Zəhmət olan yerdə bərəkət də var

Ucarlılar əmindirlər ki, pambıq onlar üçün uzun illər həm yaxşı gəlir, həm də təknə dolusu çörək olacaq

 

Ucar rayonu respublikamızda pambıq əkini baxımından ənənəsi olan yaşayış məntəqələrindəndir. Bu ənənə uzunmüddətli fasilə nəticəsində pozulsa da, sonradan yenidən dirçəlməyə başladı. Necə deyərlər, su gələn arxa bir də gəldi. Ucarlılar yenidən onlara həsrət qalan tarlalara geri döndülər. Baxımsızlıqdan, diqqətsizlikdən şoranlaşan, susuzluqdan dodağı çat-çat olan ana torpaq aparılan şumlanma, meliorativ tədbirlər və çiyid səpildikdən sonrakı becərmə ilə cana gəldi.

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Nurməmməd Tağıyev bildirdi ki, bu il rayon üzrə ümumilikdə 510 hektar sahədə pambıq əkini həyata keçirilib. Bundan 430 hektarı üzrə “CTS” MMC (Ağcabədi Pambıq Zavodu), 80 hektarı isə “Ucar Pambıq Zavodu” MKT ilə müqavilə imzalanıb. Ümumi əkin sahələri üzrə tədarükçü şirkətlər 19 fermerlə müqavilə bağlayıblar. Prosesə cəlb olunaraq məşğulluğunu təmin edən insanların sayı isə təxminən 250-270 nəfər arasında dəyişir.

 

Torpağın tərkibi ağır olsa da...

 

Burada artıq aqrar sektorun prioritet sahələrindən birinə çevrilmiş pambıqçılığın real vəziyyətinə aydınlıq gətirmək üçün yerlərdə olduq. Əvvəlcə rayonun Qarabörk kəndi ərazisində yerləşən UcarŞirvan” Təcrübə Sınaq Stansiyasına baş çəkdik. Stansiyanın direktoru Arzu Hacıyev dedi ki, ümumi sahələri 177 hektardır. Bunun da 20 hektarında pambıq əkini həyata keçirilib.

O dedi ki, elmi müəssisənin əsası 1928-ci ildə qoyulub. Bu müəssisə Kənd Təsərrüfatı Nazirliyinin Gəncə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təsərrüfatıdır. Burada pambıq sortları yetişdirilir. Həmin sortlar 28-30 variantda yoxlanılır.

Ümumilikdə, Ucarda pambıqçılığın tarixi təxminən 90 il əvvələ gedib çıxır. Burada zamanında böyük həcmdə pambıq əkini həyata keçirilib. Lakin son on ildə pambığa olan laqeyd münasibət insanların bu sahəyə olan münasibətini dəyişib. Xüsusən də əkilən məhsulun satış bazarının məhdudluğu problemlər yaradıb. Hazırda isə münasibətin yaxşı tərəfə köklü şəkildə dəyişilməsi həm mütəxəssislər, həm də istehsalçılar tərəfindən müsbət hal kimi dəyərləndirilir. Ümumiyyətlə pambıqçılığın inkişafı çoxlu sayda insanın işə cəlb olunması, əhalinin maddi problemlərinin aradan qalxması, ərzaq təhlükəsizliyinin həll olunması deməkdir. Pambığın da bu seqmentlə əlaqələndirilməsinin səbəbi məhsulun pula, pulun isə ərzağa çevrilməsi deməkdir. Bir sözlə, ərzaq təhlükəsizliyinin bünövrəsi qoyulur.

Direktor deyir ki, Ucarın torpağı pambığın yetişdirilməsinə uyğun gəlsə belə tərkib etibarı ilə ağırdır. Mexaniki tərkibi kalsium korbanatdan ibarətdir. Ümumilikdə isə elmi adı boz-çəmən torpaqlardır. Humus bu torpaqlarda olduqca azdır. Bu da şabalıdı torpaqlarla müqayisədə daha az məhsulun əldə olunması deməkdir. Ona görə də yeganə çıxış yolu bu torpaqların bol mineral gübrələrlə təminatının həyata keçirilməsidir.

