Əmək qəhrəmanları yenidən tarlalara qayıdırlar

 

70-80-ci illərin məşhur pambıq ustalarından olan Sevil Osmanova:“Heydər Əliyevin sayəsində evinə ruzi-bərəkət gətirən kəndlilər bu gün İlham Əliyevin vasitəsilə böyük gəlir sahibinə çevrilirlər”

 

Bir yandan bağlayan bir yandan açar, deyirlər. Müdriklərimiz söyləyirlər ki, əvvəlin meydan, sonun zindan olunca, əvvəlin zindan, sonun meydan olsa daha yaxşıdır. Amma qədərimizi özümüz müəyyən etmirik axı... Hər şey taleyin, qismətin bizə verdiklərinə bağlıdır. Haqqında bəhs edəcəyimiz qəhrəmanımızın həyat yolu başlanğıcından çətinliklərdən keçib.

Hələ 6 aylığında olarkən atası İdrisin müharibədən sonra özü ilə Kürdəmirə gətirdiyi Lyubov xanım arasında münasibətlər korlanıb. Son nəticədə isə izdivac pozulub. Lyubov doğulub boya-başa çatdığı Rusiyaya gedir. Təbii ki, İdris kişinin təkbaşına 3 körpə uşağı saxlaması asan məsələ deyildi. Ona görə də məcburiyyət qarşısında başqa qadınla ailə qurmalı olur. Ailənin sonbeşiyi olan Sevil gözünü açıb ana qismində atasının ikinci həyat yoldaşını görür.

Böyük qardaşı və bacısı zamanla anaları ilə əlaqə saxlasalar da, Sevilə bu şərait yaradılmayıb. Lyubov bir dəfə uzaq Rusiyadan Kürdəmirə gəlib, Sevili görmək istəyib. Bu hadisə 1963-cü ildə baş verib. Həmin vaxt Sevil dəmir yolu stansiyası yaxınlığındakı sexdə işləyən atasına kömək etmək məqsədilə orada olub. İş elə gətirib ki, ana-bala stansiyada üz-üzə gəliblər. Bir-birini tanımayıblar. Lakin Lyubov xanım analıq intuisiyası ilə qarşılaşdığı qədd-qamətli, yaraşıqlı, bir qədər də sarışın, saçı topuğuna qədər tökülən qızın Sevil olması qənaətinə gəlir. Bu zaman artıq Sevil dəmir yolunun əks tərəfinə keçmişdi. Anası ona yaxınlaşmaq istədikdə stansiyadan ötən növbəti qatar şər qüvvə kimi onların arasından şütüyür. Qatar keçib getdikdən sonra ana əks tərəfdə istədiyini görə bilmir. Sevil çıxıb getmişdi.

Sevil xanım deyir ki, qardaşı rəhmətə gedəndə isə anası Kürdəmirə gələrək oğlunun qəbri üzərində torpağı başına çevirib, onun ana fəryadı bu gün də eşidənlərin qulağından getmir.

Oxucuları çox həyəcanda saxlamayaq. Yəqin ki, haqqında bəhs etdiyimiz xanımı orta və yaşlı nəslin nümayəndələri yaxşı tanıyır. Gənc nəslin də xalqı, eli-obası üçün başucalığı gətirən belə bir soydaşımızı tanıyıb ondan müəyyən örnək götürmələrində fayda olduğunu düşünürük. 1947-ci ildə Kürdəmir rayon mərkəzində dünyaya gələn Sevil Osmanova orta məktəbi bitirdikdən sonra Atakişili kəndinə gəlin köçüb. Ailənin maddi imkanlarının zəif olması səbəbindən yolunu pambıq sahəsindən salıb. 1968-ci ildə əllə pambıq yığmağa başlayıb.

Orta məktəbdə oxuduğu illərdə maşinist traktorçuluğu müəyyən qədər öyrəndiyi üçün ilk mərhələdə iki qızla birlikdə texniki peşə məktəbinə sürücü mexaniklik kursuna yazılır. Əvvəlcə pambıq əllə yığılır. Sonradan mexanizator qismində maşınla pambıq yığımına başlayır.

Zamanla Sevil xanımın əmək uğurları artmaqda davam edir. Təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, işə can yandırması onun həyat yolunda yaşıl işıq yandırır. Onu komsomolçu gənclər briqadasına başçı seçirlər. Artıq 25 qıza rəhbərlik edirdi. Briqadaya 30 hektar maşınla yığmaq, 150 hektar isə əllə yığmaq üçün sahə ayrılır. Həmin sahədən 1971-ci ildə 350 ton pambıq götürür. 30 hektarlıq sahədən isə maşınla birinci yığımda 50, ikincidə 25 ton pambıq toplayır.

