Tarixçi alimlərin sanballı töhfəsi

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin nəşri Azərbaycanın elmi həyatında mühüm hadisədir

Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixiikicildliyinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək təqdim olunan əsər haqqında qısa məlumat verib. O qeyd edib ki, fundamental elmi araşdırma olan “Azərbaycan Respublikasının tarixiikicildliyinin nəşri müstəqil Azərbaycanın elmi həyatında mühüm hadisədir.

Bu sanballı əsər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə bir töhfədir. Kitabda son 25 illik dövlətçilik tariximiz öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, bugünkü təqdimatın mühüm əhəmiyyəti var. Ona görə ki, bu günlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü geniş şəkildə qeyd olunur.

Azərbaycanın dövlətçilik tarixinin son 25 illik dövrünə ekskursiya edən Prezident Administrasiyasının rəsmisi kitabın məziyyətlərindən, tarixi əhəmiyyətindən söz açıb.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Əsərin 1-ci cildi 1991-2003-cü illəri, yəni, tariximizin Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir. Birinci cilddə 1991-ci il Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi ili kimi qiymətləndirilir. Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. Cilddə itirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyini xilas etmək üçün Heydər Əliyevin rəhbərlik etdiyi Qurtuluş hərəkatına geniş yer verilib. İkinci cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub.

Vurğulanıb ki, “Azərbaycan Respublikasının tarixiikicildliyinin materialları tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi isə bu sahənin görkəmli mütəxəssisi professor Əli Həsənovdur.

Azərbaycan.-2016.- 14 oktyabr.- S.3.