- S.7.