Artıq Sevil Osmanova respublikada tanınmağa başlamışdı. Qurultayların nümayəndəsi kimi Kürdəmiri layiqincə təmsil edirdi. Ümummilli lider onun əməyini yüksək qiymətləndirir. 1973-cü ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1976-cı ildə “Lenin” ordeni ilə təltif olunur. 1980-ci ildə isə “Əlaçı pambıqçı” döş nişanına layiq görülür. 1978-ci ildə isə “QAZ-24” minik avtomobili ilə mükafatlandırılır. Fəxri fərman və fəxri diplomlarla təltifləri davam edir. 10 il dalbadal sosializm yarışlarında qalib gələrək döş nişanlarına təqdim edilib. Dəfələrlə Moskvada nailiyyətlər sərgisində iştirak edib. Qəhrəmanımız müstəqillik dövründə də diqqətdən kənar qalmır, Prezident İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif olunub.

Sevil Osmanova heç zaman unutmayacağı və onun üçün əziz olan bir xatirəni bizimlə bölüşür: “1981-ci il idi. Ümumilli lider Heydər Əliyev Kürdəmirə səfərə gəlmişdi. Hamı səbirsizliklə onun qatardan düşməsini gözləyirdi. Mən də rayon partiya komitəsi bürosunun üzvü olduğum üçün ön sıralarda idim. Heydər Əliyev qatardan düşərkən ona gül təqdim olunmalı idi. Lakin elə bil heç kim buna cəsarət etmirdi. Hətta bu işin həvalə olunduğu xanım da yerində donub qalmışdı. Vaxtı itirmək olmazdı. Rayonumuzun ali qonağına “xoş gəldin” etmək lazım idi. Ona görə də gül dəstəsini həmin xanımın əlindən alaraq qatardan düşən kimi ulu öndərin qarşısına çıxaraq ona təqdim etdim. Heydər Əliyev gül dəstəsini alıb gülə-gülə mənə diqqət göstərdi, təhsilimlə maraqlandı. Əsas tövsiyələrindən biri isə mütləq ali təhsil almağımla bağlı oldu”.

Sevil ali təhsil ala bilməsə də Şamaxı kənd təsərrüfatı texnikomunun meyvə-tərəvəzçilik fakültəsini bitirərək aqronom ixtisasına yiyələndi.

Qəhrəmanımız digər pambıq əkilən ittifaq respublikaları ilə də sıx əlaqələr qurub. Harada maraqlı bir yenilik görsə onu məhz öz rayonunda, rəhbərlik etdiyi təsərrüfatda tətbiq etməyə çalışıb. Özünün dedikləri: “1978-ci ildə kənd təsərüfatı naziri Hüseynbəyov və Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri Lidiya Rəsulova ilə birlikdə Özbəkistana səfər etdik. Digər nümayəndələr Daşkənddə qalsa da, mən “Bakinskiy raboçiy” qəzetinin müxbiri Gennadi Beskorovaninlə birlikdə Səmərqəndə gedərək oradakı yoxlama briqadasında olduq. Pambıq sahələrinə baxarkən onların iş təcrübəsi, bol məhsulun əldə olunmasına yönəlik yanaşmaları diqqətimi çəkdi. Rayona gələn kimi gördüklərimlə bağlı pambıqçılar qarşısında çıxış etdim. Həmun il pambıq həm maşın, həm də əl ilə yığılmaqla ikiqat effekt verdi. Əvvəlki illərdən fərqli olaraq artıq əkinçilikdə peyin şirəsindən istifadə olunmağa başlanmışdı. Bu iş çox sadədir: əvvəlcə sahənin başında quyu vurulur, peyin gətirilib tökülür və 10 günlərlə orada suyun içərisində qalır və suvarma vaxtı sahəyə buraxılır. Bu da torpağın münbitləşməsi üçün əvəzi olmayan bir vasitəyə çevrilir. Doğrudur azot, fosfor və sair kimyəvi tərkibli gübrələr də lazımdır. Lakin bol məhsulun əsas təminatçısı üzvi gübrədir və becərmədə bu xüsusi əhəmiyyətə malikdir”.

S.Osmanova rayon partiya komiəsinin bürosunun qərarı ilə 1983-cü ildə ən böyük və geridə qalan təsərrüfatlardan olan, 6 min əhali və 10 min hektar torpaq sahəsindən ibarət “Nizami” adına kolxozun idarə heyətinin sədri təyin olunur. Kolxoz 5 kənd - Mürtülü, Təhlə, Dəyirmanlı, Yenikənd və Qarabucaq kəndlərindən ibarət idi. Ətalət içərisində olan bir təsərrüfat çox keçmədən birincilər sırasında yerini tutur. 6 il bu təsərrüfata rəhbərlik edir.

