Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Əlamətdar bayramınız – respublikanızın Müstəqillik Günü münasibətilə Sizibütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan inkişaf yolunda uğurla irəliləyir. Biz, Sizin ən yaxın qonşularınız, ölkənizin qazandığı möhtəşəm müsbət nəticələri görəndə xüsusilə sevinirik. Biz sizin dövlətçiliyinizin möhkəmlənməsinə və vətəndaşlarınızın sosial rifahının yaxşılaşmasına yönəlmiş genişmiqyaslı dəyişikliklərin şahidləriyik. Azərbaycan həqiqətən ilk növbədə öz vətəndaşlarının mənafeyinə, onların xeyirxah iradəsinə əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə öz mövqelərini gücləndirir. Müasir çoxkonfessiyalı dövlət qədim milli ənənələrə riayət edilməsinə və ölkənizdə mehriban bir ailə kimi birlikdə yaşayan bütün xalqların mənəvi dəyərlərinə hörmətə əsaslanan möhkəm təməl üzərində qurulur. Bu, respublikanızı bir sıra dövlətlər üçün nümunəyə çevirir.

Rusiya üçün Azərbaycan sadəcə strateji əhəmiyyətli tərəfdaş deyil. Biz bu qardaş xalqla birlikdə uzun qəhrəmanlıq yolu keçmişik. Əminəm ki, dövlətlərimiz arasında dostluq münasibətləri xalqlarımızın naminə bundan sonra da dinamik inkişaf edəcək və bütün Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinə kömək göstərəcək.

Ən səmimi arzularımı qəbul edin, Sizə yeni uğurlar diləyirəm. Qoy Azərbaycanın hər bir vətəndaşı xoşbəxt olsun.

Hörmətlə,

 

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı

 

Azərbaycan.- 2016.- 18 oktyabr.- S. 3.