Müasir Azərbaycan elmi inkişafdadır

 

Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycan, eyni zamanda zəngin dövlətçilik ənənələrinə də malikdir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda istər eramızdan əvvəlki dövrlərdə, istərsə də orta əsrlərdə çoxsaylı güclü dövlətlər mövcud olmuş, bu region tarixin bütün dönəmlərində mədəniyyət və sivilizasiya beşiyi kimi tanınmışdır. Belə zəngin dövlətçilik ənənələrinə və mədəni inkişaf tarixinə malik olan xalqımız XIX-XX yüzillərdə də sivilizasiyalar və mədəniyyətlərarası körpü funksiyasını yerinə yetirməkdə davam etmişdir. Bu dövrdə milli ictimai fikir Qərb elmi-nəzəri düşüncəsinin nailiyyətləri ilə sintez olunmaqla tamamilə fərqli keyfiyyətdə yeni mərhələyə qədəm qoymuşdur. Məhz bunun nəticəsidir ki, 1918-ci ildə bütün müsəlman dünyasında ilk demokratik respublika- Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik təcrübəsinə malik olan xalqımız tərəfindən yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət idarəetmə mədəniyyətinin, müasir tipli elm və təhsil infrastrukturunun, milli-ideoloji düşüncə standartlarının bərqərar olmasında müstəsna rol oynamışdır.

Xalqımızın qədim və zəngin dövlətçilik ənənələrini, azadlıq, müstəqillik eşqini öz qəlbində daim qoruyub saxlamasının və yaşatmasının nəticəsidir ki, 70 illik sovet hakimiyyətindən sonra- 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi, bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində onu qoruyub saxlamağa nail oldu.

Ümummilli lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan artıq iyirmi beş ildir ki, öz strateji hədəflərinə doğru inamla addımlamaqda, beynəlxalq aləmdə nüfuzu günü-gündən artmaqdadır. Ölkəmiz dünyanın ən mühüm strateji məsələlərinin - enerji, ərzaq, sosial təhlükəsizlik problemlərinin müzakirə olunduğu, idman, sağlamlıq və sülh çağırışlarının hədəf seçildiyi çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilmişdir. Son illərdə respublikamızda təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, “Avroviziya” mahnı müsabiqəsi, Avropa Oyunları və “Formula 1” Avropa Qran Prisi kimi irimiqyaslı tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun və inkişafının göstəricisidir.

Azərbaycanın bütün sahələr üzrə hərtərəfli inkişafı onu deməyə əsas verir ki, müasir dünyadakı kataklizmlərə baxmayaraq, ölkəmiz neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində, intellektual inkişaf modelinə əsaslanan modern cəmiyyət quruculuğu yolunda uğurla addımlamaqdadır.

Müstəqillik illərində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinə adekvat olaraq inkişaf edən istiqamətlərdən biri də elmi fəaliyyət sahəsidir. Son iyirmi beş il ərzində bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birini təşkil etmişdir. Bu illər ərzində istər elmin maddi-texniki bazasının gücləndirilməsi, istər infrastrukturunun müasir tələblər səviyyəsində qurulması, istərsə də prioritetlərinin dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. SSRİ-nin süqutu, ənənəvi dövlət və ictimai institutların dağılması, dərin iqtisadi böhran, hüquqi vakuum cəmiyyətin üzləşdiyi problemlərin yalnız bir qismi idi. Cəmiyyətdə gedən proseslərin məntiqi nəticəsi kimi, Azərbaycan elmi də öz inkişafı tarixində ən ağır böhran mərhələsinə qədəm qoymuşdu. Qeyd olunan proseslər elmi potensialın tənəzzülünə, elmi infrastrukturun dağılmasına, yüksək ixtisaslı kadrların xarici ölkələrə axınına gətirib çıxarmışdı. Bu proses elmi fəaliyyətin təşkili, elmi nəticələrin istehsalata tətbiqi işinə mənfi təsir göstərməklə bərabər, elmdə varislik münasibətlərinin də köklü şəkildə zədələnməsinə səbəb oldu. Ən acınacaqlısı isə o idi ki, həmin dövrdə ölkə rəhbərliyində təmsil olunan şəxslər yaranmış vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan Elmlər Akademiyasını bağlamaq kimi absurd bir qərara gəlmişdilər.

