Azərbaycan Voleybol Federasiyasına yeni prezident təyin olundu

Dünən Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasina yeni prezidentin təyin olunması ilə bağlı iclas keçirilmişdir. Gənclər və İdman Nazirliyindən aldığımız məlumata görə, iclasda federasiyanın prezidenti vəzifəsinə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov təyin olunmuşdur. O, yeni vəzifədə nəqliyyat naziri Ziya Məmmədovu əvəzləmişdir.

İclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, voleybol idman növü Azərbaycanda böyük ənənələrə məxsusdur. Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi, voleybolda da yeniliklər baş verir. “Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə komandamızın 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmasıdır” - nazir qeyd etmişdir.

Federasiyanın yeni prezidenti çıxışında demişdir: “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin puşkatması keçiriləcək. Bu, çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq”.

Azərbaycan.-2016.- 13 oktyabr.- S.8.