Kəndli pambıq tarlasına qayıdıb

Pambıqçılığın şöhrəti qaytarılır

Ölkədə qeyri-neft sektorunun inkişafının prioritet sayıldığı indiki dövr kənd təsərrüfatının aparıcı və ənənəvi sahəsi olan pambıqçılığın dirçəldilməsini də gündəmə gətirdi.

Prezident İlham Əliyevin təşəbbüsü və gördüyü ardıcıl tədbirlər sayəsində “ qızıl”ın qara günlərinə son qoyuldu. Elə bu il - pambıqçılığın diqqət mərkəzinə çəkildiyinin birinci ilində dönüş hiss olunur, ilk uğurlu addımlar müşahidə edilir. Bu günlərdə Dövlət Statistika Komitəsinin açıqladığı pambıq tədarükünə dair operativ məlumat deyilənlərin daha bir təsdiqidir.

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev: “Pambıqçılıqla bağlı işlər uğurla gedir” - demişdir.

Bu, əlbəttə, sahənin inkişafına yönəldilən tədbirlər sayəsində mümkün olub. Pambığın yetişdirilməsi və yığımı mövsümü başlanandan bəri dövlət başçısı bir sıra pambıqçılıq rayonlarına səfərlər edib. Pambıqçılığın vəziyyəti, problemləri və perspektivləri elə yerindəcə, pambıqçıların, mütəxəssislərin özlərinin iştirakı ilə müzakirə olunub, görüləcək işlər müəyyənləşdirilib. Hədəf sovet hakimiyyəti dövrünün ən çox pambıq istehsal edilən illərinin səviyyəsinə çatmaqdır.

Xatırladaq ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildə respublikada pambıq istehsalı cəmi 300 min ton idi. 1981-ci ildə bu göstərici artıq 1 milyon 15 min tona çatmışdı. Ulu öndərin SSRİ hakimiyyətində aparıcı vəzifələrdən birini tutaraq Moskvada işlədiyi zaman Azərbaycanda bir çox digər sahələr kimi pambıqçılıq da tənəzzülə uğradı. Beləliklə, keçən əsrin 80-ci illərinin ortalarından başlayan tənəzzül ta ötən ilə qədər davam etdi. Belə ki, keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığıldı.

Ötən onilliklər ərzində pambıqçılıqda yaranan acınacaqlı vəziyyətə son qoyulur. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu barədə belə demişdir: “Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artıracaq, bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək. Burada da gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik”.

Görüləcək tədbirlər isə çoxdur. Çünki əgər bu il ölkədə 52057,7 hektar sahədə pambıq əkilibsə, gələn il üçün 128 min hektar hədəf götürülüb. Bu il 24 rayonda pambıq əkilib. Saatlıda 8109, Sabirabadda 6113, Biləsuvarda 6040, İmişlidə 5051, Beyləqanda 3958, Ağcabədidə 3661, Bərdədə 3003 hektar sahədə pambıq əkini aparılıb. Gələn il üçün istər bu, istərsə də digər pambıqçılıq rayonlarında əkin sahələrinin indikindən geniş olacağı nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin respublikanın rayonlarında pambıq yığımının gedişinə dair bu il oktyabrın 10-na olan operativ məlumatına görə, indiyədək respublikada 27047,4 ton məhsul toplanmışdır. Bu da keçən ilin müvafiq dövründə olduğundan 43,4 faiz çoxdur. Saatlıda 4169,7, Biləsuvarda 2959,8, Sabirabadda 2884, Ağcabədidə 2580,9  Bərdədə 2247,1 ton pambıq yığılmışdır.

Gələcəkdə pambığın kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda payı artırılmalı, hər hektardan məhsuldarlıq yüksəldilməlidir.

Pambıqçılıq elə sahədir ki,  özündə bir sıra önəmli amilləri birləşdirir. Bunlar kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, minlərlə yerinin açılması, ixrac potensialının artması və digər məsələlərlə bağlıdır. Odur ki, bütün bu amillər arasında sıx əlaqə, koordinasiya olmalıdır. Deyilənlərin uğurla həyata keçirilməsi dövlətin bu sahəyə praktiki köməyinin, dəstəyinin təzahürüdür.

Qarşıda duran məsələlərdən biriyeni pambıqtəmizləmə zavodlarının tikilməsidir. Çünki bu təyinatlı mövcud müəssisələr 300-350 min ton pambıq təmizləmək gücündədir. Azərbaycanın isə artıq 2018-ci ildə, bəlkə bundan da tez həmin həddə çatacağı gözlənilir.

Nazirlər Kabinetinin iclasında dövlət başçısı İqtisadiyyat Nazirliyinə bu istiqamətdə göstərişlər verildiyini, özəl sektorun da işə qoşulmalı olduğunu bildirmişdir. Müəssisələrin harada qurulacağı indidən müəyyən edilməlidir ki, sonra vaxt itkisinə yol verilməsin.

Pambığın bir kiloqramının alış qiymətinin 40 qəpikdən 50 qəpiyə qaldırılması, bir daha artırmaq məsələsi barədə düşünülməsi də önəmli addımlardandır. Daha bir yenilik pambıqçılığın sürətli inkişafı üçün bu il 3700 kənd təsərrüfatı texnikasının alınmasıdır. Onların bir hissəsi pambıqyığan kombaynlardır və bu maşınların çoxu artıq rayonlara verilib.

Pambıqçılığın inkişafı təkcə iqtisadi deyil, həm də sosial məsələdir, insanların yeri, güzəranı deməkdir. Bu məqsədlə görülən tədbirləri dövlət başçısı belə səciyyələndirir: “Biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndiləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər”.

 

Flora SADIQLI,

Azərbaycan.-2016.- 14 oktyabr.- S.5.