Belə bir şəraitdə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev xalqın təkidi ilə yenidən Azərbaycanda hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə ölkəmizdə vəziyyəti köklü şəkildə dəyişməyə nail oldu. Nəticədə Azərbaycan elmi, milli intellektual potensial məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ictimaiyyətlə ilk görüşünü 1993-cü ilin sentyabrında Elmlər Akademiyasında keçirmişdir. Bu tarixi görüşdən sonra elmi fəaliyyət sahəsində canlanma baş verdi. Elmdən uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Ulu öndərin tövsiyələrini rəhbər tutaraq akademiyada islahatların aparılması müstəqil Azərbaycan elminin yeni ictimai-siyasi şəraitdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üzrə tədbirlər getdikcə intensivləşdi.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə xalqımızın müasir tarixində əlamətdar bir hadisə olan “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” çərçivəsində imzalanan neft müqavilələri, həyata keçirilən enerji layihələri və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin işə düşməsi müstəqil Azərbaycanın sonrakı iqtisadi inkişafının əsasında dayanan mühüm amillərə çevrildi.

Elmin cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi məqsədilə ümummilli lider Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə ölkənin əsas intellektual potensialının cəmləşdiyi Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusunu verdi. Bu status vaxtilə sovet elm sisteminin tərkib hissəsi kimi formalaşmış və inkişaf etmiş Azərbaycan elminin müstəqillik mərhələsinin tələblərinə uyğun olaraq milli əsaslar üzərində yenidən təşkilində müstəsna rol oynadı.

2001-ci ilin aprelində müstəqil Azərbaycan elmi üçün olduqca əlamətdar olan digər bir hadisə baş verdi. On iki illik fasilədən sonra AMEA üzvlüyünə növbəti seçkilər keçirildi, akademiyanın tərkibi xeyli gəncləşdirildi, kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci ilin 12 avqustunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında imzalanmış tarixi sərəncam Azərbaycan elminin regionlarda da yeni milli əsaslarla təşkilində mühüm rol oynadı.

4 yanvar 2003-cü il tarixli başqa bir sərəncamla AMEA-nın yeni Nizamnaməsi təsdiq edildi. Yeni nizamnaməyə əsasən akademiyaya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, bütün elmi müəssisələr və ali məktəblər arasında elmi araşdırmaları əlaqələndirən və istiqamətləndirən, respublikanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatı statusu verildi. Bununla da milli müstəqillik mərhələsində akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirildi, onun səlahiyyətləri artırıldı, Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiya qarşısında mühüm vəzifələr qoyuldu.

Həmin illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin yeni əsaslar üzərində qurulması istiqamətində həyata keçirdiyi bu siyasət alimlərin ağır və şərəfli əməyinin stimullaşdırılması ilə bağlı digər çoxsaylı fərman və sərəncamlarla da müşayiət olundu.

Milli dövlət quruculuğunda elm siyasətindən danışarkən bu dövlətin elmi-ideoloji əsasları üzərində xüsusi dayanmaq lazımdır. Ümummilli lider Heydər Əliyev - müstəqil Azərbaycan Respublikasının ideologiyasını azərbaycançılıq kimi formalaşdırmışdır. Son iki yüz ildə Azərbaycanın mütəfəkkir şəxsiyyətləri tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər Əliyev dühası sayəsində nəzəri müstəvidən real sosial müstəviyə keçdi. Hələ ötən əsrin ortalarında, Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli işlər görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması, neçə-neçə şair və yazıçının, ziyalının təntənəli yubileylərinin keçirilməsi, əsərlərinin kütləvi nəşri, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması istiqamətində mühüm addımlar Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən əsrin 90-cı illərində Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına əməli olaraq qayıdış, Füzulinin və “Kitabi-Dədə Qorqud”un yubileyləri, azərbaycanlıların dünya forumu ilə bağlı qərar və sərəncamlar, azərbaycançılıq ideyasını daşıyan elm və sənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması və digər neçə-neçə tədbirlər məhz bu məqsədə xidmət edən əməli addımlar idi.

Azərbaycançılıq ümummilli lider Heydər Əliyevin bu tezisində özünün mükəmməl elmi ifadəsini tapmışdır: “Azərbaycançılıq hər şeydən əvvəl öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir!”

Müstəqillik illərində yeni ideoloji şərait Azərbaycan elmi qarşısında yeni milli vəzifələr qoyurdu. Təbii ki, o dövrdə müasir elmi araşdırmalar səviyyəsində tədqiqatlar apararaq dünya elminə töhfələrin verilməsi müstəqil Azərbaycan elmi qarşısında dayanan başlıca vəzifə idi. Milli intellektual potensialın səfərbər edilməsi, elmi fəaliyyətin təşkili və koordinasiyası, elmi nailiyyətlərin cəmiyyətin inkişafında fəal iştirakının təmin olunması da mühüm vəzifələr sırasına daxil idi.

