Çörək ağacı

Pambıqçılığın şöhrəti qaytarılır

Azərbaycan iqtisadiyyatının inkişafında iki sahə mühüm rol oynayır. Bu, neftqeyri-neft sektorlarıdır. “Qara qızıl” müstəqilliyimizin qarantı oldu. Belə ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin siyasiiqtisadi müstəqilliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdi.

Lakin biz bunu qeyri-neft sektoru barədə deyə bilmərik. Çünki bu sektor müstəqillik dövrünün ilk illərində tənəzzülə uğramışdı. Bunun müxtəlif obyektivsubyektiv səbəbləri var idi. Xüsusən, aqrar sektorda, o cümlədən tütünçülükdə, baramaçılıqda, pambıqçılıqda mövcud olan geriləmələrin səbəbləri həm müxtəlif, həm də oxşar idi. Amma bütün hallarda vaxtilə Azərbaycan kəndlisinin çörək təknəsi olmuş həmin sahələrin gözdən uzaq, könüldən qıraqda qalması qəbuledilməz sayılırdı və odur ki, belə hal uzun müddət davam edə bilməzdi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sahələrin ölkə üçün əhəmiyyətini qeyd edərək onların inkişafı istiqamətində göstərişlərini vermişdir. Həmin sahələrin sırasında pambıqçılıq həm kəmiyyət, həm də gəlirlilik baxımından xüsusi önəm daşıyır. Eyni zamanda, onun əkin coğrafiyası da genişdir. Hazırda 24 rayonda pambıqçılıqla məşğul olurlar. Sonuncu statistikaya görə, ölkə əhalisinin 48 faizindən çoxu kənd yerlərində yaşayır. Deməli, pambıqçılıq həm də əhalinin məşğulluq və sosial rifahının təminatında mühüm rol oynayır. Üstəlik, pambıqçılıq digər sahələrin inkişafına təkan verir. Əkinçilərlə yanaşı, pambıq qəbulu və emalı müəssisələri də bu işə cəlb olunur, iri fermerlər ailə üzvlərindən başqa kənar işçi qüvvədən istifadə edirlər. Hesablamalara görə, əgər 200 min hektarda pambıq əkilərsə, bunun hesabına regionlarda 350-400 min nəfəri işlə təmin etmək olar. Bundan əlavə, pambıqdan son məhsul hazırlayan yüngül sənaye inkişaf edir. Bu onu göstərir ki, pambıqçılığın inkişafı qeyd edilən bütün sahələrdə insanların işlə təminatına şərait yaradır.

Hələ sovet dövründə Heydər Əliyev Azərbaycanda pambıqçılığın inkişafına xüsusi fikir verirdi. Ümummilli lider yaxşı bilirdi ki, pambıqçılığın inkişafı iqtisadiyyatla yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına da müsbət təsir göstərir. Bunun nəticəsi idi ki, Azərbaycanın kənd təsərrüfatında pambıqçılığın çəkisi 1970-ci ildə 16, 1982-ci ildə isə 22 faiz təşkil etmişdir.

Ölkədə pambıqçılığın yenidən və müasir dövrün tələbləri çərçivəsində inkişafı günümüzün tələbidir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda bu sahənin dirçəldilməsi üçün ümumrespublika müşavirəsi keçirib. Dövlət başçısı tərəfindən bu rayonun seçilməsi təsadüfi deyildi. Sabirabad vaxtilə iri pambıqçılıq rayonu olmuşdur. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabadda 8 dəfə pambıqçılıqla bağlı ümumrespublika müşavirəsi keçirmişdir. Müşavirədə Prezident İlham Əliyev həmin səfərlərdə iştirak etməsini xoş xatirələrlə yada saldı. Dövlət başçısı ilk müşavirəni də buna görə Sabirabadda keçirdiyini söylədi.

Prezident müşavirədə ölkədə pambıqçılığın vəziyyəti və qarşıda duran perspektivləri barədə danışarkən qeyd etdi ki, biz Azərbaycana valyuta axınını təmin etməliyik: “Ona görə ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyl ki, pambığa “ qızıl” deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər ulu öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton pambıq yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib”.

Dövlət başçısının çıxışından məlum olur ki, hazırda bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, cari il görülən tədbirlər nəticəsində 51 min hektar sahədə pambıq əkilib. Lakin bu sahədə istifadə olunmayan böyük həcmdə əkin sahələri mövcuddur. Prezidentin qeyd etdiyi kimi, bəzi adamlar tərəfindən zəbt edilən iri torpaq sahələri istifadəsiz qalıb. Artıq bir çox belə torpaq sahələrinin icarə müqavilələri ləğv olunub. Həmin proses başa çatdıqdan sonra min hektarlarla yeni əkin sahələrindən pambıqçılıqda istifadə ediləcək, məhsuldarlıq bir neçə dəfə artacaq.

Yeri gəlmişkən qeyd edək ki, məhsuldarlığın yüksək olmasında müasir texnikatexnologiyalardan istifadənin xüsusi əhəmiyyəti var. Məsələn, keçən il pambıqçılıqda məhsuldarlıq 20 sentner olub. Lakin yeni texnikadan istifadə etməklə həmin rəqəmi 30-35, hətta 40 sentnerə çatdırmaq mümkündür. Artıq suvarma, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, həmçinin müxtəlif kənd təsərrüfatı texnikası gətirilib. Təkcə cari il pambıqçılığın inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınıb. Bir sözlə, həm əkin sahələrini genişləndirməklə, həm də yeni texnikadan istifadə etməklə məhsul istehsalının bir neçə dəfə artması gözlənilir. Bu, pambıqçılıqla məşğul olanların sosial rifahının yaxşılaşması ilə bərabər, dövlətin də külli miqdarda valyuta əldə etməsinə imkan yaradacaq.

Prezident İlham Əliyev Sabirabaddakı zona müşavirəsində pambıqçılığın inkişafının ölkə üçün əhəmiyyətini qeyd edərək demişdir: “İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa bazarlarına çıxmaq üçün çox problemlər var. Məncə, bu gün bu, çox çətin məsələdir. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsullar istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır”.

Hazırda dövlətin apardığı iqtisadi siyasətin əsas istiqamətlərindən biriaqrar sektorun inkişafıdır. Çünki bu sahə qeyri-neft sektorunda ən yüksək çəkiyə malikdir. Bundan əlavə, neft-qazdan sonra ölkəyə valyuta gətirmək üçün ən əlverişli sahə də aqrar sektordur. Bu sektorda isə qeyd edildiyi kimi, pambıqçılığın çəkisi yüksək ola bilər. Bunun üçün artıq start verilib. Qalır bu tempi axıracan qoruyub saxlamaq.

Rüstəm KAMAL,

Azərbaycan.-2016.- 14 oktyabr.- S.5.