Günəşli keçən hər gündən səmərəli istifadə edilir

Pambıqçılığın şöhrəti qaytarılır

Pambığı günəşdən ayrı təsəvvür etmək mümkün deyil. Bu bitki torpağın hərarəti ilə baş qaldırır, boy atır, məhsul verir. Pambığın yığılması dövründə  havaların isti keçməsi  böyük önəm kəsb edir. Ağır zəhmət, böyük vəsait hesabına yetişdirilən “ qızıl”ın yığılması üçün payızın ilk ayları havalar günəşli olanda işlər yaxşı gedir. Sentyabr ayında yağmurlu günlərin normadan çox olması pambıqçılar üçün müəyyən çətinliklər yaratdı. Bunu Hacıqabul rayonunda da gördük.

 Vaqif Hüseynov rayonun Muğan qəsəbə sakinidir. Sovetlər zamanında müxtəlif vəzifələrdə çalışıb. Son illərdə 7 il Muğan qəsəbə bələdiyyəsinə başçılıq edb. Hazırda isə əkin-biçin işləri ilə məşğul olur. O, söhbət zamanı dedi: “İxtisasca ali təhsilli melioratoram. Torpaqdan az-çox başım çıxır. Möhtərəm Prezident İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar çağırışına biganə qala bilmədim. Kəndimizin ərazisindəki dövlət torpaq fondundan icarəyə götürdüyüm torpağın 30 hektarında pambıq əkməyi qərara aldım. “MKT-Sabirabad” filialı ilə müqavilə bağladım. Aqrotexniki qaydalara vaxtında və keyfiyyətlə əməl etdim ki, əkində yaranan müəyyən geriliyi aradan qaldırım”.

Sonra o bizi məhsul yetişdirdiyi sahəyə aparır. Burada hər tərəf ağappaqdır. O deyir ki, sentyabrda yağan aramsız yağışlar işimizə xeyli ziyan vurdu. Həm yığım gecikdi, həm də məhsulun ən azı 6-7 faizi itkiyə getdi.

Bir az kənarda pambıq yığan qızlara yaxınlaşırıq, adlarını, soyadlarını soruşur, iş-gücləri ilə maraqlanırıq. Özlərini təqdim edirlər: - Mirvari, Ayşən, Aytac, Gülnar.

Mirvari bildirir ki, Ayşən və Aytac elə onun qızlarıdır, hərəsi də gündə 90-100 kiloqram pambıq toplayır.

Söhbət əsnasında məlum olur ki, 30 hektar sahənin təxminən yarısının məhsulunu maşınla yığmağı planlaşdırıblar. Həmin sahələrdə defalyasiya (yarpağı tökmək üçün dərmanlama) aparılıb. Kollar, demək olar ki, yarpağını tam töküb, qozaların hamısı açılıb. Lakin maşın çatışmazlığı ucbatından pambıq yerə tökülür. Bizcə, gələcəkdə kooperativlərin yaradılması bu işin müsbət həllinə təkan verə bilər. Çünki kooperativ üzvləri hasilə gətirdikləri məhsulu tezitkisiz toplamaq üçün müvəqqəti olaraq ailə üzvlərini, qohum-qonşularını bu işə cəlb etməkdə maraqlı olacaqlar. Digər tərəfdən, kooperativlər bu işdə maraqlı olduqlarına görə  nisbətən geniş sahələrin şumlanmasına, suvarılması və məhsulunun yığılmasına, eyni zamanda işin sürət və keyfiyyətlə aparılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərəcəkdir. Yəqin ki, bu kimi məsələlər zamanla öz həllini tapacaq.

Hacıqabul rayonunun PadarQarasu kəndləri ərazisində 440 hektar pambıq əkilib. Gərgin əmək nəticəsində xam torpaq olan bu yerlərdə yüksək məhsul yetişdirilib. Biz rayonda olarkən həmin sahələrin 15 gündən bəri defalyasiya olunduğunu, lakin pambıqyığan maşının gəlib-çıxmaması ucbatından burada da yığımın gecikdiyini, məhsulun itkiyə getdiyini dedilər. Pambığın yetişdirilməsi, alışı, emalı və satışı ilə məşğul olan “MKT”, “CTS-Arqo” MMC şirkətlərinin, habelə respublika Kənd Təsərrüfatı Nazirliyinin rəhbərləri və mütəxəssisləri bu barədə ətraflı fikirləşməli, əməli görməlidirlər.

Ölkə başçısı İlham Əliyev respublikamızda pambıqçılığın inkişaf etdirilməsini prioritet məsələ kimi qarşıya qoymuşdur. Gələn il ölkə üzrə 100 min hektarda pambıq əkmək, hər hektardan 30 sentner məhsul əldə etmək nəzərdə tutulmuşdur. Hacıqabul rayonunun zəhmətkeşləri bu çağırışa əməli işlə cavab verməyi qərara alaraq 2017-ci ildə 1200 hektar sahədə pambıq əkməyi və “ qızıl” istehsalını 3 min 600 tona çatdırmağı qərara almışlar.

 

Seyran CAVADOV,

Azərbaycan.-2016.- 14 oktyabr.- S.5.