Müstəqil Azərbaycan elminin qarşısında duran digər bir mühüm missiya milli varlığımızın qorunması istiqamətində tədqiqatların genişləndirilməsi idi. Elə bunun nəticəsi idi ki, Azərbaycanın tarixini, mədəniyyətini, xalqımızın milli-mənəvi dəyərlərini, dilini, etnoqrafiyasını, folklorunu öyrənən elm sahələri məhz bu dövrdə akademik səviyyədə geniş vüsət aldı.

Müstəqil Azərbaycan elminin qarşısında duran digər bir mühüm missiya elmi kadr potensialının yüksək səviyyədə inkişafının təmin edilməsi, elmi biliklərin populyarlaşdırılması və təhsilə ötürülməsi idi.

Bu illər ərzində müstəqil Azərbaycan elminin inkişafı respublikada güclü təhsil sisteminin formalaşmasına təkan vermiş, təhsili yüksək ixtisaslı elmi kadrlarla təmin etmiş, bir sıra yeni fənlərin tədrisi üçün geniş elmi imkanlar açmışdır. Azərbaycanın ali təhsil müəssisələrinin prioritet hesab olunan yeni fənn kafedralarının və fakültələrinin formalaşması məhz akademik elmi biliklərin transformasiyası nəticəsində mümkün olmuşdur.

Müstəqil Azərbaycan elminin cəmiyyətimizə verdiyi digər mühüm töhfə milli kadrların yetişdirilməsi ilə bağlıdır. Akademiyanın yetişdirdiyi kadrlar, alim və mütəxəssislər elmi fəaliyyət sahəsi ilə bərabər, bu illər ərzində dövlət idarəçiliyində, qanunvericilik fəaliyyətində, digər mühüm vəzifələrin həyata keçirilməsində yaxından iştirak etmiş, bu gün də onlar ən məsul dövlət vəzifələrində müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verməkdədirlər.

2003-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin elmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət cənab Prezident

İlham Əliyev tərəfindən uğurla davam etdirilməyə başladı. “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçid ölkənin strateji hədəfi elan edildi. Bu strategiya kontekstində milli elmi potensialın inkişafı özünün yeni mərhələsinə qədəm qoydu.

Bir tərəfdən respublikanın sosial-iqtisadi tərəqqisi, digər tərəfdən isə müasir dünyanın çağırışlarını nəzərə alaraq, ölkədə yüksək texnologiyaların, xüsusən də İKT sektorunun inkişafı, kosmik sənayenin formalaşdırılması kimi prioritet elm tutumlu istiqamətlərə böyük dəstək verildi.

2007-ci ildə elmi kadr potensialının formalaşdırılması sahəsində olduqca əhəmiyyətli bir addım olan AMEA üzvlüyünə növbəti seçkilər keçirildi, elmin bu və ya digər sahəsində xüsusi xidmətləri olan alimlər akademiyanın həqiqi və müxbir üzvləri seçildilər.

2009-cu ildə cənab Prezident İlham Əliyev tərəfindən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” qəbul edildi. Strategiyanın icrası istiqamətində dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, elm və texnika sahəsində idarəetmə sisteminin və elmi qurumların strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən gənclərin Avropanın xarici elmi mərkəzlərinə göndərilməsi, akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli işlər görüldü. Həmçinin elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsi, elektron elmin formalaşması sahəsində də bir sıra uğurlar əldə edildi.

Yaşadığımız müasir dünya mürəkkəb sosial, siyasi, iqtisadi proseslərlə, kataklizmlərlə müşayiət olunur. İndi həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə planetin təhlükəsizliyi və davamlı inkişafı baxımından intellektual sərvətin rolu və əhəmiyyəti əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edir. İndi bütün sivil dünya birmənalı olaraq qəbul edir ki, müasir qloballaşma şəraitində sosial tərəqqi tempi əsasən hakimiyyətlə intellektin vəhdətindən asılıdır.

Son zamanlar dünya bazarında neft qiymətlərinin qeyri-sabitliyi, bütün dünyada iqtisadi böhranın dərinləşməsi bir daha onu sübut etdi ki, İlham Əliyevin xeyli öncədən müəyyənləşdirdiyi intellektual inkişaf strategiyası tamamilə düzgün seçim idi. 25 illik yubileyini qeyd etdiyimiz müstəqil Azərbaycanın inkişafının əsasında hakimiyyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, ölkənin təbii resursları ilə intellektual potensialın vəhdəti strategiyası dayanır. Dünyada və regionda baş verən bütün böhranlara, kataklizmlərə baxmayaraq, biz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bəyan edildiyi kimi, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinə doğru irəliləməkdəyik.

 

Akif ƏLİZADƏ,

AMEA-nın prezidenti akademik

 

Azərbaycan.- 2016.- 15 oktyabr.- S. 5.