Hazırda təcrübə-sınaq stansiyasında “Gəncə-103” sortu əkilib. Bundan əlavə əkilmiş 28 sortla seleksiya işi aparılır. Bunların arasında “Gəncə-95”, “Gəncə-102” sair sortlar var bunlar hər il yoxlanılır. Qarşıya qoyulan məqsəd isə 2018-ci ildən etibarən respublika ərazisində yalnız yerli pambıq sortlarının əkilməsidir. Çünki yerli sortlar xaricdən gətirilənlərlə müqayisədə 1 ay tez məhsula düşür. Bu da təbiətin nisbətən uyğun dövrlərində məhsulun yığılmasını dəstəkləyir. Digər tərəfdən yerli sortların toxumu xaricdən gətirilənlərdən dəfələrlə ucuzdur.

A.Hacıyev təcrübə sahəsinin hər hektarından 35-40 sentner, sıravi əkinlərdən isə 20-22 sentner məhsul götürmək əzmində olduqlarını bildirdi.

 

Texnikaya ehtiyac var...

 

Təcrübə-sınaq stansiyasının əməkdaşı, kənd təsərrüfatı elmləri namizədi Əlsaib Həsənov da yaşının 86-nı keçməsinə baxmayaraq sahədə idi. Onun dedikləri: “30 ildən çoxdur ki, burada çalışıram. Müşahidələr göstərir ki, Azərbaycanın əkin baxımından ən ağır torpaqları bu coğrafiyadadır. Buranın torpağı ABŞ-ın Koliforniya ştatının torpağına uyğundur. Dünyada olan 11 iqlimdən yalnız 5-i Ucarda cəmlənir. Ona görə yüksək məhsuldarlıq üçün vəziyyətdən yeganə çıxış yolu aqrotexniki qaydalara əməl olunmasıdır. 15 il davamlı olaraq eyni ərazidə pambıq əkini həyata keçirilsə , aqrotexniki qaydaların tələblərinə əməl olunması səbəbindən məhsuldarlıqda azalma müşahidə edilməyib. Beləliklə pambıq sahəsindən normal məhsulun götürülməsinə nail olmuşam. İki ildir ki, burada yüksək məhsuldar növlərin alınmasına çalışırıq. Onların arasında üzvi maddələrə ehtiyacı olan da var, mineral gübrələrə . Üzvi gübrə verilən torpağın hektarından 23 sentner məhsul götürülür. Konkret tövsiyəm ondan ibarətdir ki, əgər bol məhsul istəyiriksə, o halda aqrotexniki qaydalar tətbiq edilməlidir. Bunun üçün texniki təminat olmalıdır. İndiki halda isə cərgənin arasında kultivasiya aparan texnika var, həmin texnikanı işlədən mexanik. Mütəxəssislərə ehtiyac var. Eyni zamanda fermer əkdiyi pambıqla, onun xüsusiyyətləri ilə bağlı maarifləndirilməlidir. Cərgəarası normativ tələblərlə 60 santimetr olduğu halda, fermerlər təxminən cərgəarasını 90 santimetr götürürlər. Səbəb isə 60 santimetrlik cərgəarası kultivasiya edən texnikanın olmamasıdır”.

 

Pambığa qucaq açan Gülxanım Ağayeva

 

Növbəti ünvanımız Ucarın ən iri kəndlərindən olan Qəzyan kəndinədir. Fermer Mirhakim Abbasovun pambıq əkini sahəsindəyik. Tarlaya daxil olan andan buradakı bol məhsulu, səliqə-sahmanı görən kimi hiss edirsən ki, müsahibimiz əbəs yerə pambıqçılığı seçməyib. O, Prezident İlham Əliyevin Sabirabadda pambıqçılıqla bağlı keçirilən müşavirəsində iştirak edib. Tarlada çalışan pambıqçı qadınlar diqqəti cəlb edirlər. Onlara yaxınlaşırıq. Sovetlər dövrünün təbiri ilə desək manqa başçısı Gülxanım Ağayeva ilə görüşürük. Çöhrəsindən təbəssüm çilənir. Hiss olunan odur ki, vəziyyətdən məmnundur. Bu nurlu, xoş təbəssümlü xanım könüllü şəkildə müsahibimizə çevrilir: “Tam səmimi deyəcəyəm. Düz 19 yaşımdan pambıçılıqla məşğul olmağa başlamışam. Hazırda 62 yaşım var. Uzun illərin təcrübəsindən çıxardığım nəticə budur ki, pambığa əyilən baş, çəkilən zəhmət ancaq üz ağlığına xidmət edə bilər. Elə bir pambıqçı tanımıram ki, ürəklə çalışsın, lakin cibində pulu, təknəsində çörəyi olmasın. Bu birmənalı şəkildə mümkünsüzdür. Ona görə həmişə tarlaya çıxıb bu məhsulun toplanması ilə məşğul olmaq istəmişəm. Lakin bir ara bu məhsula münasibət dəyişdi. Bu da şübhəsiz ki, insanlarda marağın azalmasına səbəb oldu. Cari ilin əvvəlində hörmətli Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən pambığa qayıdışın başlanması məni çox sevindirdi. Elə ilk gündən könüllü şəkildə sahəyə çıxaraq həm alaq etməyə, həm zamanında pambıq yığmağa hazır olduğumu bildirdim. Əvvəldən görülən işlər müsbət nəticəsini verdi. Tarlada bol məhsul var. Fermerdən yerdən göyədək razıyıq. Həm yığdığımız məhsulun pulunu vaxtında ödəyir, həm zamanı baş verə biləcək hallarla bağlı bütün dərman preparatları ilə təmin olunmuşuq”.

