Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 15-də Naxçıvanqala Tarix-Memarlıq Muzey KompleksindəArıçılıq məhsulları - bal festivalıkeçirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, bu il ərzində qədim tariximizi yaşadan “Naxçıvanqala”da 5 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Arıçılıq insan məşğuliyyətinin ən qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahəyə tarixən göstərilən diqqətin nəticəsidir.

Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru-dosent Elsevər Əsədov çıxış edərək deyib ki, Naxçıvanın coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olub. Bu sahələrdən biri də xalqımızın təsərrüfat və məişət həyatında əsas yerlərdən birini tutan arıçılıqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunurdu. Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artırılıb. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verironlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür.

Şərur rayon Düdəngə kənd sakini, arıçı İbrahim Qasımov minnətdarlıq edərək deyib: Festivalın keçirilməsi Naxçıvan balının tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən dəstək, arı ailələrinin paylanması, baytarlıq xidmətinin təşkili və bazara rahat çıxış imkanının olması arıçılığın inkişafına və bal istehsalının artmasına imkan verir. Təsərrüfatların genişləndirilməsi üçün həm dövlət dəstəyi, həm də mövcud təbii şərait vardır. Gəlirli sahə olan arıçılıqla bundan sonra da məşğul olacaq, məhsul istehsalını artıracağıq.

Ali Məclisin Sədri arıçılara təşəkkür edib, arıçılığın elmi şəkildə öyrənilməsi və çoxaldılması, arıçıların iştirakı ilə konfransların keçirilməsi və onların məlumatlandırılması, muxtar respublikanın rayonlarında arıçılıq ləvazimatlarının və dərmanlarının satış mağazalarının yaradılması, bu sahənin inkişafında yeni texnologiyaların tətbiqi, balın sənaye üsulu ilə qablaşdırılması və ixracı barədə aid təşkilatlara tapşırıqlar verib.

 

Azərbaycan.- 2016.- 16 oktyabr.- S. 12.