1990-1998-ci illərdə yenidən pambıq əkini ilə məşğul olur. 2000-ci ildə isə Respublika Pambıq Toxumu Nəzarəti Stansiyasına aqronom təyin olunur. 2015-ci ildə idarə ləğv olunana qədər orada çalışır.

Sevil xanım deyir ki, pambıqçılıq gəlirli sahədir. Ondan ikiqat yapışmaq lazımdır. İnsanlar zamanında məhz pambıqçılıqla məşğul olmaqla övladının toyundan tutmuş, cehiz almaq, ev tikməyə kimi problemlərini həll ediblər. Elə ailə olub ki, bir gündə 1-1,5 ton pambıq yığıb. Bu da sözsüz ki, az vəsait deyildi. Bir ongünlükdə 1300-1500 manat pul alan ailələr olub.

Sevil Osmanova inanır ki, inşallah zamanla zəhmət çəkən insanlar yenə də pambığın bəhrəsini görmək imkanı qazanacaq və öz rayonlarına xeyir verə biləcəklər. Məqsədi 2017-ci ildə sahə götürərək Ağakişili kəndi ərazisində pambıq əkməkdir. Bunun üçün özündə yetəcək qədər güc hiss edir. Bununla həm yenidən sevdiyi bir sahəyə qayıtmaq, həm də çoxlu sayda insanın uyğun həcmdə vəsaitlə təminatına dəstək vermək düşüncəsindədir. Artıq bu məqsədlə əkin üçün 30 hektar torpaq sahəsinin əldə edilməsi razılığını da alıb.

Sevil xanım işinin çoxluğuna, vaxtının azlığına baxmayaraq həm də qayğıkeş anadır. 3 oğul, bir qız övladı, 10 nəvə və 8 nəticəsi var.

Deyir ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin Sabirabad səfərini televizorda seyr edib. Səfər çərçivəsində ölkə başçısının ilk növbədə avtomobildən enərək pambıq sahəsinə düşməsi, orada Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova ilə görüşməsi, pambıqçılarla bir çay süfrəsi arxasında əyləşməsi onu uzun illər əvvələ qaytarıb. O anda ümummilli lider Heydər Əliyevi göz önünə gətirib. Deyir ki, ulu öndər də zəhmətkeş insanlara qarşı bu cür davranar, qayğıkeşlik edərdi. Bu, insanların pambığa qayıdışı üçün çox vacib stimuldur.

Sevil xanım eyni zamanda rəssamlıq qabiliyyəti olmaqla gözəl əl işləri hazırlayır. Buta, milli bayrağımız və sair onlarla mövzuda olan əl işlərinin müəllifidir. Hətta əl işlərini Bakıdan gəlib apararaq Budapeştdə keçirilən Azərbaycan ongünlüyündə də nümayiş etdiriblər. Prezident İlham Əliyevə həsr etdiyi “Ömür yolu” adlı şeiri də var.

Sevil Osmanova söhbətimizin yekununda indiki dövrlə bağlı fikirlərini belə ifadə etdi: “Kənd təsərrüfatına qarşı münasibət mütləq dəyişilməli idi. Bu sahədən ikiəlli yapışmaq lazımdır. Onsuz heç nə etmək mümkün deyil. Ərzaq təhlükəsizliyimiz torpaqdan keçir. Heydər Əliyevin tez-tez təkrar dediyi bir kəlam var idi: torpağa düşməsin bir dən, çörək bol olarsa basılmaz vətən. Doğrudur bu fikir taxıla aiddir. Lakin pul olmasa çörəyi nə ilə ala bilərsən? Pambığın itmiş şöhrəti mütləq qaytarılmalıdır. Bu həmişə lazım olan məhsuldur. Strateji əhəmiyyəti də boşuna deyilmir. Ondan sürtkü yağı, vazilen, ətir alınır, çiyidindən isə silah istehsalında istifadə olunur. Prezident İlham Əliyevin yenidən aqrar sektorun, o cümlədən pambıqçılığın inkişafına verdiyi təkan düşünürəm ki, xalqımızın güzəranının yaxşılaşmasına sanballı töhfə olacaq. Ən böyük həqiqət budur ki, Heydər Əliyevin sayəsində evinə ruzi, bərəkət gətirən kəndlilər bu gün İlham Əliyevin vasitəsilə yenidən böyük gəlir sahibinə çevrilirlər”.

Bəli, artıq pambıq qəhrəmanları yenidən pambıq sahələrinə qayıdırlar...

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2016.- 16 oktyabr.- S.9.