 

Hədəf sahənin genişləndirilməsi, məhsulun artırılmasıdır

Mirhakim Abbasov əvvəlcə Prezident İlham Əliyevin Sabirabadda pambıqçılıqla bağlı keçirilən müşavirəsi, sonra isə rəhbərlik etdiyi təsərrüfatı ilə bağlı düşüncələrini bölüşdü: - Mən Prezident İlham Əliyevin Sabirabadda pambıqçılıqla bağlı keçirilən müşavirədə də iştirak etmişəm. Müşavirədə ölkə rəhbərinin verdiyi tövsiyələr bizi daha yaxşı işləməyə həvəsləndirdi. Ona görə də bu vacib sahənin inkişafına daha böyük töhfələr verməyi nəzərdə tuturuq. Digər tərəfdən də müşavirənin keçirilməsindən çox keçməmiş pambığın hər kiloqramına 10 qəpik həcmində subsidiyanın ayrılmasını da pambıqçılara dövlətimizin qayğı və diqqəti kimi qiymətləndiririk. Hələ ilin əvvəlindən ölkə rəhbərinin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində verdiyi tövsiyələr Ucar fermerlərini də səfərbər etmişdi. Ənənəvi sahələrdən olan pambığa diqqətin artırılması bizi daha çox hərəkətə gətirdi. Çünki pambıq bizə yaxşı tanış olan sahə idi. Onu yetişdirməyə özümüzdə güc tapa bilərdik. Ona görə də rayonun çoxsaylı fermerlərindən biri kimi, mən də qol çırmayıb işə girişdim. 20 hektar sahədə pambıq əkmişik. Məhsul da boldur. Növbəti il əkin sahələrini artırıb daha bol məhsul toplamağı hədəf götürürük. Hesab edirəm ki, bu istəyimiz Allahın rizası ilə mütləq həyata keçəcək. Sahədə çalışan insanların sayı 10-11 nəfərdir. Yığımın yekunlaşmasına nail olmaq üçün işçilərin sayı daha da artırılacaq. İşçilərin həvəsləndirilməsi də vacib şərtdir. Bu məqsədlə maraqlandırıcı tədbirlər keçirilir.

Ucar rayonu Qaradağlı kənd sakini Fuad Hidanzadə isə bu il 20 hektar sahədə pambıq əkdiklərini deyir. Məhsuldarlıqdan da razıdır. Hər hektardan 20-25 sentner məhsul götürülməsi hədəf götürülüb. Hər kolda 40-60 arasında qoza var. Təxminən 50 tona yaxın pambığın tədarükü nəzərdə tutulur. Hazırda 15 nəfər pambıq yığımında iştirak edir. Bu da bir adamın gündəlik 60-70 kiloqram pambıq yığması deməkdir. Gələn il isə kənd üzrə 200 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.

Qeyd olunanlardan da göründüyü kimi, ucarlılar unutmaq üzrə olduqları vərdişlərini yenidən bərpa etməyə başlayıblar. Bu vərdiş isə uzun zamanlardan bəri onlara ata-babalarından, doğmalarından qalan zəhmətə sevgi ilə aşılanıb. Zəhmət olan yerdə halallıq, halallıq olan yerdə isə bərəkət var.

Əli SƏLİMOV,

Azərbaycan.-2016.- 14 oktyabr.- S.5.